Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2015

“Məişət evi”ndə məişət dərdi

“Oğlanlarım məktəbi atıb hamballıq edirlər”

Tərk edilmiş xarabalığı xatırladan bina... Çat vermiş, hər an uçmağa hazır olan divarlar... Nəmişlikdən kif bağlamış tavanlar... Yeridikcə yırtıq-deşiyi ayaq büdrədən döşəmələr... Mingəçevirdə sovet dönəmindən “Məişət evi” kimi tanınan bu məkanda məskunlaşan məcburi köçkünlər hər gün üzləşdikləri bu mənzərədən təngə gəldiklərini deyirlər.


Bu çətin şəraitdə iki oğulu ilə bir otağa sığınan Rəsmiyyə Abdullayeva heç olmasa bircə gün rahat yaşamaq istəyir.

“Pəncərələrin hamısı qırılıb. Həyətdə oynayan uşaqların hay-küyü, yollarda hərəkət edən avtomobillərin səsi, ən əsası yağışın suyu, küləyin gətirdiyi zir-zibil - hamısı otağa dolur...”

Qəhrəmanım taleyindən gileylənir. Deyir ki, Ağdamdan məcburi köçkün düşəndən bəri çəkmədiyi zülm qalmayıb.

“Köhnə idarələrdə, şəraitsiz məktəblərdə başımıza yağış yağa-yağa, ac-yalavac neçə-neçə qışı, baharı qarşılayıb, yola salmışam. İndi də bu xarabada məskunlaşmışam. Nə yaşayış yerim normaldı, nə də güzəranım. Nə qədər soğan-çörək yemək olar?! Heç onu da tapmadığım günlər olur”.

Rəsmiyyə Abdullayeva deyir ki, həm özü, həm də övladları burada xəstəlik tapıb. Müalicə olunmağa isə maddi imkanları yol vermir.

“Hamımızda revmatizma yaranıb, böyrəklərimiz sıradan çıxıb. Özümün qaraciyərim şişib, ödüm süzmür. Necə müalicə olunaq? Həkimə getməyə, dərman almağa pul lazımdır. Mən isə bir manatın üzünə həsrətəm...”

Həmsöhbətim söyləyir ki, imkansızlıq ucbatından evdə yaranan söz-söhbətlər, dava-dalaşlar ailəsinin dağılmasına səbəb olub. İndi qəzalı binada iki oğlu ilə birgə acı taleyi bölüşür.

“Bir otaqda yatırıq, dururuq, bişirməyə nə isə tapanda bişiririk, çimirik. Külək əsəndə bina beşik kimi yellənməyə başlayır. Belə olanda burada yaşayan hər kəs qorxusundan həyətə tökülür”.

“Məişət evi”nin bütün sakinləri birləşərək aidiyyatı qurumlara binanın təmiri üçün müraciət ediblər. Amma hər yerdən bir cavab alıblar: “Deyirlər, bina qəzalı vəziyyətdədir. Buranı təmir etmək mümkünsüzdür. Ümumiyyətlə, burada yaşamaq düzgün deyil. Bəs biz hara gedək?...”

Rəsmiyyə Abdullayeva deyir ki, yaşamağa normal yerinin olmaması bir dərd, daimi işinin olmaması isə başqa bir dərddir.

“87 saylı Kəlbəcər məktəbində ocaqçı işləyirəm. Mövsümi işdir. Ona görə də yalnız payız və qış aylarında 50 manat əmək haqqı alıram”.

Həmsöhbətim maddi durumunu az da olsa düzəltmək üçün ünvanlı sosial yardım almaq istəyir. Amma dediyinə görə bütün sənədlərini hazırlayıb Sosial Müdafiə Fonduna təqdim etsə də, ona yardım ayrılmayıb.

“Daimi işim yoxdur. Mövsimi əmək haqqıdan başqa məcburi köçkün kimi ayda 50 manat çörək pulu alırıq. Bu durumda orta məktəbin yuxarı siniflərində oxuyan övladlarıma necə baxım?”

Elə bu üzdən də Rəsmiyyə Abdullayevanın oğlanları məktəbə getmək əvəzinə işləyib, analarına kömək etməyə çalışırlar. 

“Bir gün dərsə gedirlərsə, iki gün getmirlər... Neyləsinlər, ya günə 2-3 manat qazanmaq üçün işləməlidirlər, ya da acından ölməliyik. Orda-burda hamballıq edib, yük daşıyırlar. Əllərinə bir sənət, peşə də verə bilməyəcəm. Tələbə olmaq üçün hazırlığa getmək lazımdır. Buna isə çoxlu pul lazımdır. Mənim pulum olsaydı, uşaqlarım niyə hamballıq edirdi ki?”

Rəsmiyyə Abdullayeva deyir ki, övladlarının gələcəyindən çox nigarandı. 

“Özüm bir iş-güc sahibi ola bilmədim, onların da təhsili yox, nə iş tapacaqlar özlərinə?! Sabah bunların evlənməyi var, ailələrini necə dolandıracaqlar? Evləri-eşikləri də yoxdur. Bunlar fəhləlikdən nə qədər pul qazanacaqlar ki, həm ailəyə baxsınlar, həm də ev almaq üçün pul toplasınlar. Heç olmasa məcburi köçkünlər üçün tikilən binalardan ev versəydilər, problemlərimizdən biri həllini tapardı, həm də qəzalı binadan canımız qutarardı...”/civil-forum/


“Məişət evi”ndə məişət dərdi
“Məişət evi”ndə məişət dərdi
“Məişət evi”ndə məişət dərdi
“Məişət evi”ndə məişət dərdi


153 بازدید
در حال ارسال اطلاعات...