Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2018

İnsanın özünü islah etməsinin mərhələləri

Bismilləhir-Rahmənir-Rahim
Allaha həmd-sənalar olsun ki, bizlərə mübarək İlahi təlimi yaşatmaq kimi böyük bir neməti və səadətini nəsib edib. Geridə qoydiğumuz İlahi ziyafət - mübarək Ramazan ayı bu baxımdan xüsusi önəm və əhəmiyyət kəsb edir. Kimlər üçünsə bu, yalnız müəyyən qədər ac və susuz qalmaq dönəmi idi, kimlər üçünsə Uca Yaradana bəndəlik məktəbini keçmək, qəlbin, zehnin, əzaların orucunu tutmaq dönəmi.

Allah Təala bizlərə bu həqiqətləri dərk edib yaşamaq tofiqatını nəsib etsin!

Özünənəzarətin ilk mərhələləri - müşaritə və müraqibə

Bizlərin həyatında ən əsas diqqət etməli məsələlərdən biri budur ki, insan gərək gün ərzində özünü nəzarətdə saxlamağı bacarsın. Əgər biz bunu etməsək, həyatımızda heç bir irəliləyişə, inkişafa çata bilməyəcəyik.

Özümüzü nəzarətdə saxlamaq üçün əxlaqi dillə desək, müraqibə etmək üçün nəyə nəzarət edəcəyimizi müəyyən etməliyik. Əgər müəyyən etməsək, mücərrəd şəkildə, amorf halda beynimizdə olsa, qarışıq halda düşüncəmizdə saxlasaq, konkretlik olmasa - şeytan (lən) vəsvəsə edəcək, bizi müəyyən məsələləri nəzarət etməyə qoymayacaq, məsələləri bir-birinə qatacaq, növbəti günlərə, aylara saxlamağa vadar edəcək və s.

Bu, gözəl və dəqiq sözdür ki, gün ərzində özümüzlə müraqibə etməliyik. Amma özümüzə nəzarət edəcəyimiz mövzuları gərək öncədən müəyyənləşdirək.

Əxlaq elmində buna müşaritə deyilir. Yəni biz gərək mücərrəd, ümumi, qeyri-müəyyən formada deyil, konkretləşmiş bir halda beynimizdə və daha da yaxşısı - hansısa bir qeydiyyat vasitəsində nəzarət edəcəyimiz məsələləri qeyd edək. Yeməyimiz, yatmağımız, yeriməyimiz, namazlarımızın qılınması, oruclarımız, davranışlarımız, ünsiyyətlərimiz - özümüzlə bağlı hər şeyi müəyyən edək.

Özümüz özümüzlə bir qərardad bağlamalıyıq. Biz başqaları ilə bir şərtləşmə aparmağa, sonradan həmin şərtlərin yerinə yetirilməsinə nəzarət etməyə öyrəşmişik. Sonradan kimin düz, kimin səhv etdiyini yoxlamağı, daha sonra nəticələndirməyi öyrənmişik. Amma mühüm budur ki, biz özümüz özümüzlə bir razılaşma, qərardad bağlayaq. Bu razılaşmanı nəfsimizlə bağlamış olaq. Gün ərzində həyatımızın bütün istiqamət və çalarları ilə bağlı özümüzlə bir razılaşmamız olsun.

Nə gözəl olar ki, insan bunların hamısını öz şərtləşməsində yaza. İlk öncə nəzarət edəcəyi məsələləri müəyyən edə, onlarla bağlı qərarlaşa, sonra isə yaza. Şəhid Mütəhhəri (r.ə) cənabları buyurardı ki, yaxşı olar ki, insan bu razılaşmasına imza da atsın. Bundan sonra isə insanın müraqibəsi başlanır. İnsan nəzarət edir ki, qeyd etdiyi bütün şərtləri həyata keçirtsin.

Günün yekununda özümüzü hesaba çəkək

Misal üçün, insan qərar verir ki, müəyyən saatdan sonra yemək yeməsin. Baxsın görsün ki, buna riayət edir, ya yox. İbadi məsələlər də bu cürdür. İnsan nəzarət etməli olduğu mövzuları qeyd etməli, sonradan onların yerinə yetirilməsinə müraqib olmalıdır.

Gün ərzində bütün məsələlərə nəzarət etdikdən sonra üçüncü mərhələ başlayır. Bu mərhələ mühasibə mərhələsi adlanır. İnsan nəzarət etdiyi, şərtləşdiyi mövzularla bağlı nəticələndirmə aparmalıdır. Buna qiymətləndirmə mərhələsi də deyilir. Bütün mövzularımızın durumuna nisbətdə bu qiymətləndirməni müəyyən etməliyik.

Yekunda misal üçün, müəyyən məsələ ilə bağlı nəticəyə çatırıq ki, yaxşı olub. Müəyyən olunur ki, bir gün razılaşmamıza əməl etmişik. Əgər razılaşmamıza əməl etmişiksə, Rəbbimizə şükür etməliyik. Şükür etməliyik ki, bir gün Allah istəyən kimi yaşaya bilmişik. Növbəti gün üçün yenə şərtləşməli və beləcə davam etməliyik.

Mühasibə zamanı görsək ki, vəziyyət pisdir, bəzi məsələləri yerinə yetirməmişik - bu zaman iki yolla davranmalıyıq. Əgər şərtləşməmizi az miqyasda pozmuşuqsa, əxlaq ustadları tövsiyə edirlər ki, bu zaman özümüzü danlamaq həddi ilə, qınamaq həddi ilə cəzalandıraq. Buna müatibə deyilir.

Amma əgər aləmi bir-birinə qatmışıqsa, şərtləşmədə olan mövzuları ciddi şəkildə pozmuşuqsa, bu zaman müaqibə yolunu seçməliyik. Əvvəldən özümüz üçün hazırladığımız cəzalar, cərimələr olmalı və şərtlərimizi kobud şəkildə pozduğumuz təqdirdə onları özümüzə tətbiq etməliyik. Cəzalar da yanlış məktəblərdə olduğu kimi fiziki, işgəncəvi xarakterli olmamalıdır. Dinimiz o cür özünü cəzalandırmanı qəti şəkildə qəbul etmir.

Necə cəza? Misal üçün, hansısa şərti pozacağımız təqdirdə əvvəlcədən müəyyən etməliyik ki, özümüzə hansısa məhdudiyyətlər qoyacağıq. Və yaxud müəyyən şərtləri pozacağımız təqdirdə ən çox xoşladığımız təamlardan, qidalardan müəyyən müddətlik imtina edəcəyik. Gərək beləcə qərarlaşaq.

Cəza mexanizmləri qurucu olmalıdır, bizi təkamülə aparan olmalıdır. Dinimiz insanı təkamülə aparmayan heç bir məsələni qəbul etmir. Əlavə oruc, sübh namazından sonra yatmayıb ibadətlə məşğul olma, qəza namazlarını çox qılmaq, münasibəti olmadığı qohum-əqrəbaları ilə sileyh-rəhmi bərpa etmək və s. kimi məsələləri insan özü üçün məcburi işlər qismində müəyyən edə bilər.

İnsanın gündəlik, aylıq, illik müşaritəsi olmalıdır. Bir günü belə boş vermək olmaz. Boş verdiyimiz gündə müraqibə edə bilməyəcəyik.

Bundan sonra gün ərzində müəyyən etdiyi məsələlər üzrə kontrol və nəzarət olmalıdır. Günün sonunda mühüm məsələ - mühasibə gəlir. Bunun da nəticəsində əgər hər şey gözəldirsə, şükür edilməli, əgər vəziyyət yaxşı deyilsə - əvvəlcə qınama, danlama mərhələsi və əgər ciddi pozuntular varsa - müaqibə olmalıdır.

Ali məqamlı insanlar bu mərhələyə özünü hesaba çəkməklə çatıb

Mərhum Ayətullah Bürucerdi (r.ə) cənabları Bürucerd şəhərində dərs deyərdi. Çox sayda insanlar dərslərinə gələrdi. Bir gün dərs vaxtı bir tələbə əlini qaldırır və sual verir. Ayətullah Bürucerdi (r.ə) cavab verir. Həmin adam bir sual da verir, alim yenə də cavab verir. Üçüncü sualı verəndə Ayətullah Bürucerdi (r.ə) cənabları ondan sakit olmasını xahiş edir.

Həmin insan sakit olur. Dərs bitir, Mərhum Ayətullah Bürucerdi minbərdən düşür, heç kim dağılışmamış həmin tələbənin əlindən öpür, əbasını çıxarıb ona hədiyyə edir və ona bir qədər də hədiyyə verərək, onu halal etməsini xahiş edir. Görünür əhdi var imiş ki, əsəbiləşəcəyi təqdirdə bir il oruc tutacaq. Bu hadisədən sonra bir il oruc tutur və hər iftardan öncə də göz yaşları axıdaraq, Allahdan bağışlanma istəyir.

Biz elə bilirik ki, bu əzizlər birdən-birə gəlir Ayətullah Bürucerdi (r.ə) cənabları olur ki, zamanın şahlarını silkələyirlər. Onlar hər məsələləri, hər mövzularını müşaritə edirlər, müraqibə ediblər, mühasibə ediblər, şükrünü yerinə yetiriblər və lazım olduğu təqdirdə müaqibə ediblər. Təbii ki, bundan sonra fərqli vəziyyətləri əmələ gəlib.

Hər yaşadığımız gün bir fürsətdir ki, əgər belə bir durumumuz yoxdursa, buna başlayaq.

Qəlbimizi kindən təmizləmə və halallaşma

Bu mətləbləri möhkəm əsaslar üzrə bərqərar etmək üçün praktik əhəmiyyətli üç mühüm tövsiyəyə diqqət edək. Birinci mühüm məsələ budur ki, bizlər qəlbimizdə insanlarla bağlı hər hansı məsələlər varsa, onlarla bağlı halallaşaq. Bir tərəfdən qəlbimizdə qalan məsələləri insanlara bağışlayaq, digər tərəfdən, insanlardan da bağışlanmamızı istəyək. Yəni, necə insan həccə, Kərbəlaya gedəndə, səfərə çıxanda ətrafındakı insanlardan halallıq alır, insan halını gözəlləşdirməyə mane olan ballastlardan qurtulmuş olmalıdır. Həm özümüz insanları bağışlayaq, həm də insanlardan bağışlanma istəyək. Bunu etmək, İlahi nemətləri dərk etmək və bəhrələnmək üçün, öz vücudi durumunu təzələmək üçün çox faydalıdır.

Həzrət Rəsulallah (s) bu cür davranışın - insanları bağışlamağın və insanlardan bağışlanmaq istəmənin çox böyük nəticələrə gətirib çıxarması barədə bizlərə xəbərdarlıq edir. Həzrət Peyğəmbər (s) buyurur: “Allahın rəhməti o bəndəyə olsun ki, müsəlman qardaşından o mövzuda ki, onun abrında, malında haqqına girib - Qiyamət günü gəlməmiş halallıq istəyə. O gün ki, həmin gün borcunu ödəmək üçün nə dirhəm var, nə dinar. Həmin gün əgər yaxşı əməllərimiz olsa, yaxşı əməllərimizdən alınıb zülm etdiyimiz kəsə veriləcək. Əgər yaxşı əməllər olmasa, zülm olunan şəxsin günahlarından götürülüb bizim günahlarımıza əlavə olunacaq”.

Ona görə də, bizim edə biləcəyimiz ən mühüm əməllərdən biri insanlardan hallallıq istəmək və öz qəlbimizi kin-küdurətdən təmizləməkdir.

Valideynlərimizə diqqəti artırmaq

İnsanın etməli olduğu ikinci tövsiyə olunan əməl - ata və anası ilə davranışla bağlıdır. Ata və ana mövzusu dinimizdə fövqəladə əhəmiyyətlidir. Belə başa düşülür ki, varlıq aləmində səbəb-nəticələr baxımından, gözə görünən amillərlə yanaşı gözəgörünməz qaydalar, təsirlər də var. Ata və anaya münasibət də o təsirlərdən biridir.

Əgər insanın ata və anası sağdırsa, islahat yoluna çıxan insan valideynləri ilə münasibətinə bir də diqqət yetirməli, Allah etməmiş inciklik, narahatlıqlarına səbəb olmuş bir məsələ varsa, onları aradan aparmalıdır. Səmimi qaydada valideynləri ilə danışmalı və onlara bildirməlidir ki, onlar üçün dua etməyə hazırlaşır, əməllərindən onlara hədiyyə etməyə hazırlaşır və onlardan da onun üçün dua etmələri istəməlidir. Çünki valideynlərin övlad üçün etdiyi dua çox təsirlidir.

Əgər valideynlər dünyalarını dəyişibsə, tövsiyə olunur ki, insan onların qəbirlərini ziyarət etsin. Çünki əgər valideynlər rəhmətə gedibsə, onların hər zamandan daha çox bizim onlar üçün dua etməyimizə, onları ziyarət etməyimizə ehtiyacları var.

Peyğəmbərimiz (s) buyurur: “O kəs ki, ata və anasını sevindirər - Allahı sevindirmişdir”.

Bizim belə bir məktəbimiz var. Bu gün dünyada belə biz vəziyyət yaranıb ki, uşaqları az qala elə tərbiyə edirlər ki, uşaqlar ata-anasında bir səhv axtarsın ki, tapan kimi onlardan şikayət etsin, onların nəzarətindən məhrum edilsin. Amma bizim mənsub olduğumuzun məktəbin öyrətdiyi dəyərlərə baxaq. Dinimiz ata-ananı sevindirməyi Allahı sevindirmək hesab edir.

Zəmanə Sahibi (ə.f) ilə münasibətlərimizi qaydaya salmaq

İslahat yolunda diqqət etməli olduğumuz üçüncü əməl - zamanımızın İmamı (ə.f) ilə, Həzrət Məhdi (ə.f) ilə münasibətlərimizə diqqət etməkdir. Bizim hər mənada acizliyimiz budur ki, bizlərin Mövlamızın (ə.f) olmasından qəflətimiz yaranıb, bizim o Həzrətlə (ə.f) təmasımız aradan gedib. Bu yola çıxmağımızın öncəsi Mövlamızla (ə.f) münasibətlərimizi bərpa edək.

Mövla (ə.f) özü buyurur: “Biz sizin halınızdan tam şəkildə xəbərdarıq və sizin hallarınızdan heç nə bizim üçün örtülü və gizli deyil”.

Mövlamız (ə.f) bizim hər halımızdan xəbərdardır. Belə isə bizlər Mövlamızla (ə.f) rabitəmizi artıraq. Allahdan istəyimiz budur ki, bizlərə Onun bəyəndiyi halda yaşamağı nəsib etsin!

Allahım, bizlərə günlərimizin, həyatımızın hesabını çəkməyi, özümüzə düzgün nəzarət etməyi nəsib et!

Allahım, bizə Sənə layiq halda olmağı nəsib et!

Allahım, bizə hallarımızın yaxşılaşmasını nəsib et! Amin!


105 dəfə baxılıb
در حال ارسال اطلاعات...