Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2019

Ukrayna prezidenti Zelenski, Tahir İmanov, Elgiz, Elşən Musayev

Ukraynada "şən və hazırcavablar klubu" yaradıb ona rəhbərlik edən, şoumen olub min cür hoqqalar çıxaran, jurnalist olan, veriliş aparıcısı və daha nə bilim hansı işlərdən baş çıxaran adam – Vladimir Zelenski artıq Ukraynada baş olub. Yəni bir vaxtlarda prezident seçkilərində namizədlik verən bir gənc (heç qırx yaşı yoxdur məncə) artıq prezident olub.

Bir anlıq təsəvvür edin ki, bizdə şən və hazırcavablar klubunun rəhbəri olan Tahir İmanov prezident seçilib. Ya da Elgizdən, Kamran Həsənlidən hansısa biri prezident olub. Elşən Musayev isə həm Zelenskiylə eyni peşənin sahibidir, həm zahirən ona oxşarlığı var, həm də gəncdir. Amma Elşən Musayev alnına öz əliylə yekə hərflərlə GÖZƏGİRƏN sözünü əbədi olaraq həkk edib.

Düzdür, KVN yenə az-çox məmurlara, deputatlara ilişir, oğru olduqlarını dolayı yolla, satira, parodiya yoluyla deməyə çalışır. Amma yenə də balığın başından iylənməsini bilsələr də balıq ovuna heç vaxt çıxmazlar. Başqa sözlə desək onların çıxartdıqları oyunbazlıqlar ancaq xalqın gülməyinə səbəb olur. Bu adamların siyasətlə heç işi olmur.

Hələ mən prezident olmaq (hansı ki, bunu Cəmil Həsənli heç yuxusunda da görə bilmir) demirəm, heç olmasa adlarını saydığımız bu insanlar namizəd ola bilirmi? Namizəd demirəm, iqtidarı tənqid edə bilirmi? Tənqid demirəm, siyasi fikir bölüşə bilirlərmi? Bunlar bir yana, heç düz əməlli veriliş, teatr düzəldə bilirlərmi? Xalq bu şoumenləri nə qədər sevir? Xalqın gözündə Elgiz kimdir, hansı izzətin sahibidir?

Zelenskidən qabaq bizə Türkiyədə Mətin Akpınar örnək olmuşdu. Ərdoğanın – ölkəsinin prezidentini tənqid etmişdi. Çünki o, özünü ölkədə insan kimi hiss edir. Özünə hörmət qoyur. O deyir ki, mənə hörmət qoymursunuzsa cəhənnəmə qoyun, mənim də gözümdə şəxsən Ərdoğanın itmilçəyi qədər hörməti yoxdur. Bizdə isə sənətşünas, incəsənət əhli olan kinorejissor Rüstəm İbrahimbəyov müxalifət lideri kimi meydana çıxanda rejimə bağlı camaat hərə bir yandan təhqir edirdilər.

Çünki bizim alnımıza yazılıb ki, sən alçaqsan, aşağılanmağa layiqsən, sənin üzünə iqtidar tüpürsə o biri üzünü də çevirməlisən. Bizdə heç vaxt belə bir ürəkli şoumen, aparcı, jurnalist peyda olub iqtidara meydan oxumayıb.

Əslində Zelenski bütün dünyada öz iqtidarlarından narazı olan insanlara dərs verib. O deyib ki, əgər Paşinyan kimi (o da jurnalist idi) qiyam qaldırmaq, xalqı qışqırtmaq, prezident əleyhinə danışmağı məqbul hesab etmirsinizsə, bunu dövlət əleyhinə təxribat, dövlət çevrilişi, anti-milli ünsürçülük hesab edirsinizsə buyurun prezident seçkilərində namizədlik verin, görün sizin xalqın "it dəftərində" adınız varmı? Görün xalq sizi sevirmi?

İndi bizdə böyük ehtimalla bir neçə jurnalisti bir yerə toplasanız-toplasanız prezidentdən ev almaq üçün sıraya düzülərlər. Allah eləməsin ki, adları mətbuatda "prezidentliyə namizəd oldu" kimi səslənsin. Elə biləcəklər ki, prezidentliyə namizəd olmaq İlham Əliyevi bəyənməməkdir. Bu isə fəlakətdir. Yeddi arxa dönəninin qəbirdə fırlanması, ənkə böyüyünün AZTV kanalında alçaldılması, qohum əqrəbanın işdən atılması deməkdir.

Uzağa getmirəm, misal olaraq özünü bəyənən, efirdə fors edən, əli cibində "tirpaş" kimi veriliş aparan, verilişə qonaq çağırıb təhqir edib qovmaqla gündəmdə qalmağa çalışsa da efir telekanalizasiyalarının ekranına sığmayan Elçin Əlibəylini qeyd edirəm. Adam öz verilişində öz səlahiyyətlərindən sui-istifadə edib dəvət etdiyi qonaqların birinə "sən qara nöqtəsən", o birinə "sən başını qələt edib divara döyürsən" deyir, onların üstünə bir xeyli xoruzlanır. Digəl ki, incəsənət adamları prezidentin başına toplaşıb ordan-burdan danışandan (kimin ixtiyarı var dərddən danışsın) sonra onları tənqid edərkən prezidentə də yaltaqlanmağı unutmamışdı. Budur bizim jurnalistikamız. Paşinyan, Zelenski kimi adamlar bizləri təəccübləndirdikcə Azərbaycanda ilk olaraq İlham Əliyev ölüb yerə girməlidir. Çünki hamı deyir ki, Ermənistanda demokratiya var ki, jurnalist gəlib baş nazir olub, Ukraynada xalq şoumeni sevir, demokratik seçkilər keçirilir ki, şoumen gəlib "supermen" olub. Azərbaycanda isə İlham Əliyev əsrlərdir ki, kreslodan əl çəkib getmir.


648 بازدید
در حال ارسال اطلاعات...