Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2015

Haqqın susmayan canlı səsi

Məddahlıq və yalan vicdanını itirənlərin əsas silahidir

Konfutsi


Həqiqət elə bir güclü silahdır ki, yalanlar üstündə qurulan bütün rejimlər ondan qorxur. Buna görə də tarix boyu hər zaman haqqı deyən, həqiqəti car çəkən insanlar zorla susdurulub, zindanlara atılıb, dərisi soyulub, boynu vurulub. Amma zaman artıq sübut edib ki, həqiqəti məhv etmək mümkün deyil.


Bu gün dünya elə bir inkişaf dövrünə gəlib çatıb ki, artıq insanları zorun gücünə, hakimiyyətin verdiyi hüdudsuz səlahiyyətlərlə idarə etmək lazım gəlmir. Bu gün polemika, dialoq əsridir. İnkişaf etmiş ölkələrdə insanlara söz demək, öz fikirlərini kütlələrə çatdırmaq hüququ tanınır ki, onların nə istədikləri, hansı məqsədləri olduğu anlaşılsın. Hakimiyyət mənsubları xalqla daim polemika halında olmalıdır ki, onun dərdlərindən, problemlərindən, insanları narahat edən məsələlərdən vaxtında xəbər tutsunlar və lazımı tədbirlər görərək narazılığı yoluna qoysunlar.


Tarixi əsərlərdən, yazılı mənbələrdən məlumdur ki, əsrlər boyu saray əyanları xalqla hökmdarlar arasında “dəmir pərdə” rolunu oynayaraq onları real vəziyyətdən bixəbər saxlayıblar. Hər şeyin yaxşı olduğunu, ölkə əhalisinin rifah içində yaşadığını deyərək həqiqətləri gizlətməyə çalışıblar. Qorxublar ki, xalqa verdikləri zülm və işgəncələr üzə çıxar, dövlət xəzinəsini talan etdiklərinə görə cavab verməli olarlar. Hökmdara həqiqəti yalana bürüyərək çatdıran əyanlar şahın etdiyi “yaxşılıqlar” müqabilində rəiyyətin "qudurğanlıq” göstərdiyini, “naşükür” olduqlarını öz gündəlik məlumatlarına əlavə etməyi də heç vaxt unutmayıblar. Ara-sıra qalxan və amansızlıqla yatırılan üsyanları da məhz bu səbəblərlə əlaqələndiriblər.


XXI əsri orta əsrlərdən uzun zaman məsafəsi ayırmasına baxmayaraq, bəzi ölkələrdə hələ də o illərin qayda-qanunları hökm sürməkdədir. Qanunun şah olmadığı, rüşvətin bütün “qapıları açmaq” gücündə olduğu belə ölkələrdən biri də Azərbaycandır. Məni mübaliğə etməkdə, “rəngləri” tündləşdirməkdə ittiham etməyə tələsənlər zəhmət çəkib son illər baş verən hadisələrə nəzər salsınlar. Siyasi həbslər dalğasının güclənməsi, həqiqəti deyən insanların hədələnməsi, döyülməsini bəlkə demokratiyanın təntənəsi kimi qəbul edək?


4 il bundan əvvəl, 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov da Baş Məclisin toplantısında etdiyi çıxışında həqiqətləri, Azərbaycandakı real durumu açıqlamışdı. Partiya sədri ölkə rəhbərinin diqqətini getdikcə çiçəklənən korrupsiya və rüşvətxorluqla mübarizənin effektivsizliyinə, dövlət tərəfindən regionların, təhsilin, tibbin inkişafına ayrılan vəsaitlərin məmurlar tərəfindən talan edilməsinə, ölkədə getdikcə çoxalan intihar hallarına, bölgələrdə kütləvi işsizliyə və digər neqativ hallara yönəltməyə çalışmışdı.

Amma nə baş verdi?

Cəmi 5 gün sonra, yanvarın 7-də AİP sədri saxta ittihamlar əsasında, “ üzəduran”ların köməyi ilə həbs olundu.
Onun həbsi cəmiyyətdə rezonansa səbəb oldu və böyük narazılıqla qarşılandı. Təbii ki, qondarma ittihamlara inanan tapılmadı. Çünki hamı hacı Mövsümün hansı əxlaq, hansı mədəniyyət sahibi olduğunu, vətənini, xalqını çox böyük məhəbbətlə sevdiyini bilirdilər. Mövsüm Səmədovun vicdan məhbusu elan edilməsi də bu baxımdan gözləniləndi.

AİP sədrinin həbsindən artıq 4 il ötür . Vəziyyət isə dəyişməz olaraq qalır.

Bu gün məhbəslərdə günahsız yerə əzab çəkən, səhhətində ciddi problemlər yaranan, amma möhkəm iradəsini qoruyub saxlamış Mövsüm Səmədov özü və ailəsi üçün, şəxsi mənfəəti xatirinə heç nə istəmirdi. Onun yaxşı dolanmaq üçün kifayət qədər imkanı vardı. Bacardığı qədər yoxsullara kömək də edirdi. Onu narahat edən, düşündürən əsas problem millətin dərdi idi. İstəyirdi ki, Azərbaycan xalqının güzəranı yaxşı olsun, mənəvi-əxlaqi cəhətdən kamilləşsinlər, haramdan uzaq olsunlar, övladlarını vətənə, torpağa məhəbbət ruhunda tərbiyyələndirsinlər. Bu cür ülvi arzularla yaşayan insana zindanı necə rəva görmək olar?

Allah onun və digər günahsız məhbusların qapısını açsın.


Vüqar İbayev

AİP-in təşkilati məsələlər üzrə sədr müavini

İslaminsesi


1189 بازدید