Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2014

Nobel - ölüm sövdəgəri ya elm hamisi?

Pinterin Nobel nitqindən:
Müsəlmanların qanını tökdüyünə görə Toni Bleyr və Buşa cinayət işi açılsın. Jurnalın birinin üz qabığında mənim ölkəmin başçısı bir uşağı gülümsəyərək qucağına alır. İkinci səhifədə isə mərmi qollarını qoparmış iraqlı körpə var. Bleyer onu qucağına almır ki, üstü qana batar. O uşaq isə soruşur, nə vaxt mənim qələmim olacaq - Bu İngiltərə vətəndaşı olan yəhudinin çıxışıdır.
Zingerin Nobel nitqindən:
Qocalar elə işlərlə məşğul olub ki, uşaqlar Allaha inana bilmir.

***

Nobel mükafatı barədə eşitməyən adam az olar. Hər il ən üstün ixtiralar, fizika, kimya və başqa sahələrdə kəşflər, ədəbiyyat, sülh yönlü fəaliyyətlər müqabilində verilən bu mükafatın 100 ildən artıq tarixi var. Demək olar ki, dünya miqyasında ən məşhur və nüfuzlu mükafat Nobel mükafatıdır. Amma bu mükafatın kimlərə verilməsi də günümüzün mübahisəli mövzusuna çevrilib. Əgər elmi sahələrdə namizədlərin təyini bir o qədər də mübahisə yaratmırsa, ədəbiyyat, eləcə də sülh sahəsində namizədlərin təyini uzun-uzadı qalmaqallarla müşayiət olunur. İsveçli kimyaçı alim Alfred Nobel dünyanı qana bələyən dinamitin ixtiraçısıdır. Bu partlayıcı maddəni mədəndə istifadə üçün nəzərdə tutan alim özü də şahid oldu ki, onun kəşfindən daha çox müharibə meydanlarında istifadə olundu.

Alfred Nobel öz elmi kəşfləri sayəsində böyük sərvət sahibi oldu. Alfred Nobelin qardaşı Lüdviq Nobel dünyasını dəyişəndə fransalı bir müxbir Alfredin öldüyünü güman edib, dinamitin kəşfinə görə onu öz məqaləsində “ölüm sövdəgəri” adlandırır. Məqaləni oxuyan Nobel çox mütəəssir olur. O vəsiyyətnaməsini ikinci dəfə yazaraq, sərvətinin 96%-ni ən böyük elmi kəşflər müqabilində mükafat üçün ayırır. Nobel vəsiyyət edir ki, bu mükafat kimya, fizika, fiziologiya, ədəbiyyat və sülh sahəsində seçilən insanlara verilsin. Nobelin ölümündən 5 il sonra ilk Nobel mükafatının təqdimat mərasimi keçirilir.

Nobel mükafatı üçün namizədliyin irəli sürülməsi mexanizmi belə qurulub ki, yalnız ötən il mükafatı alanlar kimisə namizəd göstərə bilər. Sabiq nobelçilərdən əlavə Nobel heyəti məşhur universitet professorlarının rəyi əsasında namizəd təyin edir.

Dünyada Nobel mükafatı kimi ikinci elmi mükafat yoxdur. Hər il dekabr ayının 10-da, Nobelin vəfat ildönümü günü mükafat sahibinə çatdırılır.

Nobel mükafatı bir qızıl medal, bir diplom və pul mükafatından ibarətdir. Qızıl medalın üzərində Alfred Nobelin şəkili həkk olunub. Pul mükafatının məbləği 10 milyon kron, təqribən 1,3 milyon dollardır.

Bu mükafatı təyin etməkdə Nobelin məqsədi nə olub? Belə ehtimal olunur ki, Nobel elmi və yaradıcı işlə məşğul olanları maddi problemlərdən azad etmək istəyib. Bununla belə adətən mükafatı alanlar pul məbləğini xeyriyyə işlərinə sərf edirlər. Əgər bir sahə üzrə bir neçə qalib olarsa, pul məbləği onların arasında bölünür. Bəziləri soruşur ki, 100 ildir mükafat verilir, nə üçün fondun pulu tükənmir? Alfred Nobelin vəsiyyəti əsasında Nobel heyətinin qərarı ilə fondun pulu müxtəlif aparıcı şirkətlərin səhminə yatırılır. Yalnız gələn qazanc hesabına mükafatlar verilir.

Nobel mükafatçısının seçilməsi kifayət qədər uzun vaxt aparır. Olsun ki, bu araşdırmaların dəqiqliyi Nobel mükafatını başqa mükafatlardan fərqləndirir. Əvvəlcə dünyanın məşhur professorlarına sorğular göndərilir və bu sorğu anketləri əsasında namizədlər siyahısı hazırlanır. Hərə öz sahəsində namizəd göstərə bilər. Namizədlərin adı son ana qədər gizli saxlanılır. Namizədlərin sayı 3 minə çatır. Sonda komissiyaya 15 nəfərin adı təqdim olunur. Namizədlərin seçilməsində dünyanın məşhur elm ocaqlarının rəyi əsas götürülür.

Maraqlı nöqtələrdən biri budur ki, nominasiyalar arasında riyaziyyata yer verilməyib. Başqa sözlə riyaziyyat sahəsində heç bir kəşfə görə Nobel mükafatı verilmir. Bunun bir səbəbi Nobelin öz vəsiyyətnaməsində bu sahəni qeyd etməməsidir. Başqa bir səbəb dünyada riyaziyyat üzrə çoxsaylı mükafatların mövcudluğudur. İsveçin Krafurd mükafatını bəzən “Riyazi Nobel” adlandırırlar. Beynəlxalq Filds mükafatı 40 yaşından aşağı riyaziyyatçılara verilir.

Nobel heyətinin nizamnaməsinə əsasən dünyasını dəyişmiş şəxsə Nobel mükafatı verilə bilməz. Amma namizədlər araşdırılan dövrdə seçilmiş və dünyasını dəyişmiş şəxs mükafatlandırılır. 1931-ci ildə Erik Eksel, 1961-ci ildə Daq belə bir şəraitdə mükafatlandırılıb.

Nur-az.com


7210 بازدید
در حال ارسال اطلاعات...