Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2020

Ərdoğanın Əsəd və İlham Əliyev münasibətləri, şiə həbsi və Xocalı barədə susqunluğu

Türkiyə prezidenti istər loru dillə olsun istərsə də siyasi dillə hal-hazırda ABŞ-ın Şərq, yaxud müsəlman dünyasındakı “xəlifəsidir.” Ara-sıra Rusiya ilə yaxınlaşır, İran və Rusiya prezidentləri ilə şəkilləri, videoları çəkilir, konfranslara qatılır, amma qəlbi hər zaman Amerikanın yanındadır.

Onun – fikir vermisinizsə - müsəlman ölkələrinə səfər etməsində hər zaman bir inanc motivi tapmaq olur. Məsələn, İrana səfər edərkən yaşıl qalstuk taxır. Əlbəttə, iranlıların qalstukdan zəhləsi getdiyi, caiz bilmədikləri halda qalstuk taxsa da yaşıl rəngdə qalstuk seçir. Çünki bilir ki, yaşıl bir növ rənglər içində islami rəng kimi qəbul edilib. Pakistana bu yaxınlarda səfər edərkən camaat namazına qatılıb. Azərbaycanda da İlham Əliyevə təsbeh verdi.

Əslində isə nə İran, nə Pakistan, nə də Azərbaycan rəhbərləri tam olaraq Ərdoğana inanmamalı, ehtiyatını tutmalıdır. Çünki bu jestləri bir zaman o Bəşər Əsədə də edirdi. Hətta onlar – Əsəd və Ərdoğan ailəcə dost idilər. Amma ABŞ və Suriya arasında seçim etmək məcburiyyətində qalanda Ərdoğan ABŞ-ı seçir.
O Azərbaycana gəlir və İlham Əliyevə təsbeh bağışlayır. Halbuki Əsədə diktator, cani deyən Ərdoğan İlham Əliyevə qarşı da bir mövqe ortaya qoymalıdır. Axı Əliyevlərin Əsəddən nə fərqi. Ata-bala Əsəd Suriyada diktatordursa ata-bala Əliyevlərin də Əsədlərdən geri qalan tərəfi yoxdur. Əliyevlərin 27 illik hakimiyyətləri zamanında öldürülən, həbs edilən, mitinqlərdə döyülənlərin sayı bütün dünyaya bəllidir. Azərbaycanda etirazçılar döyülür, seçkilər saxtalaşdırılır, demokratiya boğulur, xüsusən Ərdoğanın dindaşları, ruhanilər heç nədən həbs edilir, hicab qadağaları meydana çıxır, məmurlar xalqa divan tutur, İlham Əliyevə “payok” çatmayanda DTX onları “həbs edir”, rüşvət və korrupsiyada artıq Əliyev də boğulmaqdadır, millət acından qırılır, amma Ərdoğan bütün bunlara susur.

Ərdoğanın açıq-aşkar şiə düşməni olması məlumdur. Adam özü diliylə demişdi ki, nurçular şiələrin əlinə su tökə bilməzlər. Onun sələflərindən olan Özal da demişdi ki, Azərbaycan və İran şiədir, getsinlər İrandan yardım istəsinlər. Belə bir adamın şiə ruhanilərinin həbsinə göz yumması təbiidir. Allah bilir ki, bu cür adamların erməni, kürd hakimiyyətinin Azərbaycan şiələrinə divan tutması arzularından biridir.
Ərdoğan bundan başqa Qarabağ məsələsində də susur. Baxın, adam Suriyaya, İraqa girir, bir dəfə də Qarabağa girsin, Xocalı soyqırımının faillərini cəzalandırsın, bu haqda danışsın. Amma etməz.
Bəli, siyasətdə dostluq müvəqqətidir. Ərdoğan kimi siyasətçilər güclü dövlətlərdən qorxurlar. Bu cür siyasətçilərin Allahdan yox ABŞ-dan qorxusu vardır. Ona görə də müsəlmanları ABŞ-a rahatlıqla sata bilirlər. Allah bilir vaxt gələcək İlham Əliyevi də “baqaja qoyacaq.” Hələ ki, ABŞ İlham Əliyevdən razı olduğu üçün o da Əliyevlə görüşür, qarşılqlı olaraq dişlərini bir-birinə ağardırlar, bığları qarşılıqlı gülüşmələr nəticəsində o tərəf bu tərəfə oynayır. Eyniylə Bəşər Əsədlə olduğu kimi.


503 بازدید
در حال ارسال اطلاعات...