Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

Azərbaycanın qocalmış hökuməti

65 yaşlı təhsil işçisi ilə 65 yaşlı məmurun fərqi nədədir?

Xatırlayırsınızsa bir neçə il öncə uzaqgörən hökumətimiz yaş senzi ilə bağlı yeni qanun imzaladı. Bu qanuna görə 65 yaşa çatmış dövlət qulluqçuları, müəllimlər, həkimlər işdən çıxarılmalıdır. Çünki, bu yaşdan sonra effektli fəaliyyət göstərmək, səmərəliliyi artırmaq çətinləşir. Yəni, yaşın artması həmin şəxslərin öz vəzifələrinin öhdəsindən gəlməsinə əngəl olur. Əslində, biz bunun əleyhinə deyilik və bütün sahələrdə nəsil dəyişikliyinin, gənc kadrların önə çəkilməsinin zəruri olduğunu hesab edirik.

Amma bütün məsələlərdə olduğu kimi bu məsələdə də ziddiyyətlər aşkar şəkildə hiss olunur. Necə olur ki, 65 yaşlı adam elm sahəsindəki fəaliyyətini davam etdirə bilir, amma təhsil sahəsində çalışa bilmir? Əgər, 65 yaşdan yuxarı şəxslərin səhhətində, fəaliyyətində geriləmələr baş verirsə bu bütün sahələrdə çalışanlara şamil oluna bilər.

Amma məsələ təkcə bununla da bitmir. Nə hikmətdirsə, yaş senzi məsələsi nazirlərə, nazir müavinlərinə, komitə sədrlərinə həvalə olunmur. Deməli, 65 yaşlı müəllim məktəbdə dərs deyə bilməz, amma 70-80 yaşlı məmur dövləti idarə edə bilər.

fBildiyiniz kimi ölkədə yüksək vəzifə tutan şəxslərin əksəriyyəti müxtəlif sahələri kurasiya edirlər. Iqtisadiyyatdan tutmuş, fövqəladə hallara qədər cavabdehlik daşıyan məmurlar var. Amma bunların yaşına nəzər salanda adamı təəccüb bürüyür.

Başlayaq səlahiyyətinə görə ölkənin ikinci şəxsi olan Baş nazir Artur Rasizadədən. Baş nazirin 76 yaşı var və o, 1996-cı ildən bəri bu postu tutur. Artıq 15 ildir Nazirlər Kabinetinə rəhbərlik edən Rasizadə bir dəfə məlum səbəbə görə iki aylıq istefaya göndərilsə də, sonradan yenidən vəzifəsinə bərpa edildi.

Onun müavinləri də özü kimi çoxdandır pensiya yaşına çatıb və uzun müddətdir eyni vəzifənin sahibidirlər.

Baş nazirin müavinləri də pensiya yaşını keçiblər. Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci ildə anadan olub və hazırda 69 yaşı var. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini postunu tutan Eyyubov 2003-cü ildən, artıq 11 ildir baş nazirin birinci müavinidir.

Baş nazirin digər müavini Elçin Əfəndiyev 1943-cü ildə anadan olub və 71 yaşı var. 1993-cü ildən Baş nazirin müavini vəzifəsini tutan Elçin Əfəndiyev 21 ildir eyni kürsüdə əyləşir.

Baş nazirin digər müavini Əli Həsənov da uzun illərdir eyni vəzifənin sahibidir. 1998-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini olan Həsənovun da 66 yaşı var.

Baş nazirin digər müavini Abid Şərifov 1940-cı ildə anadan olub. 74 yaşlı Şərifov 2003-cü ildən baş nazirin müavinidir.

Bu günlərdə 76 yaşını tamam etmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də uzun müddətdir vəzifədə qalanlardandır. Mehdiyev 1995-ci ilin fevralından, artıq 19 ildir Prezident Administrasiyasına rəhbərlik edir və onun 76 yaşı var. 

Digər nazirlərdən də yaşı çox olan və uzun müddətdir vəzifədə qalanlar var. Səhiyyə naziri Oqtay Şirəliyevin isə 64 yaşı var və o, 9 ildir bu vəzifədə çalışır.

1994-cü ildən, artıq 20 ildir daxili işlər naziri vəzifəsində olan Ramil Usubovun 66 yaşı var.


Nəqliyyat naziri Ziya Məmmədovun isə 62 yaşı var. 2002-cı ildən bu vəzifədə olan nazir ondan əvvəl də “Dəmir Yolları” QSC-nin rəhbəri olub.

Mərkəzi Bankın sədri Elman Rüstəmovun isə 62 yaşı var və o, 19 ildir ölkənin baş bankiridir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun 63 yaşı var və o, artıq 14 ildir seçkilərə cavabdeh quruma rəhbərlik edir.

Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru Cahangir Əsgərovun 64 yaşı var. Bu şəxs 1996-cı ildən, artıq 18 ildir eyni vəzifədədir.ÿ Sənaye naziri Natiq Əliyevin 67 yaşı var. 10 ildir eyni vəzifədə çalışan Müdafiə sənayesi naziri Yavər Camalovun 65 yaşı var və o, 8 ildir nazirliyə rəhbərlik edir.

Nazirlər və komitə rəhbərlərindən əlavə parlamentdə təmsil olunan deputatların müəyyən hissəsinin xeyli yaşı var.  Yəni, deputatlar arasında da yaşı 70-dən və 80-dən yuxarı olanlar var.

Bütün bunları ona görə qeyd edirik ki, hakimiyyət yaş senzi ilə bağlı məsələni gündəmə gətirməkdə səmimi deyildi.  Sadəcə olaraq məqsəd minlərlə insanı işsiz qoymaqdan ibarət idi. Bütün qanunlar kimi bu qanun da vəzifəli şəxslərə şamil edilmədi. Hansıki, ən böyük dəyişiklik yuxarıda adlarını sadaladığımız şəxslərin simasında həyata keçirilməli idi. 

Qonşu Gürcüstanda bu istiqamətdə xeyli uğurlar əldə olunub. Məsələn, Gürcüstanın Baş nazirinin 33 yaşı var. Digər sahələrdə də gənc kadrlar üstünlük təşkil edir. 

Bir sözlə, Azərbaycanda yaş senzi ilə bağlı qanun yaşlı nazirlərə aid edilmir. Onlar 70-80 yaşlarında da bütün ölkəni idarə etməyə qadirdilər. Nəticə göz qabağındadır. Həqiqətən də bütün ölkə onların nəzarətindədir. Görünür,  məmurlar yaşlandıqca enerji mənbəyinə çevrilirlər və onlar əbədiyaşardılar./azadlıq/





1021 بازدید