Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2018

Paşinyan (inqilabı) sübut etdi ki, XALQ lideri meydanlarda seçir

O zaman Azadlıq Meydanına toplaşan insanlar, əzəmətli xalq özü özünün lideri idi
Heç fikir vermisinizmi Ermənistanda baş verən Paşinyan inqilabı bizə əslində nə demək istəyir? Erməni olmasını bir kənara qoymaq lazımdır. Çünki adam inqilab edərkən Azərbaycanı düşünməyib. Buna görə ki, inqilabçılar ancaq öz xalqlarını xilas etmək naminə bu işə gedirlər. Onlar bu işə start verərkən düşmənlərindən daha çox dostlarını düşünürlər, öz xalqlarını düşünürlər. Başqa sözlə desək inqilabçı düşmən də olsa ondan ibarət almaq faydalıdır. Çünki etdiyi işdə fayda var.

Bu gün Azərbaycan hakimiyyəti belə qəbul edir ki, Paşinyan qatil Sərkisyan rejimini devirməklə çox gözəl iş görüb. Amma digər tərəfdən Paşinyanın Sərkisyandan - Azərbaycana münasibətdə - heç bir fərqinin olmadığını özünün ilk siyasi fəaliyyətlərində ortaya qoydu. Türk qızlarını diri-diri soyması barədə kitab yazan şərəfsiz Zori Balayan bir vaxtlar Sərkisyanla birlikdə xalqımızı günahsız yerə qətlə yetirirdi, indi də Paşinyanla birlikdə Şuşaya gəlib. Deməli əslində Paşinyan və Sərkisyan bir fitnənin iki üzüdür.

Bütün bunlarla yanaşı Paşinyan (inqilabı) Azərbaycan xalqına, müxalifətinə, lap elə iqtidar və onun əlaltılarına, saxta müxalifətə bir həqiqətdən danışdı. Bəli, bu həqiqət Qarabağ həqiqətləri deyil. Çünki onlar Qarabağla bağlı yalanlarını davam etdirməkdə israr edirlər. Bəs nədir bu həqiqət? Bu həqiqət bundan ibarətdir ki, indiyədək iqtidar və onun quyruq bulayanları bütün ölkə boyu camaata təlqin etmək istəyirdilər ki, Azərbaycanda müxalifət yoxdur, Azərbaycan müxalifəti ölüb, çezib, xalqın Milli Şuraya, AXCP-Müsavat cütlüyünə etibarı yoxdur. Prezident də başda olmaqla bu qarayaxmalar Paşinyan inqilabına qədər davam elədi. Amma Paşinyan inqilabından sonra bu insanlara sübut olundu (və o vaxtdan nəsə müvəqqəti susublar) ki, Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbər heç də xalq kütlələrinin kütləvi şəkildə müxalifət mitinqlərində iştirak etməməsinin yeganə günahkarı deyil. Lap deyək ki, bəli, kimlərsə İsa Qəmbərə inanmır, Əli Kərimlini xarici dövlətlərin kəşfiyyatına işləyən insan hesab edir. Cəmil Həsənli dünənəcən Parlamentdə İlham Əliyevi tərif edirdi. Deyək ki, bütün bunlar "doğrudur." Görəsən bütün bunlar iqtidar əlaltılarının, saxta müxalifətin əlinə bəhanə verirmi ki, bütün günü Milli Şuranı inamsızlıqda ittiham etsin? Yaxud xalqın əlinə bəhanə verirmi ki, müxalifətdən üz döndərsin? Əsla! Niyə? Çünki biz Milli Şuraya inansaq da inanmasaq da, onun arxasınca getsək də, onu boykot etsək də ortada gün kimi aydın bir həqiqət var. O həqiqət mövcud rejimin zalım rejim olmasıdır. Zalım rejimə qarşı baş qaldırmaqdan ötrü müxalifət liderinə ehtiyac vardır. Bu müxalifət lideri yoxdursa bunu düzəltməlisən. Kiminsə boynuna liderlik qoymalısan. Alternativ tapmalısan. Tapılmadığı sürətdə özün lider olmalı, xalqı arxanca apara bilməlisən.

Məgər bütün dünyaya məlum deyil ki, Sərkisyan hakimiyyətinə qarşı etiraz edənlərin lideri indiyədək Ermənistanın ilk prezidenti Levon Terpetrosyan idi? Bunu hamı çox gözəl bilir. Əgər o xalqın etimadını itiribsə də xalq boş oturmadı. Öz liderini başqa insanların arasında aradı və buldu. Bir nəfər jurnalist - deputat meydana çıxıb xalqa lider, daha sonra hökümətə, nazirlərə, məmurlara başçı oldu.

Siz gözəl bilirisniz ki, Ermənistanda bəlkə bir nəfər jurnalist-deputat varsa Azərbaycanda jurnalist, deputat və hər iki vəzifənin cəmləndiyi insanlar çoxdur. Onlar zaman-zaman siyasətə qarışır, amma zalım rejim bir qıraqda qalır, onlar ancaq Milli Şuranı vurmaqla məşğul olur. Bunlardan ikisi Etibar Hüseynovla, Elşən Musayevdir. Bu iki tipdən birincisi deputat seçkilərinin teledebatlarında İsa Qəmbər əleyhinə dedikcə batırdı. İsa Qəmbəri söyməyin müqabilində Parlamentdə ona kürsü verdilər. İkincisi isə tez-tez Milli Şura üzvlərinin arxasınca sərsəm-sərsəm çıxışlar edir, səviyyəsiz məqalələrlə gündəmi zəbt edir. Bunlara demək lazımdır ki, əgər İsa Qəmbər, Milli Şura üzvləri xalqın etimadını doğrultmayıbsa siz nə üçün ölmüsünüz. Niyə sinənizi qabağa verib zülmün önündə dayanmırsız. Axı siz jurnalist olmusunuz və gözəl bilirsiniz ki, xalq süründürülür. Bu insanlara Arifoğlunu da əlavə etmək olar. O da Milli Şuranı etimadsızlıqda ittiham edir. Özü isə hakimiyyətin ən ünlü maşalarındandır.

Məhz bu səbəbdəndir ki, adları çəkilən bu insanlar hakimiyyətin quyruq bulayanı hesab edilir. Xüsusən Arifoğlu bütün günü hakimiyyətə işləyən qəzetində Milli Şuranın mitinqlərini vurmaqla məşğuldur. Adam deyir Milli Şura etibarını itirib. Amma bircə dəfə də olsun aynanın qarşısına keçib özünün xalqın gözündə kim olduğu barədə düşünmür. Əgər Milli Şura üzvləri zülm önündə dayandığı halda yenə də xalqın etibarını itiribsə görün indi Arifoğlu, onun bir başqa tayı olan Azər Həsrət xalqın gözündə kimdir? Əslində heç kim.

Xalqa gəldikdə isə xalq bilməlidir ki, etimadlı və etibarlı insanı seçmək onun əlindədir. İnqilab etməkdən ötrü hansısa insanın keçmişi barədə maraqlanmırlar. Ümumiyyətlə xalq lideri meydanlarda seçir. Bu olmasa xalqın lideri elə xalqın özüdür. Biz bunun ən bariz nümunəsini Milli Azadlıq Hərəkatında görmüşdük. O zaman Azadlıq Meydanına toplaşan insanlar, əzəmətli xalq özü özünün lideri idi. Tribunada çıxış edən tanınmışlar isə şərait tələbiylə orada hazır olmuşdular. Kimin nə sözü varsa meydan boşdur, qapı açıqdır, buyurub gəlib ö ürək sözünü, təklifini xalqa desin, xalqa yol göstərsin. Xalq da ələkdən keçirib öz liderini seçəcək və ona sahib çıxacaq. Xalq meydanlara tökülsə özünün içində qeyri-ixtiyari də olsa lider çıxacaq. Buna tam arxayın bir sürətdə əziz xalqımızı əmin edirik.


334 بازدید
در حال ارسال اطلاعات...