Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2018

Biz haralıyıq?

2018-ci ilin may ayıdı. Biz hələ bu ölkənin vətəndaşı deyilik. Hələ bizim haralı olduğumuz bilinmir.
Yaxud, “dünya hara baxır” bəhanəsi

Bizim ölkəmizdə bolluqdu. Korrupsiyadan tutmuş, yaltaqlığa qədər “qeyri-neft sektoru”nun bütün sahələrini inkişaf etdirmişik. Demək olar ki, “üfünətli məhsullar”da idxaldan asılılığımız yoxdur. Hətta deyə bilərik ki, xeyli “milli sərvət”i xaricə ixrac edə bilirik. Günahısz adamları şərləmək üzrə dissertasiya yaza bilərik, ən alçaq adama yaltaqlanmağın formaları barədə nüfuzlu Universitetlərdə mühazirələr oxumaq potensialımız var. Milyardları həzm etdikdən sonra doymamağın mümkünlüyünü sübuta yetirərik. 70, 80, 90 yaşında vəzifə kürsüsündən yapışmaq ehtirasımızı nümayiş etdirə bilərik.
Bəli, burlar tamam başqa aləmdi. Bu ölkədə adamlar aldanmaqlarına şükr edə bilirlər, bu ölkənin adamları qatili alqışlamağı, vampirin üzünə gülümsəməyi, oğruya müqədəs varlıq kimi baxmağı bacarırlar. Bu ölkədə 150 manat əməkhaqqı alan adam 150 milyardı müsadirə edənə baxıb, “bundan sonra gələn daha pis olacaq” deyə bilir. Bu ölkədə ləyaqətli insanın işgəncəyə məruz qalmasına tamaşa edib, “hökumətlə hökumətlik etmək olmaz” qənaətinə gələnlər var. Bu ölkədə 20 faiz ərazinin işğalını Cocuq Mərcanlıyla unutdurmaq mümkün olur. Bu ölkədə Şuşada şəhid olanın ailəsini komaya məhkum edib, böyük vətən müharibəsi veteranına medallar paylamaq ənənəsi var.
Ümumiyyətlə, bu ölkədə dərdə qucaq açanlar, zillətlə rəfiqə olanlar, taleyini əjdahaya kirayə verənlər çoxdur. Həqiqəti bilənlər bilməyənlərdən daha çox bəhanə axtarır. Haqsızlığı görən xeyli adam var ki, ürəyinin gözü kor olub.
Amma bu ölkədə “sən haralısan” sualı məhşurdu. Bu ölkədə yeri əlindən alınmış, öz yurdunda qərib olanlar özünə yerli axtarır. “Filankəs mənim yerlimdi” deyib, kimisə qorumağa cəhd edənlər də var. Hərbi xidmətdə, iş yerində, məktəbdə, avtobusda qısa tanışlıqdan sonra “sən haralısan” sualı dövriyəyə girir. Bəlkə də hamımız özümüzə bu sualı verməliyik. Biz indi haralıyıq? Bizim indi haramız qalıb?
Biz doqğurdan da buralıyıqsa, niyə buraların məhv edilməsinə rahatlıqla tamaşa edə bilirik? Biz buraların vətəndaşıyıqsa, niyə özümüzü oralardakı kimi aparırıq? Bəlkə də sualı biraz da konkretləşdirməliyik. Biz kimik?
Səsinin, haqqının, bu gününün, sabahının oğurlanmasıyla barışan adamlar deyilikmi?
Biz o qədər kiçilmişik ki, həyətimizə hasar çəkməyə qorxuruq. Çünki pul verməsək icranın qoçuları bu hasarı sökəcək. Biz məktəbdəki “pulyığma əməliyyatı”na etiraz edə bilmirik. Çünki müəllim prinsipə düşüb, övladımızın gündəliyinə “2” yazar. Biz dövlət xəstəxanasında təmənalı xidmətə “yox” deyə bilmirik. Çünki pul verməsək, yanlış diaqnoz qoyarlar, bizi yaxşı müayinə etməzlər.
İndi ayılmışıq ki, pulun yanında “liliput”kimi görünürük. Və bu qədər aşağılandıqdan sonra “dünya hara baxır”, “Qərb ölkədəki haqsızlığı görmür” deyib, “sveji” bəhanəyə girişirik. Özümüz haqsızlıq qarşısında kor olub, dünyadan dörd gözlə müşahidə tələb edirik. Halbuki özümüzə sual verməliyik. Bizim görmək istəmədiyimizi, dünya niyə görməlidir?
2018-ci ilin may ayıdı. Biz hələ bu ölkənin vətəndaşı deyilik. Hələ bizim haralı olduğumuz bilinmir. Birimiz balaca mağazamızın, birimiz kiçik evimizin, birimiz də palçıqlı məhləmizin vətəndaşıyıq. Hamımız bu ölkənin vətəndaşı olanda, dünya bizi görəcək. Deməli, ilk növbədə özümüz özümüzü görməliyik.
Vaxt ötür, biz buralıyıqsa bunu sübut etməliyik.


111 dəfə baxılıb
در حال ارسال اطلاعات...