Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2018

ETİRAF

Haqqını zay etmişəm, bağışla Pərvərdigar!
Bu xəstə qəlbim mənim şəfqətinə intizar.

Lütf elə, lütfünlə gəl eylə nəzər, İlahi !
Ruhi həyat ver mənə, tərk eləyim günahı.
Düşündükcə keçmişi, həm gələcək sabahı,
Çulğalayır qüssə - qəm , çulğalayır ahu - zar.
Haqqını zay etmişəm, bağışla Pərvərdigar!

Yoxdu üzüm gəlməyə, gər məni əfv etməsən,
Kim çatacaq dadıma, dadıma Sən yetməsən?
Ver bərəkət məndəki mənəvi nemətmə Sən!
Sən bərəkət verməsən, mən olaram bil ki, xar.
Haqqını zay etmişəm, bağışla Pərvərdigar!

Şeytana çox uymuşam, nəfsimə aldanmışam,
"Bəli ", deyib sözümdə, əməlimdə danmışam.
Sən mənə rəhm etməsən, mən indidən yanmışam.
Xəstəliyimdir səbəb, üsyan deyildir aşkar.
Haqqını zay etmişəm, bağışla Pərvərdigar!

Sən mənə həssas ikən, mən Sənə qafil oldum,
Sən mənə alim ikən, mən Sənə cahil oldum.
Rəhmətin ümman ikən, mən ona sahil oldum,
Dəryada təsbihini hətta deyər balıqlar.
Haqqını zay etmişəm, bağışla Pərvərdigar!

Sənə pənah İlahi, həvayi - həvəsimdən,
Eylə azad İlahi, bu bədən qəfəsimdən!
Qul olmayım gözümdən, qul olmayım səsimdən,
Məhv eləyir bağlılıq, məhv eləyir arzular.
Haqqını zay etmişəm, bağışla Pərvərdigar!

Eşqin ilə İlahi, qəlbimi abad elə!
Ümid ver mənə ya Rəbb, Cənnətinlə şad elə!
"Әhli - Beyt"lə bizləri Axirətdə yad elə!
Onları bizlər üçün şəfaətçi ver qərar!
Haqqını zay etmişəm, bağışla Pərvərdigar!

Zahir də düşman olmuş, daxil də düşman olmuş,
Alim də düşman olmuş, cahil də düşman olmuş.
İblis də düşman olmuş, Qabil də düşman olmuş.
Dostlar çox azdı Allah, hər tərəf düşman, əğyar.
Haqqını zay etmişəm, bağışla Pərvərdigar!

Qəlb gözümü aç mənim, kor olmuş gözüm mənim!
Xəstədi ruhum mənim, xəstədi ya Rəbb, tənim.
Düşmanimiz çox bizim, düşman olubdur qənim,
Saqqallı, saqqalsızı, içində cürbəcür var.
Haqqını zay etmişəm, bağışla Pərvərdigar!

On dörd Məsum olmasa, həlak olarıq bir - bir,
Qəhr eləmə bizləri, Sən O, Hüseynə xatir!
Sən, Әli - Әkbər canı, Sən O, Әliyyi- Səğir,
Yalvarır dərgahına, günahkar bəndə Sərdar.
Haqqını zay etmişəm, bağışla Pərvərdigar!


61 dəfə baxılıb
در حال ارسال اطلاعات...