Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2018

Qəlbi ölümdən necə qorumalı?

Bismilləhir-Rahmənir-Rahim!

Əyyami-Fatimə (ə) günlərini yaşayırıq. Bu günlər - əziz Peyğəmbərimizin gözünün işığı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti günlərinə aid bir dönəmdir.

Xanım Zəhranın (s.ə) mübarək varlığı barədə bir çox rakurslardan danışmaq olar. Amma Həzrət Rəsuli-Əkrəmin (s) övladı və eyni zamanda ən parlaq davamçılarından olaraq, bir həyat yoldaşının, ananın ideal nümunəsi olaraq, İslam ümmətinin yolgöstərən parlaq nurlarından olaraq Xanım Zəhranın (s.ə) mübarək şəxsiyyəti barədə nə qədər danışılsa da, o Həzrətin dühasını əhatə etmək mümkün olmaz.

Mübarək nümunəyə əmələn riayət etmək

Amma Xanımla (s.ə) bağlı əyyamı keçirməyin ən mühüm və ən bərəkətli yollarından biri o olardı ki, insan o məsələlərə nəzər salsın ki, Xanımın (s.ə) yaşayışını xarakterizə edir. İnsan o məsələlərə diqqət etsin ki, Xanımın (s.ə) həyat tərzini səciyyələndirsin. Və bunu etməkdə insanın əsas hədəfi o olmalıdır ki, özünün real vəziyyəti üçün nümunələr, ibrətlər götürsün. Gündəlik həyatında tətbiq etmək üçün dərslər çıxara bilsin. Əhəmiyyətlilik və mühümlülük buradadır. Sözsüz ki, insanın həyatının necəliyinə təsir etmə baxımından bu mübarək nümunəyə əmələn riayət etmək çox mühümdür.

Həzrət Fatimənin (s.ə) həyatına diqqət etdikdə, ilk öncə diqqəti çəkən - ali hədəflərin üstün tutulması amilidir. Və bu üstün tutma həm də onda özünü göstərir ki, həyatın hər bir səhnəsində ali hədəflər ən mərkəzi yerdədir. Xanım (s.ə) bütün həyatı boyu ardıcıl və davamlı olaraq hər bir şeyi məhz ali hədəflərə uyğun olaraq edirdi. İstər fərdi həyatında, istər ailə həyatında, istər ictimai həyatda, ana olaraq, övlad olaraq, həyat yoldaşı, dəyərlər təbliğatçısı, zülmü ifşa edən olaraq Həzrət Fatimə (s.ə) fəqət Allah Təalanın rizayətini, razılığını düşünürdü. Ali amallar ardınca idi. Və bu istiqamətdə hər zaman fədakarlığa hazır idi.

Mömin adına iddialı olan insan gündəlik həyatında məhz bu iki məsələni ibrət götürsə, böyük irəliləyiş etmiş olar: ali hədəflərin ardınca olmaqlıq və bu durumu qorumaq üçün fədakarlıq halətinin mövcudluğu. Əgər insan Xanım Zəhranın (s.ə) o yüksək amallar ardınca olması mövzusuna diqqət yetirsə və bu amalları özü üçün qəbul etsə, bu amallara doğru istiqamətləndirsə, həyatını - Əyyami-Fatimədən götürdüyü ən böyük töhfə olar.

Həzrət Zəhranın (s.ə) məqamını hədislərdən tanıyaq

Təbərrük üçün Həzrət Zəhraya (s.ə) aid mübarək hədislərə nəzər salaq. Həzrət Zəhranın (s.ə) müqəddəs varlığını bu hədislərdən müəyyən qədər tanımaq olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Qızım ona görə Fatimə (s.ə) adlandırılmışdır ki, Allah Təala onu sevənləri oddan qorumuşdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qızım Fatiməni (s.ə) sevər, behiştdə mənimlə olar. Hər kim ona düşmənçilik edər, atəşdə olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Şübhəsiz ki, Fatimə (s.ə) - insan cilində xəlq olmuş huridir”.

İmam Kazım (ə) buyurur: “O evdə ki, Muhəmməd, ya Əhməd, ya Əli, ya Həsən, ya Hüseyn, ya Cəfər, ya Talib, ya Abdullah, qızlar içərindən Fatimə (adını daşıyan) olarsa, yoxsulluq (ora) daxil olmaz”.

İmam Sadiq (ə) buyurur: “Fatimə (s.ə) əvvəldən axırıncıya qədər olan dünya qadınlarının sərvəridir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) - bədənimin bir parçası, gözümün nuru, qəlbimin meyvəsidir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Şübhəsiz ki, Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, razılığı ilə razı olur”.

Həzrət Peğəmbər (s) buyurur: “Nifrin olsun, nifrin olsun o kəsə ki, məndən sonra qızım Fatiməyə (s.ə) zülm edər, haqqını qəsb edər və onu öldürər”.

İmam Baqir (ə) buyurur: “Allah Təala, Fatimənin (s.ə) təsbihi kimi üstün bir ibadətlə həmd və sitayiş olmamışdır”.

Həzrət Əli (ə) buyurur: “O ikisi (Həsən (ə) və Hüseyn (ə)) - Muhəmməd (s) üçün başda olan iki göz kimidirlər. Mən (Muhəmməd (s) üçün) bədən üçün olan əl kimiyəm. Fatimə (s.ə) - bədən üçün olan qəlb kimidir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Fatiməni (s.ə) ziyarət edər, ona bənzəyir ki, məni ziyarət etmişdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mən - günəşəm, Əli (ə) - Aydır, Fatimə (s.ə) - Zöhrə ulduzudur, Həsən (ə) və Hüseyn (ə) isə iki nur saçan ulduzdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Səlman! Həqiqətən Allah Fatimənin (s.ə) qəlb və əzasını sümüklərinə qədər tam iman və yəqinliklə xəlq etmişdir”.

İmam Kazım (ə) buyurur: “Fatimə (s.ə) çox düz danışan xanım idi ki, onu şəhid etdilər”.

Cismin və ruhun 6 halı

Yüksək amallar yoluna çıxmaq üçün insana zəruri olan cəhətlərə diqqət yetirək. Bunlarla bağlı mübarək dinimizin konkret düsturları var. İlk növbədə, insanın ruhi-psixoloji durumuna aid olan tövsiyələrə diqqət edək. Bu mövzuda Həzrət Əlidən (ə) aşağıdakı məzmunda hədis nəql edilir: “İnsanın bədəninin 6 halı vardır: sağlamlıq, xəstəlik, ölüm, həyat, yuxu və oyaqlıq. İnsanın canı da 6 halətə malikdir: canın həyatı - elmdir, ölümü - cəhalətdir; xəstəliyi - şəkdir (tərəddüddə olmaqdır), sağlamlığı - yəqindir (mütməinlikdir); yuxusu - qəflətdir və oyaqlığı isə hifz və müraqibətdir”.

Gördüyümüz kimi, Əmirəlmöminin (ə) bəlağətilə cismimizlə mənəvi vəziyyətimiz arasında dəqiqi paralellər bizlərə çatdırılır. Necə bədənin halları müxtəlifdir, necə bədən ölü və diri, xəstə və sağlam, yuxulu və oyaq kimi vəziyyətlərdə ola bilirsə, o cür də insanın ruhu bu hallara malikdir. Bu 6 halın hər birinin səciyyəvi xüsusiyyətləri də təqdim olunur. Bu xüsusiyyətlərə diqqət olunmalıdır.

İlk olaraq, təbii ki, həyatverici xüsusiyyətə diqqət edək. Canın həyatverici amili kimi burada elm təqdim edilir. Bizim canımızın, ruhumuzun, bizim mənəvi tərkibimizin həyatiliyini mübarək dinimiz elmdə, tanımada, bilikdə görür. Nə qədər insanın elmi çoxdur, nə qədər bilgisi çoxdur, tanıması çoxdursa, o qədər həyatı çoxdur. Deməli, birinci önəmli məsələ budur ki, canımızın həyatı - elmdir. Elmliyimiz nə qədər yüksəkdirsə, həyatiliyimiz də bir o qədər çoxdur.

Bunun əksi olaraq, canımızın ölümü cəhalətlə əlaqələndirilir. Nadanlıq, savadsızlıq, cahillik - ruhun ölümü deməkdir. Əfsuslar olsun ki, belə bir Əlisi (ə) olan toplumda cəhalət ayaq açıb yeriyir. Bir din ki, yaşamağı elmli olmaqla şərtləndirir, onun ardıcılları əməldə, yaşayışda bu tövsiyələri özünə rəhbər tutmur. Amma Əli (ə) məntiqilə yaşayan bir müsəlman həyata can atırsa, sözsüz, bu, o deməkdir ki, elmini yüksəltməlidir. Və ölümdən qurtulmaq istəyirsə, bu, o deməkdir ki, cəhalətdən can qurtarmalıdır, nadanlığı özündən uzaq etməlidir.

Qəlbin ölümü və diriliyi

Qeyd etdiyimiz kimi, ruhun ölüm və həyat vəziyyətləri var və onun həyatı elmlə səciyyələnirsə, ölümü cahilik, nadanlıqla müəyyənləşdirilir. Canın xəstəliyinə gəldikdə isə bunun meyarı şəkk-şübhəli durumdur. Daima tərəddüddə olan insanın ruhiyyəsi xəstədir. Şəkk və tərəddüd əslində ən böyük mərəzdir. Ruhu şəkk virusuna “yoluxmuş” insan salamat işlər görə bilmir.

Burada şöhbət məchul üzərində olan tərəddüddən getmir. İnsan bir məsələ üzərində düşünüb-daşınır, ölçüb-biçir - bu ayrı. Söhbət ondan gedir ki, vəzifəsinin aşkar olması müqabilində, görməli olduğu işin necəliyinə və nəcürlüyünədək ona əslində məlum olduğu halda, özünü çaşdırır, şəkk-şübhəyə salır.

Bunun əksi - yəqindir. Yəqinlik, mütməinlik - qəlbin salamatlığına dəlalət edən halətlərdəndir. Qəlbimizdə yəqinlik varsa, canımızın salimliyindən danışmaq olar. Yersiz şəklərə düşmürüksə, təklifimizi bildiyimiz halda arxayın irəli gediriksə, deməli ruhumuz salamatdır.

Vücudi oyaqlıq

Mübarək hədisdə daha iki nöqtəyə işarə edilir ki, bunlar yuxu və oyaqlıq ilə əlaqədardır. Beləcə, qəlbin yuxusu - qəflətdə olmaqdır. Qəflət - insanın mənəvi durumunun yuxululuğudur. Ruhun oyanışı isə qorunma və müraqibətə bağlıdır. İnsan nə qədər qorunar, müraqibət edərsə, etdiklərinin fərqinə nə qədər vararsa - bir o qədər oyaqdır. İnsan nə qədər özünə, öz hərəkətlərinə diqqət edərsə, hər bir işinin hesab-kitabını apararsa, bir o qədər oyaqdır. İnsanın hərəkət və sözləri nə qədər onun əqlinin məhsuludursa, əməlləri nə dərəcədə onun iradəvi durumunu əks etdirirsə, bir o qədər demək olar ki, bu insan öz ruhunun oyanışını təmin edir. Bunun əksi isə qəflətdir ki, insan belə durumda olanda, əslində vücudi yuxuya qərq olmuş olur.

Uca Allahdan duamız budur ki, bizlərin ruhunu elmlə həyatiləşdirsin, yəqinlə salamat etsin və qorunma, müraqibətlə oyaq qərar versin. Allah Təala cəmi insanları cahillikdən xilas etsin ki, vücudi ölüm olmasın. Şəkk-şübhədən uzaq etsin ki, qəlbi mərəzlikdən qorusun. Qəflətdən uzaq etsin ki, yuxuluğa tutulmasın.

Ariflər nəyi görürlər?

Allah Təala qismət etsin ki, bəhrə apara bilək bu bəhslərdən. Əmələn tətbiq edə bilək bu məsələlərdə olan hikmətləri. Bunları sadəcə gözəl sözlər kimi deyil, həyatda tətbiq etmək üçün əməli düstur kim qəbul edək.

Qəlbin ölməsi, ruhun məhvi bir çox insanı göz görərkən haqlamasına baxmayaraq, çox az adamı narahat edir. Fiziki ölüm əksər insanların fikrini-zikrini məşğul edir. Bu ölümü uzaqlaşdırmaq üçün əllərindən gələni edirlər. Amma mənəvi ölümləri ilə qətiyyən qayğılanmırlar. Halbuki ruhun ölümü - həqiqi ölümdür, fiziki ölüm isə bir həyatdan digərinə keçiddir. Odur ki, ariflər mənəvi ölümü həqiqi faciə sayırlar. Bu barədə Həzrət Əlidən (ə) nəql edilən hədisdə bildirilir: “Mərifət sahibləri dünya əhlinə baxıb görərlər ki, bədənlərinin ölümünü böyük sayırlar, həddən çox əhəmiyyət verirlər. Və onlar (ariflər) isə qəlblərinin ölümünü daha böyük və daha ciddi hesab edirlər”.

Ariflər dünyanı ötəri, keçici bir şey sayarlar. Bilərlər ki, bir gün bura ilə vidalaşmaq - qaçılmazdır. Geci-tezi var, amma heç kəs bu dünyanı tutub qala bilməyib. Amma mənəvi baxımdan ölən insan, həqiqi ölümlə üzləşmişdr. Qəlbin məhvi - əbədi məhv deməkdir. İnsanın canı, qəlbi, ruhiyyəsi məhv olsa, əbədi olaraq ölümə məhkum olur.

Əgər dünya əhli bədənin ölümünə ki, zatən müvəqqəti bir kateqoriyadan söhbət gedir, onsuz da aradan gedəcək - bu qədər böyük əhəmiyyət verir, bunun əksi olaraq, ariflər mənəvi ölümün qayğısındadırlar. Düşünən insan üçün belə vəziyyətin alternativsizliyi və bunun əksi olan fiziki ölümü mənəvi ölümdən üstün tutmağın absurdluğu göz önündədir. Çünki, mənəvi ölümdən danışıldıqda müqayisəolunmaz dərəcədə böyük itkidən söhbət gedir.

Diqqət etsək, görərik ki, Məsumların (ə) bütün həyatı bu həqiqətlərin təsdiqinə həsr edilib. Bütün səylərinin hədəfi bu olub ki, qəlblərinin diriliyini saxlasınlar. Qəlblərinin oyaqlığını, salamatlığını saxlasınlar. Və bu baxımdan hər zaman qəlbin salamatlığının, diriliyinin əhəmiyyətinə varıblar. Bu nümunəyə diqqət etsək, qəlbin diriliyinə fövqəl əhəmiyyət verərik. Bütün işlərimizi bu hədəfə təslim edərik. İnsan bir əzasının ağrımasından necə narahat olursa, qəlbinə yara vurulmasından da bundan az olmayaraq narahat olmalıdır. Müvəqqəti cisminin yaralanmasından əziyyət çəkdiyi kimi, əbədi ruhunun yaralanmasından da gərək əziyyət çəksin. Yalnız bu zaman yaranışının fəlsəfəsnə uyğun həyat sürmüş olar.

Hər şeyə çarə qılmaq olar, amma insan bu dünyada qəlbi xəstə yaşayıb, qəlbi ölmüş vəziyyətdə də bu dünyadan getsə, nicat tapa bilməyəcəkdir. Və ən başlıcası - bütün bunları mücərrəd mövzular kimi qəbul etməmək gərəkdir. Əmələn realizə olunmalı bir kateqoriya kimi gündəlik həyatda tətbiq etsin gərək insan bunları.

Uca Allahdan duamız budur ki, bizlərin də bu məsələlərə diqqət etməyimizi nəsib etsin. Amin!


364 dəfə baxılıb
در حال ارسال اطلاعات...