Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2015

Namaza diqqət və ilahi hüzur

Merac hədisində oxuyuruq: “Ey Məhəmməd, bəndələrimdən üç dəstəsinə təəccüb edirəm: Namaza dayanıb əllərini kimə doğru qaldırdığını, kimin qarşısında dayandığını bildiyi halda yuxulu olan bəndəmə; bu gün üçün ruzisi olduğu halda, sabahki ruzi üçün çalışan bəndəmə; Ondan razı olub-olmadığımı bilmədiyi halda xoşhal olan bəndəmə!”
Rəvayətdə elə bir nöqtəyə işarə olunur ki, o hamımızın dərdidir. Bəli, əksərimiz yetərincə məlumatlı olduğumuz halda, namaza diqqətsiz yanaşırıq. Hamımız bilirik ki, qıldığımız namazlar övliyaların namazı kimi deyil. Onu da bilirik ki, namazımızda Quran və rəvayətlərdə, zikr olunmuş xüsusiyyətlər yoxdur. Amma sakit halda öz məsuliyyətsiz münasibətimizi davam etdiririk. Olduqca təhlükəli bir haldır. Ona görə də namazımızdakı nöqsanları aradan qaldırmağa, qəlbimizin iştirakı ilə kamil namaz qılmağa çalışmalıyıq. Biz namaz vasitəsi ilə hansı məqama çata biləcəyimizi və namazı yetərli şəkildə qılmadığımızdan hansı uçuruma yuvarlanacağımızı yaxşı götür-qoy etməliyik.
İlahi övliyaların ibadətlərini nəzərdən keçirib, öz ibadətimizi onların ibadəti ilə müqayisə etsək yaxşı olar. Yalnız kamil nümunə ilə müqayisə zamanı işin nöqsanı ortaya çıxır. 

Həqiqi namaz və onun mahiyyəti

Namaz Allah qarşısında bəndəliyin izharıdır. İnsan namaz məqamında əlini Allah dərgahına qaldıraraq, öz kiçikliyini etiraf etməlidir. Namaza duran insan kimin qarşısında dayandığını anlamalı və Allahın əzəmətini hiss edərək diqqətli və təvazökar olmalıdır.
Çoxlarımız namaz qılarkən on illər qabaq baş vermiş hadisələri xatırlayır, yalnız namazın salamını verərkən namazda olduğumuzu yada salırıq. Allahın qarşısında dayanıb, ona diqqətsizlik göstərərək, başqa şeylər haqqında düşünmək necə də çirkindir! Allah-təala Qurani-məciddə bu xüsusiyyətin münafiqlərə aid olduğunu bildirir. (“Tövbə”, 54.) Rəvayətdə bildirilir ki, namaz qıldığı halda fikiri başqa yerdə olan insan ulağa çevriləcəyindən qorxmurmu?! Bəli, namazda Allaha diqqətsizlik nə qədər çirkin işdir ki, bu sayaq namaz qılan insan hətta ulağa çevrilməyə layiq görülmüşdür. Necə ola bilər ki, insan böyük bir varlığın qarşısında dayandığı halda, tamamilə başqa şeylər haqqında düşünə?! Allah tərəfindən xəlq olunmuş, padşahlıq taxtına oturmuş bəndənin qarşısında diqqətlə dayanan insanın Allah qarşısındakı diqqətsizliyinə nə ad vermək olar?! Demək, insan öz Allahına hətta bir bəndə qədər də diqqət yetirmir!
Əgər biri ilə danışdığınız vaxt həmin şəxs üzünü yana döndərsə, sizə necə təsir edər? Bəli, Allah cisim deyil və Ondan üz çevirmək mümkünsüzdür. Amma Allaha diqqətsizlik qəlbə aid olan bir haldır. Namaza dayanıb başqa şeylər haqqında düşünən insan əslində Allahdan üz çevirmişdir. Allahın hüzurunda öz dərdini deyə bilməsini qənimət saymaq əvəzinə, dilində Allah deyib, tamamilə başqa şeylər haqqında düşünən insan zülmə yol verir. Həmnövümüz olan böyük şəxsiyyətlərin qəbuluna düşmək çox çətindir. Amma Allah-təala öz geniş mərhəməti səbəbindən bəndələri ilə onların evindəcə görüşə hazır olur. Allahın lütfü sayəsində hər bir insanın onunla danışmaq imkanı var. Bəli, fürsəti qənimət sayıb, bütün vücudumuzla çalışmalıyıq ki, diqqətimizi öz Rəbbimizə yönəldək.
Allaha inanmayan, onun hüzurunda olduğunu qəbul etməyən bir kəs təbii ki, ona etinasızlıq göstərəsidir. Amma Allaha inanan və onun hüzurunda olduğunu bilən insanın diqqətsizliyi olduqca çirkin bir münasibətdir. Ona görə də rəvayətdə bu sayaq bəndələrin təəccüb doğurduğu bildirilir.

Ayətullah Misbah Yəzdi


1001 بازدید
در حال ارسال اطلاعات...