Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

Övliyalar ölüm ayağında

Kim ölümü çox yada saldısa, dünyaya əsir olmadı

Ölüm kafir və zalımlar üçün cəhənnəmə, mömin və təqvalılar üçün behiştə bir qapıdır. Peyğəmbər (s) və məsum imamların, eləcə də onların həqiqi ardıcıllarının ölümdən sonrakı həyata etiqadı elə bir həddə olub ki, daim ölüm intizarında olublar.
İlahi peyğəmbərlər, imamlar, övliyalar və rəbbani alimlərin ölüm ayağında yaşadığı hislər onların ölümdən sonrakı həyata əminliyindən danışır. Ölüm qorxusunu candan çıxarmaq üçün ən düzgün yol axirət həyatına inamı gücləndirməkdir. Əbədi həyata inananların ölüm astanasındakı durumları ibrətamizdir.

İslam peyğəmbəri (s) ölüm yatağında idi. Həzrət ömrünün son dəqiqələrini yaşayırdı. Qəfildən qapı döyüldü. Xanım Fatimə (s.ə) qapı arxasındakı şəxsin kimliyini soruşdu. Səs eşidildi ki, mən bir qəribəm, Allah rəsulunun görüşünə gəlmişəm. Xanım Fatimə (s) buyurdu: “Allah səni bağışlasın, geri qayıt. Allahın rəsulu xəstədir.” Həmin şəxs getdi, bir müddət sonra yenidən qayıtdı, növbəti dəfə Peyğəmbərlə (s) görüş üçün icazə istədi. Bu zaman Peyğəmbər (s) xanım Fatiməyə (s.ə) buyurdu: “Fatiməcan! Bilirsənmi o qərib kimdir? O izdihamı dağıdan, ləzzətləri unutduran kəsdir. O ölüm mələyidir. And olsun Allaha, məndən başqasının ruhunu almaq üçün icazə almayıb və almayacaq. Allah yanında məqamıma xatir icazə istəyir. İcazə ver, otağa daxil olsun.” Həzrət Fatimə (s.ə) buyurdu: “Allah sənə mərhəmət buyursun. Otağa daxil ol.” Əzrail nəsim kimi aramcasına otağa daxil oldu. Peyğəmbər (s) əhlini salamladı və həzrət Peyğəmbərin (s) ruhunu ərşi-əlaya qaldırdı.
Həzrət Peyğəmbərin (s) rehlətindən sonra onun vəsi və canişini Əmirəlmöminin (ə) həzrətin fərağında belə bir şer oxudu: “Ölüm nə ata, nə də oğuldan keçmir; Ölümü hamıya daddırana qədər bu iş davam edir; Ölüm hətta Peyğəmbəri (s) ümmət üçün saxlamadı; Ondan qabaq birini saxlasaydı, onu da saxlayardı; Biz yayınmayan ölüm oxlarının hədəfindəyik; Bu ox bu gün də olmasa sabah sorağımıza gələcək...”

Həzrət Süleymanın ölüm məqamı çatan zaman o səhabələrinə buyurdu: “Allah mənə kimsəyə vermədiyi bir mülk verdi. Küləyi, insanları, cinləri, heyvanları, quşları hökmümə tabe etdi. Mənə quşların dilini öyrətdi, bütün nemətlərdən əta buyurdu. Sarayın banına çıxıb, məmləkətimə baxmaq istəyirəm. Arxamca kimsə gəlməsin.” Əsasını əlinə alıb, qəsrinin ən yüksək nöqtəsinə qalxdı. Göz işlədikcə məmləkətə nəzər saldı. Allahın ona verdiklərindən ürəyi açıldı. Birdən yanında xoş simalı gənc gördü. Dedi ki, səni buraya kim buraxıb? Həzrət Süleyman tək qalmaq istəyirdi. Gənc dedi: “Bu qəsrin sahibi olan Allah mənə icazə verib.” Süleyman buyurdu: “Qəsrin Rəbbinin haqqı var. Sən kimsən?” Gənc dedi ki, o ölüm mələyidir. Süleyman onun gəlişinin səbəbini soruşdu. Ölüm mələyi dedi ki, sənin ruhunu almağa gəlmişəm. Süleyman dedi: “Sənə əmr olunan işi yerinə yetir. Bu gün istədim qəlbim açılsın. Allah isə mənim sevincimi Öz görüşündə qərar vermək istədi.” Ölüm mələyi həzrət Süleymanın ruhunu aldı. Qarışqalar Allahın əmri ilə Süleymanın əsasını yeməyə başladılar. Yalnız yerə yıxıldığı zaman ətrafdakılar həzrət Süleymanın dünyadan getdiyini başa düşdülər.

Allah-Taala həzrət İbrahimin ruhunu almaq istədiyi zaman ölüm mələyini onun sorağına göndərdi. Ölüm mələyi İbrahimin görüşünə gəlib, salam verdi. İbrahim dedi: “Salam olsun sənə, ey ölüm mələyi. Məni Allahıma doğru dəvət etməyə gəlmisən, yoxsa ölüm xəbəri gətirmisən?” Əzrail dedi: “Gəlmişəm ki, səni öz razılığınla Rəbbinə doğru aparım. İbrahim sual verdi: “Dostun öz əziz dostunu öldürdüyünü görmüsənmi?” Əzrail İbrahimin bu sözlərini Allaha çatdırdı. Allah buyurdu: “İbrahimə de ki, mehriban aşiqin məşuqla görüşdən qaçdığını görübmü?” İbrahim bu sözləri Əzraildən eşidib dedi: “Həqiqətən də həbib məhbubu ilə görüş iştiyaqındadır.”

Həzrət İdris daim oruc olardı, dünyaya heç bir bağlılığı yox idi. Onun ibadətləri mələkləri təəccübləndirirdi. Nəhayət, bir gün ölüm mələyi İdrisi görmək üçün Allahdan icazə istədi. Ölüm mələyi insan simasında İdrisin görüşünə gəldi. İdris onu süfrəyə dəvət etdi. Mələyin süfrəyə əyləşmədiyini görüb, onun kim olduğunu soruşdu. Əzrail ölüm mələyi olduğunu bildirdi və dedi ki, İdrisin ziyarətinə gəlib. İdris Əzraildən onun ruhunu almasını istədi. Əzrail dedi ki, bu yalnız Allahın əmri ilə mümkündür. Bu zaman Allah ölüm mələyinə əmr etdi ki, İdrisin ruhunu alsın. Əzrail İdrisin ruhunu aldı və Allah həmin an onu yenidən həyata qaytardı. Əzrail soruşdu ki, ölümü necə gördün? İdris ölümün çox ağır və dəhşətli olduğunu dedi. Ölüm mələyi sual verdi: “Bəs nə üçün ölmək istədin?” İdris dedi: “Ölümün çətinliyini dadıb, ona hazırlaşmaq istədim.”

Həzrət Musanın ömrü sona çatanda Əzrail onun görüşünə gəlib dedi: “Salam olsun sənə ey Musa!” Musa Əzrailin salamını alıb, onun kim olduğunu soruşdu. Əzrail ölüm mələyi olduğunu dedi. Musa onun nə üçün gəldiyini soruşdu. Əzrail onun ruhunu almaq üçün gəldiyini söylədi. Musa soruşdu ki, ruhumu hansı əzamdan çıxaracaqsan? Əzrail cavab verdi ki, ağzından. Musa dedi: “Mən bu ağızla Allahla söhbət etmişəm. Nə üçün ağzımdan?” Əzrail dedi: “Əllərindən çıxararam.” Musa dedi: “Mən bu əllərlə Tövratı götürmüşəm.” Əzrail dedi ki, gözlərindən çıxararam. Musa dedi: “Mənim bu gözlərim Allahın rəhmətinə dikilib.” Bu dəfə Əzrail Musanın ruhunu ayaqlarından çıxaracağını dedi. Musa dedi: “Mən bu ayaqlarla Tur dağına minacat üçün getmişəm.” Əzrail dedi ki, onda canını qulaqlarından çıxararam. Musa dedi: “Mən Allahın sözlərini bu qulaqlarla eşitmişəm.” Allahdan hökm gəldi ki, ey Əzrail Musa nə vaxt istəsə, o vaxt onun canını alarsan. Bir gün Musa bir şəxsin qəbir qazdığını gördü. Ona kömək təklif etdi. Kişi Musanın təklifini qəbul etdi. Qəbir qazılıb qurtarandan sonra Musa qəbirə uzandı ki, onun düzgün ölçüdə qazıldığına əmin olsun. Həmin an Allah onun gözündən pərdəni qaldırdı və Musa özünü behiştdə gördü. Allahdan istədi ki, onun ruhunu alsın. Əzrail Musanın ruhunu alıb həmin qəbri torpaqladı. Əslində qəbir qazan kişi Əzrail özü idi.

Həzrət Peyğəmbər (s) və məsum imamlar həddində ölüm və axirət barədə aydın təsəvvürlü şəxs olmayıb. Onların buyuruqları ölüm, məad, axirət həyatı ilə tanışlıqda ən münasib mənbə sayıla bilər.

Həzrət Peyğəmbər (s) buyurur:
Ölümdən qaçmaq mümkün deyil. O hər kəsə öz azuqəsini qaytarır. Axirət istəyənlərə asayiş və rahatlıq, dünya istəyənlərə bədbəxtçilik və peşmançılıq gətirir.
Möminin dünyadan gedişi uşağın qaranlıq ana bətnindən işığa çıxması kimidir.
Ölüm mömin üçün ətirli çiçəyi qoxlamaq kimidir. İnsan ölümlə ya rahatlaşır, ya da rahatlığını əldən çıxarır. Mömin bəndə Allahın rəhmətinə qovuşmaqla dünya çətinliklərindən xilas olur, günahkar bəndə öləndə dünya və dünyadakılar onun əlindən xilas olur.
Ən böyük zöhd ölümü yada salmaq, ən böyük ibadət düşünməkdir. Vücudundan ölüm fikri əskik olmayan insan öz qəbrini cənnət bağına döndərib.
Dünyanızı qurun və axirət üçün elə çalışın ki, sanki sabah öləcəksiniz.
Kim sabahı öz ömründən sayırsa ölümü anlamayıb.
İstəklərini azalt ki, yoxsulluq asan olsun. Günahlarını azaltsan, ölüm asanlaşar.

Həzrət Əli (ə) buyurur:
Ölüm fürsətləri əldən çıxarmaqdır. O qapını döyənə qədər azuqənizi hazırlayın.
Dünyadan köçmək qəfil olur, buna görə də tez hazırlaşın.
Ölüm axirətə açılan qapıdır. Ölüm fəna evini tərk edib, əbədiyyət evinə köçməkdir.
Ölüm fikri dünyanı insanın gözündə kiçildər.
Özünüzü behişt nemətlərinə həvəsləndirin ki, ölümü sevə biləsiniz.
Təəccüb edirəm o kəsə ki, hər gün ömrünün azaldığını görə-görə ölümə hazırlaşmır.
Əgər ölümü satın almaq olsaydı, varlılar onu alıb həmişə dünyada qalardılar.
Ölümə əminliklə baxan onu yanında gördü.
Axirət qazancı olmayandan böyük ziyankar yoxdu.
Axirət azuqəsi paklıq və təqvadır.
Sorğu-sual, hesab günü üçün çalışın.
Axirətə əmin olan dünyaya tamah salmır. Dünya üçün elə çalış ki, sanki həmişə dünyada qalacaqsan. Axirət üçün elə çalış ki, sanki sabah öləcəksən.
Həqiqətən, sən axirət üçün yaradılmısan. Beləsə, axirət üçün çalış. Dünya üçün yaradılmadığından ondan uzaq dayan.
Axirət sizin üçün əbədilikdir. Bu əbədi yeriniz üçün hazırlaşın.
Əbədi axirət sarayı doğruçular və salehlərin yeridir.
Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) deyir: “Övladım! Ölüm haqqında çox düşün. Ölümdən sonranı gözün qarşısında canlandır və hazırlaş. Elə olmasın ki, qəfildən sorağına gəlsin. Axirət barədə çox düşün. Onun neməti də, əzabı da yadında olsun. Bu fikir sənin qəlbini dünyadan döndərər və dünya gözündə əhəmiyyətsiz olar.
Dünya davamsız yalan, sönükən işıqdır. Dünya çəkilməkdə olan kölgə, yıxılmaqda olan sütundur.
Zaman bədənləri təravətdən salar, həvəsləri gücləndirər, ölümü yaxınlaşdırar, arzuları uzaqlaşdırar. İnsan əldə etdiyindən yorular, əldə edə bilmədiklərinə görə əzab çəkər.
Hər nəfəs ölümə doğru bir addımdır.
Dünya və axirət bir-birinə düşməndir, iki ayrı yoldur. Dünyanı sevən axirətə düşmən oldu.
Dünya və axirət şərq və qərb kimidir. Bunların arasında hərəkət edən birinə yaxınlaşanda o birindən uzaqlaşar.
Allahın bir mələyi var, hər gün belə nida çəkər: “Ölüm üçün doğun, dağıtmaq üçün toplayın, viran qoymaq üçün qurun!”
İnsanın dünya məqsədi ölüm oxlarının hədəfindədir. Bəlalar və müsibətlər onun məhvinə tələsər. Hər qurtum suda və hər loğma təamda nəfəsin kəsilməsi qorxusu var.
Biz insanlar ölümün yoldaşlarıyıq, canlarımız qəfil ölümün hədəfindədir. Əbədiliyətə necə ümid edək ki, ötən gecə və gündüz viranlıq və dağıntı ilə yadda qalıb.
Dünya acılığının sonu axirət şirinliyidir. Dünya şirinliyinin sonu axirət acılığıdır.

İmam Həsən (ə) buyurur:
Möminlər üçün ən böyük sevinc ölümdür. Mömin insan əzab-əziyyət məskənindən nemət dolu əbədi məskənə köçür. Kafirlər üçün ən böyük fəlakət də ölümdür.

İmam Səccad (ə) buyurur:
İnsan üçün 3 ağır an var: Ölüm mələyini gördüyü an, qəbirdən qalxdığı an, Rəbbinin hüzurunda dayandığı an.
Mömin üçün ölüm çirkli libası çıxarıb, zəncirlərini qoparıb atmaq kimidir. Əvəzində iftixarlı və ətirli libaslar geyinir, rahat miniklərlə əmin-aman mənzillərə yola düşür. Kafir üçün ölüm iftixarlı libasları çıxarıb çirkli libas geymək, rahat mənzildən əzab-əziyyət ağuşuna köçməkdir.
Üstün ölüm odur ki, insan günahlarına tövbə etsin və xeyir əməl içində Allahın görüşünə getsin.

İmam Sadiq (ə) buyurur:
Kim asan can vermək istəyirsə, ata-anasına, yaxınlarına yaxşılıq etsin. Bu işləri görsə həyatında nadanlıqdan əziyyət çəkməz, çətinliklə ölməz.
Ey insanlar! Dünyanı abad edib, axirəti viran qoyduğunuzdan abadlıqdan xarabalığa getmək istəmirsiniz.
Ölüm nə vaxt səni yaxalayacağı məlum olmayan bir dəhşətdir. Nə üçün o gəlib çatmamış hazırlaşmayasan?!
Ölümü çox yada sal. Kim ölümü çox yada saldısa, dünyaya əsir olmadı.
Ölümü xatırlamaq nəfs istəklərini öldürər, insanı qəflət halından çıxarar, insan qəlbində ilahi vədlər güclənər, tamah nazilər, azğın istəklər haldan düşər, dünya insanın gözündə kiçilər.
Ölüm mömin üçün ən xoş ətir kimidir. Bu ətirlə bütün əzab-zəiyyətlərə son qoyular. Kafir üçün ölüm ilahi və əqrəbin çalması kimi, hətta daha ağrılıdır.
Dünya neməti sağlamlıq və asayişdir. Bunların ən kamili axirətdədir. İnsan behiştə daxil olana qədər çatdığı nemətlər kamilləşməyib.

İmam Kazim (ə) buyurur:
Ölüm bir süzgəcdir. O möminlərin günahlarını, kafirlərin yaxşı işlərini ayırıb saxlayar. Ölüm mömin üçün son ağrı, kafir üçün son asayişdir.

Nur-az.com