Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2019

Əl-Muraqibat kitabından bir yarpaq-Rəcəb ayının müraqibətləri (5)

İnsan niyyətini xalis etmək üçün bütün səyini göstərməlidir ki, ixlasda sidq məqamına yetişsin.
Kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizi dəyərli “Əl-Muraqibat” kitabında Rəcəb ayının orucu ilə bağlı tövsiyələrində bu və digər aylarda tutulan orucun keyfiyyəti haqqında söz açaraq yazır:

Orucun keyfiyyəti haqqında bir neçə kəlmə
Rəvayətdə deyildiyi kimi “oruc Allah üçündür və onun mükafatını da Allah Özü verəcək”. Ona görə də seyrü-süluk əhli oruc tutduqda onun bədən üzvləri də oruc olmalıdır. Necə ki, İmam Sadiq (ə) buyurur: “Oruc tutduqda sənin qulaq, göz, tük və dərin də oruc olmalıdır.” İmam (ə) digər bədən üzvlərini də sadalamışdır. Lakin həmin dəri və tükün qeyd olunması kifayət edir ki, bütün bədən üzvlərinin oruc olmasının lüzumunu bilək.
Qısası, xas oruc təkcə qarın və şəhvətə aid olan oruc deyil, digər üzvlərə də aid olur. Necə ki, xasdan da xas oruc bütün bədən üzvlərindən əlavə, qəlbin də oruc olması mənasınadır.
Bədən üzvlərinin oruc olmasının mənası odur ki, bədən üzvləri ilahi iradə və istəklə müxalifət etməsin. Qəlbin oruc olmasının mənası isə odur ki, qəlbi dəyərsiz və dünyəvi istəklərdən saxlayasan, Allahdan qeyrisindən tamamilə qoruyasan. 

Adi insanlar oruc və digər ibadətləri yalnız təklif olaraq görürlər. Ona görə ibadətləri yerinə yetirmək onlara çətin və ağır gəlir. Amma xas insanlar onu Allah tərəfindən lütf bilir, Allahın ibadət qərar verməsini, onu vacib etməsini Onun tərəfindən bəndələr üçün böyük lütf və möhtəşəm nemət sayırlar. Onu zəhmətlə üzləşmiş insanlar kimi deyil, coşğunluq, şadlıq və sevinclə qarşılayırlar. Hətta, Rəbbul-ərbabın təklif xitabından ləzzət alır və sevinirlər.

İmam Sadiqdən (ə) rəvayət olunmuşdur ki, həzrət “Ey iman gətirənlər! Oruc tutmaq sizə vacib edildi” ayəsi barədə buyurdu: “(Allahın möminlərə) xitabının ləzzəti əməlin çətinliyini aradan qaldırır.”
Arif bəndə Allaha və Onun haqqına belə yanaşmalıdır. Çünki bəndə Rəbbini tanıdıqda onu sevir. Beləliklə, Allahla bütün alveri, məhbubun məhbubla alveri olur. Heç görmüsənmi, məhbub öz məhbubuna xidmət etməyi çətin hesab etsin, yaxud ondan yorulsun? Xüsusilə də məhbuba xidmət etmək onun tərəfindən lütfə, hətta üns və ucalıq məclisinə dəvətə səbəb olsa. Belə olduqda, nəinki ona ağır gəlmir, üstəlik bu təklif xitabından ləzzət alır. Məhbubuna olan məhəbbət və sevgisi qədər öz canını ona fəda edir; diqqət edir ki, onun bütün murad və istəklərini yerinə yetirsin. Onun məhəbbətini qazanmaq üçün bütün səyini göstərir, hətta ondan istənilməsə də. Bu yolda bütün gücünü sərf etməkdən ləzzət alır, onu özünə xoşbəxtlik bilir.
Beləliklə, Allahın istədiyi şeylər insan üçün ən sevimli istək olur, kamil şövqlə və Allahın (cəllə cəlaluh) bu əməli yerinə yetirmək üçün ona izn verməsini Onun tərəfindən lütf sayıb qəbul etməklə yerinə yetirir, öz niyyətində Allahdan qeyrisi və Onun razılığından başqa bir şey tapılmır, bu niyyəti Allahın savab, cənnət və hər hansı bir nemətini əldə etmək niyyəti ilə qarışdırmır. Şübhəsiz bu niyyətdə riya, şöhrət qazanmaq, Allahdan qeyrisinin onu bilməsi və razılığından söhbət gedə bilməz. 

İxlasın əhəmiyyəti
Ey aqil! Tutduğun oruc barədə düşün. Əgər söz açdığımız bu niyyətlə oruc tutsan, oruc tutanlar və müxlis bəndələrin bundan qabaq çatdıqları bütün ucalıqlara, ali məqamlara çatacaqsan, Allahın mələkləri xidmətində olacaq, hətta qeylulə yuxunda Allah tərəfindən sənə su və yemək veriləcək. Heç kəs Allahın lütf və kərəm nemətlərini izah edə bilməz.
Amma əgər riya və şöhrət qazanmaq üçün oruc tutsan, xarlıq sənə nəsib olacaq, şeytana ibadət edənlərdən olacaqsan və dörd adla çağırılacaqsan: Ey hiyləgər! Ey facir! Ey yalançı! Ey riyakar! Beləliklə, cəhənnəm oduna layiq olacaqsan.
Bu böyük fərq niyyətlərin fərqinə görədir. Əgər qəlb və niyyət bu qədər əzəmət və əhəmiyyətli olmasaydı, Uca Allah Qurani-kərimin “Şəms” surəsində nəfsini təmizləyən kəsin nicat tapacağına on bir dəfə and içməzdi və nəfsini aludə edən kəsi bədbəxt, ziyana uğrayan adlandırmazdı. 

«قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا وَقَدْ خَابَ مَنْ دَسَّاهَا»

“Nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.” (Şəms surəri, ayələr 9-10)

Ona görə də insan niyyətini xalis etmək üçün bütün səyini göstərməlidir ki, ixlasda sidq məqamına yetişsin.


908 بازدید
در حال ارسال اطلاعات...