Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2017

Mehman Hüseynova olan işgəncələr bir daha göstərdi ki...

Bu xalqın içindən zaman-zaman öz sözünü deyən oğullar çıxıb. Bu insanları azğın hakimiyyət gah düşmənə işləməkdə ittiham edir, gah agent adlandırır, gah vətən xaini, dövlət çevrilişi etmək istəyən qaragüruhçu kimi qələmə verir. Amma unudur ki, bu axının qabağını artıq almaq mümkünsüz həddədir. Bunu, vəziyyəti bu məcraya gətirib çıxarmazdan öncə düşünmək lazım idi. Artıq xalqın bütün təbəqələrindən etirazlar var. Gənclər, yaşlılar, əlillər, şəhid ailələri, dindarlar, kommunistlər, hətta bir zamanlar YAP-da təmsil olunanlar belə bu gün hakimiyyətə haqlı olaraq etiraz edir. Əslində hamı narahatdır, sadəcə bəzi işlərin zamana ehtiyacı var.
Gənc blogger, cəsarətli jurnalist Mehman Hüseynovun naməlum şəxslər tərəfindən oğurlanması, daha sonra işgəncələrə məruz qalması bir daha göstərdi ki, iqtidar gənclərdən bərk qorxur. Ona qarşı olan işgəncələr ictimaiyyət tərəfindən şiddətlə qınanmalıdır. Əslində dayaqları çürümüş, bərəkəti göyə sovrulmuş, yaltaqlardan, səriştəsiz qocalardan, zavallı məmurlardan ibarət olan iqtidarın gənc bir bloggerdən qorxması təbii qarşılanmalıdır. Çünki bu insanda iki potensial cəmlənib; gəncdir və jurnalistdir. Ara-sıra YAP özünün yetişdirdiyi yaltaq gəncliyi müxalifət liderlərinin əleyhinə qışqırdırdı. Amma tezliklə ifşa olundular. Məlum oldu ki, bu gənclər əslində aldadılmış zavallı vətəndaşlarımızdır. Amma onların etdiyi heç bir iş, səsləndirdiyi heç bir şüar cəmiyyətdə səs-küy yaratmadı. Ən çox haqlarında duyulan söz "yaltaq gənclik" ifadəsi oldu. Amma Mehman Hüseynovun tutulması, neçə gündür təqib edilməsi ictimaiyyətdə maraq oyatdı.
Gənc blogger uzun müddət idi ki, varlı məmurların villalarını çəkib onları ifşa edirdi. Əslində güya zahirdə korrupsiya ilə mübarizə aparan hakimiyyət, başda İlham Əliyev Mehman Hüseynova çox sağol deməli, alnından öpməli idi. Çünki az yaşlı uşaq da bilir ki, bu cür malikanələrə sahib olan məmurlar onlara ayrılan dövlət maaşıyla bu həddə varlana bilməzdilər. Deməli ortada soyğunçuluq, talançılıq faktoru var. Mehman isə bunları açıq bir şəkildə ekranlaşdırıb sosial şəbəkələrdə yayırdı. Bu isə təbii ki, xalqı kasıbçılıq bataqlığında boğan, özü isə korrupsiya bataqlığında batan hakimiyyətə sərf etmirdi.
Buradan bəzi nəticələri əldə etmək mümkündür. Məsələn, İlham Əliyev dəfələrlə sözlə də olsa dəbdəbəli məmurlardan və qudurğan məmur balalarından şikayət edib, onlara barmaq sirkələyib, qulaqburması verib. Amma bütün bu baş verənlər, xüsusilə Mehman Hüseynovun, yəni məmurların dəbdəbəli həyatlarının çox cüzi bir hissəsini ictimailəşdirən bir şəxsin işgəncələrə məruz qalması onu deməyə əsas verir ki, İlham Əliyevin bu olan-bitəndən xəbəri var, sadəcə səsini çıxarmır. Çıxarmırsa iki ehtimal var, ya olan-bitəndən xəbərdardır və özü bu soyğunçu şəbəkənin başındadır. Ya da (zəif ehtimal da olsa) villalardan xəbəri olsa da Mehman Hüseynovun həbsindən xəbəri yoxdur. Yəni, özünü görməzliyə vurub, ölkəsində baş verənlərdən qafildir. Əgər belə olmasaydı İlham Əliyev Mehman Hüseynovun alnından öpməli idi. Çünki Hacıbala Abutalıbov İlham Əliyevə tikilən villaların kimə məxsus olduğunu demədiyi bir halda, gənc blogger bunları çəkib ölkədə yayır. Deməli, dolayısıyla İlham Əliyevə öz rüşvət əleyhinə olan fəaliyyətində yardımçı olur. İlham Əliyev isə dediklərində səmimi olmadığı üçün Mehman Hüsyenovun başına bu oyunlar gəlir.
Buradan da o məlum olur ki, əslində Akif Çovdarov işi də adi görüntüdən başqa bir şey deyil. Çünki bu adamın etdikləri indiyədək məhz İlham Əliyev tərəfindən bilinməsəydi, onun kimi digər soyğunçu məmurlar da (hansılar ki, Mehmanın videolarında ifşa ediliblər) həbs edilərdi. Deməli, bütün bunlar oyundan başqa bir şey deyil. Sadəcə iqtidar zaman-zaman xalqı soyub-taladıqdan sonra xalqın önünə bir nəfər çıxatmağa məcbur idi ki, xalq desin bəli, İlham Əliyev yaxşı işləyir, işləri korlayan məmurlardır.
Mehman Hüseynov kimi gənclər bu ölkədə yenə tapılacaq. Bir zamanlar Emin Milli, Hacızadə adlı gənc bloggerlər hakimiyyətə meydan oxudu, daha sonra Heydər Əliyevin heykəlini yazan gənc, qəhrəman blogger öz hünərini göstərdi. Mehman Hüseynov da axırıncı deyil, inşallah axarıncıdır.


975 dəfə baxılıb
در حال ارسال اطلاعات...