Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2019

Əl-Muraqibat kitabından bir yarpaq-Rəcəbin on beşinci gününün əməlləri (13)

Ey Adəm! Övladların de ki, Rəcəb ayında günah etməkdən çəkinsinlər. Çünki bu ayda günah çox böyükdür.
Salman namazı

Rəcəb ayının on beşinci gününün ən mühüm əməllərindən biri də Salman Farsi namazıdır. Ayın əvvəlində yazdığımız namaz kimidir. Belə ki, on rəkət namaz qılırsan. Hər rəkətdə 1 dəfə “Fatihə”, 3 dəfə “Qul huvəllah” və 3 dəfə “Qul ya əyyuhəl-kafirun” surəsini oxuyursan. Salamı dedikdən sonra əllərini (dua üçün) səmaya qaldırıb deyirsən:

«لا إِلهَ إِلَّا اللّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لَا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلى كُلِّ شَيْ‌ءٍ قَدِيرٌ إِلَهاً وَاحِداً أَحَداً فَرْداً صَمَداً لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَداً».

“La ilahə illəllah, vəhdəhu la şərikələh, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəyin qədir. İlahən vahidən əhədən fərdən səmədən ləm yəttəxiz sahibətən vəla vələda.”
Sonra əllərini üzünə çəkirsən.
Bu gün məxsus və şərafətli günlərdəndir. Bizim sərvərimiz “İqbal”da öz sənədi ilə İbn Əbu Əyyaşdan belə nəql edir ki, həzrət Adəm dedi: İlahi, Sənin yanında hansı gün və hansı vaxt daha sevimlidir?
Allah Təbarək və Təala ona vəhy etdi: “Ey Adəm! Mənim yanımda ən sevimli gün Rəcəb ayının orta günüdür.
Ey Adəm! Həmin gün itaət etmək, qonaqlıq vermək, oruc tutmaq, dua, istiğfar və la ilahə illəllah deməklə, Mənə yaxın ol.
Ey Adəm! Mənim məşiyyətim (iradəm) budur ki, sənin övladlarından mehriban, kərim, yumşaq, elmli, gözəl əxlaqa malik birini peyğəmbərliyə məbus edim və Rəcəb ayının ortasını ona və ümmətinə məxsus edim. Həmin gün onların Məndən istədiyi hər şeyi onlara verərəm, günahlarının bağışlanmağını istəsələr bağışlayaram, ruzi istəsələr verərəm, sapınmalarının qarşısını almağımı istəsələr alaram, əllərindən tutmalarını istəsələr tutaram, rəhm istəsələr rəhm edərəm.
Ey Adəm! Hər kim Rəcəb ayının ortasında oruc tutsa, zikr etsə, xaşe olsa, öz qəzəbinin və şəhvətinin qarşısını alsa, malından sədəqə versən, Mənim yanımda onun mükafatı cənnətdir.
Ey Adəm! Övladların de ki, Rəcəb ayında günah etməkdən çəkinsinlər. Çünki bu ayda günah çox böyükdür.”

Ağıllı insan bu günün Allah yanında dəyərini bildikdən sonra gərək özünə rəhm etsin və keçmiş halları, səhlənkarlıq və təqsirlərinin əvəzini çıxmaq üçün bu böyük sərmayəni əldən çıxartmasın. Çünki bir günün içərisində özünün keçmiş və gələcəyini islah edə bilər. Mehriban bir dost kimi öz nəfsinə xitab edərək desin: Nə üçün Allahın bu bu nəsihəti üzərində düşünmürsən?! Halbuki, bu nəsihətə əməl etsən, səni cəhənnəm odundan və dərdli əzabdan xilas edər, zülmətdən nura aparar.
Diqqət et ki, Mütəal Allah səni mərhəmət, əmin-amanlıq məclisinə, padşah və sultanların bəxşişinə, hədiyyə, xələt, lütf və üstünlüklər yoluna dəvət edib, səni Öz övliyalarının məclisinə aparıb, səninlə yoldaşlıq etmək üçün Özünün səmimi və seçilmiş dostlarını seçib, Öz vədlərində bildirib ki, istiğfar etsən səni bağışlayar. Belə isə istiğfar etməyi əldən vermə, öz istiğfarında sadiq ol, istiğfarının istehzaya çevirməkdən uzaq ol. Bil ki, sənin duanı qəbul edəcəyini vəd edib. Ona görə də duanın təkcə sözlərini oxumaqla kifayətlənmə, özündə dua halı da yarat. Çünki bəzən insan duanın təkcə sözlərini oxuyur və elə düşünür ki, doğrudan dua etmişdir.

Duada ən mühüm məsələ Allahı tanımaqdır
Duada ən mühüm məsələ çağırdığın Allahı tanımaq, Onun sənin duanı qəbul etməsinə inanmaqdır. İnsanların çoxu Allahı tanımaqda sırf tənzihə düçar olur və bu da Allahı inkara və tətilə səbəb olur. Bir dəstə də elə sanır ki, Allah içi boş bir şey, ya mühitdir və göylərdədir. Ona görə də yuxarı məkanda olan allahı çağırırlar və belə düşünürlər ki, özləri və aləm cövhərdirlər, öz zatları əsasında mövcuddurlar.
Bu üzdən duada önəmli məsələ onun şərtlərini kamilləşdirməkdir. Duanın şərtlərinin kamalı budur ki, dua edən öz şəninə uyğun olaraq icmali şəkildə Mütəal Allahı tanısın, dua edərkən Onu öz yanında hazır görsün, hətta dilinə gələn duanın da Allah tərəfindən olduğunu düşünsün, Ona xoşgüman olsun, duanın məzmunun onun məsləhətinə olsa, qəbul olacağına ümidvar olsun. Duasının əvvəlində Allahın cəmal və cəlal, ya öz duasına uyğun olan adlarından bir neçəsini zikr etsin, Allaha həmd-səna etsin, sonra yeddi dəfə “ya ərhəmər-rahimin” desin, öz günah və eyblərini etiraf etsin, dua və onun icabətinə layiq olmadığını iqrar etsin. Daha sonra Məhəmməd və Ali-Məhəmmədə (s) salavat göndərsin, onlara təvəssül etsin, duasının qəbul olunması üçün Allahı onların haqqına and versin. Öz istəyini salavatdan ayıraraq deməsin və onu salavatın şərti, qeydi, ya sifəti qərar versin. Məsələn desin: “Məhəmməd və Ali-Məhəmmədə salavat göndər, elə bir salavat ki, məni ona xatir bağışlayasan.” Sonra duasını salavatla və “maşaəllahu la quvvətə illa billah” deməklə, sona çatdırsın. Habelə, dua edərkən ağlasın, gözündən iynə ucu, ya ağcaqanad qanadı miqdarında yaş axsa da. Bütün bunları dörd dəfə təkrar etsin. Çünki Allah israrlı saili sevir. Dua üçün digər şərtlər də vardır və öz yerində deyiləcək.
On beşinci günün əməllərinin davamı
Qısası, salik Mütəal Allahın vədinin doğruluğuna əqidəsini gücləndirsin, bu vədlər və onun böyük səadət olması barədə düşünsün. Diqqət etsin ki, bu gün və bu məqamın bir ildə iki dəfə baş tutması mümkün deyil, gələn il də belə bir günü görə biləcəyinə, öz nöqsanlarının əvəzini çıxa biləcəyinə əminlik yoxdur. Özündə belə bir diqqət və hal yarada bilsə, bu günün faydasız keçməsinə imkan verməyəcək. Xüsusilə də səhər ən böyük gündə hesab-kitab üçün Cəbbar Padşahın hüzurunda dayandıqda özünün bu əməllərə şiddətli ehtiyacını bildikdə.
Əgər mümkün olsa “İstiftah” duasını da deyilmiş şərtlərlə yerinə yetirsin. Mümkün olmasa, mütləq duanın özünü oxusun.
Bu gün İmam Hüseyni (ə) ziyarət etsin.
Yaxşı olar ki, İmam Əlinin (ə) oxuduğu dörd rəkətli namazı qılsın və namazdan sonra o həzrətin oxuduğu duanı oxusun. Bu dua “Ya muzillə kulli cəbbar” cümləsi ilə başlanır. Duadan sonra öz hacətini istəsin.
Gün boyu bu günün müsəlman ümmətinə məxsus edilməsini, bu məxsusluq və bu məxsusluğun kimə xatir olduğunu xatırlasın, Allaha şükür etsin, Məhəmməd və Ali-Məhəmmədə çoxlu salavat göndərsin, onlara dua etsin.


969 بازدید
در حال ارسال اطلاعات...