Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2018

BƏS KİMDƏN YAZIM?

Ey cahil, inadkar, naxələf insan,
Niyə narazısan, Əlidən yazım?
Odur hafizi din, Natiqi Quran,
Əlisiz batildir oruc, namazım.
Əlidən yazmayım, bəs kimdən yazım?!

Əli peyğəmbərin canı deyilmi?
Peyğəmbərin qanı, qanı deyilmi?
İslamın şöhrəti, şanı deyilmi?
Əli deyildirmi şahi Hicazım?
Əlidən yazmayım, bəs kimdən yazım?!

Odur gözlərini açan Kəbədə.
Əli ilə fəzilət tapıb qiblə də.
Əli öndə olub hər bir cəbhədə,
Onun sayəsində qalıb namazım.
Əlidən yazmayım, bəs kimdən yazım?!

Peyğəmbər qucağı olub məkanı,
Bunu söylədim ki, sən yaxşı tanı!
Allah layiq görüb Ona Zəhranı,
Ona fəda olsun, oğulum, qızım,
Əlidən yazmayım, bəs kimdən yazım?!

Odur ilk övladı dini İslamın,
Odur nuş eyləyən şəhadət camın.
Odur sevimlisi asimanların,
Odur gecə-gündüz razi-niyazım.
Əlidən yazmayım, bəs kimdən yazım?

Əli Qədir-Xumda seçildi İmam,
Düşmənçilik etdiz, amma ki, müdam,
Onu sevdiyimçün həmişə şadam.
Onla düşmənçilik söylə nə lazım?
Əlidən yazmayım, bəs kimdən yazım?!

Əlidir məhşərdə ümmətə mizan,
Əlisiz nə fayda yüz savab qazan.
Əli məhəbbəti günahlar pozan,
Əlidir aləmdə ən xoş avazım,
Əlidən yazmayım, bəs kimdən yazım?!

Əli İmamıdır hər bir insanın,
Əli rukunudur dinin, imanın.
Əli şahididir hər bir zamanın,
Qorxuram Əlisiz yolumu azım.
Əlidən yazmayım, bəs kimdən yazım?!

Əlisiz bu həyat dərddir, Səməndər!
Əlisiz axirət tamam qəm, kədər.
Əliyə layiqdir yazsan, nə qədər,
Əlidir baharım, Əlidir yazım.
Əlidən yazmayım, bəs kimdən yazım?!


648 dəfə baxılıb
در حال ارسال اطلاعات...