Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2018

Koroğlu, Nəbi, kriminal avtoritetlər və Yunis Səfərov (Aqil Abbas harda səhv edir?)

Onun arqumentlərini qısaca qeyd edəsi olsaq deyirik ki, Aqil Abbas Koroğlunu və Nəbini cinayətkar hesab edir
Yazıçı, deputat Aqil Abbas öz yazısında deyir ki, övladlarınıza "Koroğlu", "Qaçaq Nəbi" dastanlarını oxutmayın. Özünə görə bəzi arqumentləri də vardır. Əlbəttə, adam müstəqil fikirli adamdır. Onun bu sözləri Koroğlunun heykəlinin açılışında çıxış edən prezident İlham Əliyevin "Koroğlu gözəl vətəndaş idi" sözləriylə uyuşmaya bilər. İlham Əliyev kimi Aqil Abbas da müstəqil fikirli bir adamdır.
Amma təəssüf hissi keçirərək deməliyəm ki, Aqil Abbasdan gözləmədiyimiz şərh oxuduq. Onun arqumentlərini qısaca qeyd edəsi olsaq deyirik ki, Aqil Abbas Koroğlunu və Nəbini cinayətkar hesab edir. Dəlil olaraq da Azərbaycan Respublikasının Konstitusiyasından cinayətkarlar haqqında olan maddələri yazısında qeyd edir. Əlbəttə, burada bir sualla qarşılaşırıq. O da budur ki, İlham Əliyevin də Konstitusiyadan xəbəri var, Koroğluya "gözəl vətəndaş" deyərkən Aqil Abbasın düşündüklərini zənnimcə o da düşünüb. Hər halda bu məsələdən ötrü elə Aqil Abbasın qəzetinin əməkdaşları Prezidentin mətbuat xidmətinin katibinə zəng vurub məlumat ala bilərlər. Bu, bir jurnalist kimi onların haqqıdır. Mənim isə fikrimə görə Aqil Abbas bir neçə yerdə səhv edib. Bu səhvləri aşağıdakı kimi mülahizə eləmək olardı:

1. Koroğlunu bugünkü Azərbaycan konstitusiyası ilə müqayisə eləmək düzgün deyil. Əgər belə bir adam doğrudan da tarixdə yaşayıb və Aqil Abbasın dediyi cinayətləri edibsə bu cinayətlər Konstitusiyanı, dövləti qəbul edən insan üçün nəzərdə tutulur. Amma Koroğlu yaşadığı mahalda qanun olubsa da ki, görünür o, bu qanunla, dövlətlə ümumiyyətlə barışmayıb. Necə ki, bu gün konstitusiyaya edilən dəyişiklikləri çox insan qəbul etmir. Onların Koroğludan fərqi budur ki, Koroğlu şifahi xəbərdarlıqla, dinc aksiya ilə kifayətlənmir, Aqil Abbasın dediyi kimi 7777 nəfər dəli (qanlı) ilə oliqarxları, icra hakimlərini soyurdu. Qaçaq Nəbi də onun kimi. Adam rus çarını və onun təyin etdiyi qubernatoru düz-əməlli adam bilməyib onlarla yola getmirdi. Misal olaraq Babəki qeyd edə bilərik. Məgər Babək o zamanın Abbasi xəlifələrinə qarşı vuruşarkən onların batil hökümətlərini qəbul edirdimi? Xeyr. Babək legitim hesab etmədiyi hökümətlə savaşırdı. (Özünün düz olub olmaması başqa mövzu)

2. Biz Koroğlunun, Nəbinin etdiyi əməllərə bəraət qazandırmırıq. Onu da gözəl bilirik ki, oliqarxdan, dövlətdən, icra başçılarından bu üslubla (Aqil Abbasın dediyi kimi çapıb-talamaq, oğurlamaqla) nəsə əldə etmək müsbət nəticə vermir. "Oğrudan oğruya halaldır" fikri bu gündə xəstə cəmiyyətlərdə hakim olsa da yanlış düşüncədir. Amma bunlar Koroğlu, Nəbi idilər, o qədər olmalı idilər. Məsum insan deyillər ki, durub Allahdan vəhy alıb, onun əsasında hökm versinlər. Amma bu günün özündə Aqil Abbasın da ürəyində "bir gülləm olsaydı buna vurardım" dediyi icra başçıları, nazirlər, lap elə deputatların olduğu güman ediləndir. Məsələn, təsəvvür edin hər dörd jetondan birinin cibinə getdiyi metro Tağını görəsən Aqil Abbasa tapşırsaydılar onunla necə rəftar edərdi. Bank müdiri, Hacı Məmmədov, Eldar Mahmudov, Akif Çocdarov kimi insanlar üçün zəmanəmizdə Koroğlular , Nəbilər lazımdırmı? 

3. Bir nəfər yazırdı ki, mən kriminal avtoritetlərin fəaliyyətini qəbul etmirəm. Çünki onlar güya zülm edilən insanların, kasıb-küsubun haqqını müdafiyə edirlər. Amma digər tərəfdən siyasətə qarışmır, siyasi quldurları cəzalandırmırlar. Amma Koroğlu, Nəbi isə zəmanəsinin kriminal avtoriteti olaraq bu işləri edirdi. Yaxşı yadımdadır, bir dəfə kriminal yazar kimi məşhurlaşan Bəhrəm Çələbi müsahibəsində hansısa avtoritetin adını çəkib deyirdi ki, onun vaxtında yaşadığı məntəqədə üç-dörd polis bölməsi, "qoraddel", "rayaddel" var idi. Onların birgə bacarmadığı (yaxud istəmədikləri) işi bu avtoritet təkbaşına bacarırdı. O iş bundan ibarət idi ki, o, insanların nəşə çəkməsini, iynə vurmasını yasaqlamışdı. Dövlət başında oturanlar bu avtoriteti necə "mukafatlandırdı"? Güllələyib öldürdülər. İndi Aqil Abbas zəhmət çəkib gedib Bəhrəm Çələbidən həmin şəxsin kimliyini öyrənsin, onun o vaxtlar yaşadığı məntəqəyə gedib oradakı cavanların hazırkı vəziyyətini soruşsun, ondan sonra danışsın. 

4. Heç uzağa getmirəm, Gəncənin "malpası" icra hakimi var idi. Onu başından güllələyən Yunis Səfərov görmədinizmi bir neçə həftənin içində necə xalq qəhrəmanına çevrildi. Aqil Abbas ki, yazardır, ictimaiyyət adamıdır, sosial şəbəkələrin içindədir. Özü gözəl bilir ki, Yunis Səfərov necə xalq qəhrəmanına çevrildi. Doğrudur, bir daha qeyd edirik ki, nə Yunis Səfərovun, nə Koroğlunun, Nəbinin, nə də kriminal avtoritetlərin etdiyi işlərə haqq qazandırılmır. Amma digər tərəfdən bu vəziyyətlərin meydana çıxmasında ən böyük günahkar olan dövlət böyükləri qınanılır. Məhz onların sayəsində Hacıməmmədovlar, Akifçovdarovlar, metrotağılar, Elmarvəliyevlər və başqa xəyanətkarlar yetişir. Amma elə bilməyin ki, onları dövlət böyükləri bu cür cəzalandırır. Əslinə baxanda onlar balaca kütüm balıqlarıdır, onları udanların özləri cinayət akulalarıdır. Bu cür akulalara qarşı savaş açan insanlar onların qanunlarını, hakimiyətlərini tanımadıqları üçün meydana girirlər. Biz də bir xalq olaraq o vaxt sovet hökümətini, nazirini, merini qəbul etmədik, baş qaldırdıq. O vaxt da sovetin qanunlarına baxanda cinayət etmişdik. Amma qəhrəman kimi tanındıq. İndi də tanınırıq. Koroğlu, Nəbi də öz ağlınca dövlətləri qəbul etmir, onlara qarşı vuruşurdu. Elə bilirdilər ki, üslubları düzgündür.


206 بازدید
در حال ارسال اطلاعات...