Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2018

Yaxşı əməl nədir və necə yaranır?

Bismilləhir-Rahmənir-Rahim!

Dünyada hər bir insan - dindar olub-olmamasından, namaz qılıb-qılmamasından, oruc tutub-tutmamasından asılı olmayaraq, yaxşı olmaq istəyir. Yaxşı olmaq dedikdə, insan nəyi nəzərdə tutur - bu, bir ayrı mövzudur. Amma ümumilikdə hər bir insan yaxşı insan olmaq, yaxşı əməllər etmək istəyir.

Əxlaq mütəxəssislərinin bu mövzuda söylədiklərinə əsaslanaraq, deyə bilərik ki, bu, bir fitri məsələdir. Bu, bizim qazandığımız bir mövzu deyil. İnsanın insan olaraq, daxilində yaxşı olmaq və yaxşı əməl etmək istəyi var.

Yaxşı əməl üçün əsas şərt - düzgün niyyət

Bu, özü ciddi bir mövzudur ki, yaxşı əməli fərqləndirən xüsusiyyət hansıdır? Bu haqda da dünyada müxtəlif fikir, düşüncə məktəblərində aparılan araşdırmalar nəticəsində gəlinən qənaət bu olub ki, gərək niyyət yaxşı olsun.

Ola bilər ki, bir əməl yaxşı görsənsin, amma niyyəti düzgün olmasın. Belə əməl yaxşı hesab olunmur. Bunları da kənara qoysaq, dinimiz, inancımız hesab edir ki, əməlin əməl olaraq özü-özlüyündə dəyəri yoxdur. Bu, əməlin niyyətidir ki, həmin əməli dəyərə mindirir. Məhz niyyətdir əməlin cövhəri, əməlin keyfiyyət müəyyənedicisi.

Digər mühüm bir nöqtə budur ki, düzgün niyyəti nə formalaşdırır? İslam və inanc sistemi bu mövzuda bütün suallara tam şəkildə təfsilatı ilə cavab tapmağa kömək edir. Qurandan və hədislərdən irəli gələrək, bizi yaradan, bizə inancı, İslamı göndərən Rəbbimizin bu mövzuda çatdırışlarına diqqət etməklə, düzgün və birmənalı nəticələrə çatmaq olar.

Niyyəti formalaşdıran - etiqaddır

İnancımızın nəzərinə görə, insanın niyyətini formalaşdıran mövzu - onun etiqadıdır. Bizim etiqadımız, imanımız bizim niyyətimizi formalaşdırır. Sual çıxır ki, bəs imanı nə formalaşdırır? İman yalnızca bilmək deyil. İnsan bilir ki, Allah var, peyğəmbərlər (ə) var, İmamlar (ə) var. Bilir ki, Allah ədalətlidir, məad var - ölümdən sonra həyat davam edir və insan öz əməllərinə görə cavab verəcək. Bilir ki, gündə 5 namazı qılmaq - vacibdir, bilir ki, ildə 1 ay oruc tutmalıdır. Bilir ki, xüms-zəkatını verməlidir, onun qazandığında kasıbların, yetimlərin, ahılların payı var. Və bir çox digər mövzuları bilir.

Amma bunları bilmək hələ imanı formalaşdırmır. Bunlar - işin bir tərəfidir. İşin ikinci tərəfi də var. O da olanda iman meydana gəlir. İnsanın daxilində, onun bilgisindən, əqidəsindən irəli gələn, həmin əməlləri həyata keçirmək istəyi, yerinə yetirmək əzmi olmalıdır. Məhz bu əzm - imanı formalaşdırmaq üçün ən ciddi amildir.

İnsanın daxilində bilgisi olduğu mövzuları həyata keçirmək istəyi, onu əməl müstəvisinə gətirib çıxarmalıdır. Misal üçün, insan gəlib bu nəticəyə çatır ki, Allah təkdir və ilahlığa yalnız O, layiqdir. İnsan bundan irəli gələn əməl sistemini - yalnız Allaha tapınmağı, itaət etməni həyata keçirməlidir. Bu mövzuya insanın əzmi olmalı, ardıcıllığı olmalıdır.

İnsanın boş-boş işlərin, bihudə əyləncələrin mənasız olduğunu bilməsi hələ iman deyil. İman budur ki, insan bilsin ki, bu, pisdir və bu bilgililikdən irəli gələn bunu tərk etməyə əzmi olsun. Bunlar bir yerdə olanda, bilmə və bildiyini həyata keçirmək istəyi birlikdə olduqda, insanda iman formalaşır. Fəlsəfi dillə desək, mərifət və məhəbbət bir yerdə olanda iman meydana gəlir. Bu da o deməkdir ki, insanın tanıması, bilgisinin olması, onun şövqü, istəyi ilə birləşir və iradəvi əməli meydana gətirir.

İman nədir?

Biz sanki bir od qalamaq istəyirik. Odu qalamaq üçün, yandırmaq üçün bizim bəzi məsələlərə ehtiyacımız var. Sanki iman odunu, atəşini yandırmaq üçün lazım olan iki mühüm, qurucu amil var. Bunlardan biri - bilmək, digəri - bildiyini həyata keçirmək istəyidir. Odu qalamaq üçün də həm odun, həm də kibrit lazımdır. Bunlardan biri olmasa, əmələ gəlməyəcək.

Amma bununla məsələ bitmir. Bəzən olur ki, insan bilir, bildiyinə əməl etmək istəyir, amma alınmır. Çünki, mane olan amillər var və bu mane olan amillər, onda təsir qoyur. Sanki, yağış yağır, odun yaş olur və kibriti nə qədər yandırsan da, o, yaş odunu yandırmır.

Kənar amillər iki işi həyata keçirir. İman atəşinin yanmasına mane olan iki proses gedir. Bir tərəfdən biz bildiyimiz mövzunu həyata keçirmək istəyirik, amma ondan daha da çox başqa bir şeyi istəyirik. Misal üçün, sübh namazına durmaq istəyirik, amma yuxunu ondan da daha çox istəyirik. Namazı əvvəl vaxtda qılmaq istəyirik, amma ortaya çıxan işləri həyata keçirərkən, bunlardan aldığımız ləzzəti daha çox istəyirik.

Deməli, iman gətirdiyimiz mövzuları həyata keçirmək üçün, onları tək istəməyimiz bəs etmir. Əgər bundan daha çox başqa bir şeyi istəsək, bunu tərk edəcəyik.

İkinci tərəfdən, bilirik ki, bu əməli etmək lazımdır, onu həyata keçirmək də istəyirik, amma bunu etmək bizə əziyyətli gəlir. Tənbəllik göstəririk və düşünürük ki, onu etmək əziyyətlidir. Əziyyətli olduğu üçün onu etməyi tərk edirik. Bilirik ki, sübh namazını vaxtında qılmaq əladır, bunu həyata keçirməyə istəyimiz də var, amma iki amil bizim qabağımızı alır: başqa şeyi ondan daha çox istəmək və o əməli əziyyətli görmək.

İmanın diri olmasına mane olan amillər

Bir adam namaza təzə başlayanda çox şeyi bilməyə başlayır və bildiyi hər şeyi də həyata keçirmək istəyi var onda. Bu durum nə qədər davam edirsə, onun mənəvi təkamülü davam edir. Ona qüslü, dəstəmazı, namazın digər mövzularını öyrədirlər və o da böyük həvəslə onları həyata keçirmək istəyir. Nəticədə bir insanda çox qısa müddətdə çox böyük dəyişikliklər meydana gəlir. Amma o zaman ki, insan bildiyinə uyğun şəkildə yaşamaq istəmirsə, həmin andan mənəvi təkamülü dayanır.

Bütün bu deyilənləri nəzərə alaraq, bizlər özümüzə mənəvi xətaları olan bir kəs kimi baxmalı və islah olmağa can atmalıyıq. Bunun sadə formulu ondan ibarətdir ki, 2 mövzuya diqqət etməliyik. Biz gərək xəstəliyimiz haqqında məlumatlı olaq. Nə qədər çox bilsək, nə qədər bu barədə bilgilənsək - bu, məsələnin ilk müsbət tərəfi olacaq.

İkincisi budur ki, biz bilgiləri aldıqdan sonra etiqadımızın üzərində bunlara əməl etməyə qərar verməliyik. Əgər belə olmasa, imanımız diri olmayacaq. Müsəlman toplumlarının geridə qalmasının əsas amillərindən biri - məhz imanının diri olmamasıdır. Müsəlman toplumlarının bilgiləri var, bilgilərdən irəli gələn istəkləri də müəyyən qədər var, amma digər iki amil çatışmır. Biz bu, zahirən sadə görünən əxlaqi bəhslə hətta ümmətin düşdüyü böhranlı vəziyyətin səbəbini də anlaya bilərik.

İslamın ilk vaxtında iman gətirən Bilallar, Əbazərlər, Salmanlar, Miqdadlar dərhal gətirdikləri imana uyğun yaşayır tərzi seçirdilər. Bunu birmənalı və qətiyyətlə edirdilər. Ona görə də iradəvi bir mömin meydana çıxırdı.

İmanın meydana gəlməsini təmin edən müsbət yaradıcı amillər və mane olan mənfi amillər var. İmanın meydana gəlməsinə mane olan 3 amil var: həvayi-nəfs, dünyaya vurğunluq və şeytanın (lən) vəsvəsələri. Bu 3 amilin təsiri nədən ibarət olur? Bunlar da öz növbəsində iki iş görür. Bir tərəfdən bizim düz bildiyimiz və həyata keçirmək istədiyimiz bilgilərdən daha fərqli cəzbedici şeylərə doğru bizi yönəldir. İkincisi, tənbəlliyimizlə ittifaq quraraq, imanla bağlı bizim çatmaq istədiyimiz mövzuları bizə çətin göstərirlər.

Cənnət asan olmayan işləri görməklə qazanılar

Həzrət Əli (ə) buyurur: “Cənnət insana xoş gəlməyən işlərin qatlarına bürünmüşdür. Cəhənnəm isə həvayi-nəfslərin, şəhvətlərin”.

Adətən belədir ki, “mənim ürəyim nə istəyirlər”in arasında Cənnətə aparan vasitə çox az olur. Bəzən olur ki, həvayi-nəfsin istəyi ilə ağlın istəyi də üst-üstə düşür. Amma təbii ki, bu, həmişə belə olmur. İnsan səhərdən axşama qədər ürəyi istəyən işlərlə məşğul olursa, mahiyyət etibarilə Cəhənnəmə hazırlıq işləri görmüş olur. Təəssüflər olsun ki, bağça, məktəb, universitet, yoldaşlıqlar, mühitlərimiz bizə bunu öyrədir ki, uğurlu insan - o insandır ki, ürəyi nə istəyirsə, onu da edə bilir. Dünyada uğurlu insan formulu bu formada çatdırılır. Aydındır ki, kökündən səhv yanaşmadır.

Cənnət bu dünyada tək asan işləri həyata keçirməklə qazanıla bilməz. Sübh namazını əvvəl vaxtda qılmaq elə də asan bir iş deyil. Amma Cənnət asan olmayan, insana hər zaman xoş gəlməyən işlərin qatlarına bürünüb.

Şeytan (lən) insana necə vəsvəsə edir?

Həzrət Əli (ə) buyurur: “Gizlincə qəlblərə nüfuz edən və asta-asta qulaqlara ovsun oxuyan düşməndən çəkinin”.

Şeytanın (lən) təhlükəsi məhz bu məsələdədir. Birdən-birə gəlib hay-küy salmır, gizlincə qəlblərə nüfuz edir və insanı iman halından çıxarır. İki iş görür: günahı, mənfi işləri, qeyri-imani məsələləri gözəl göstərir, imanla bağlı işləri isə çətin göstərir. Bunu isə gizlincə və yavaş-yavaş həyata keçirir. Deməli, imana mane olan iki şey baş verir: insan başqa məsələləri daha üstün tutur və imanla bağlı mövzular ona çətin gəlməyə başlayır.

İnsanların imanı oyaq olmayanda həvayi-nəfslər, şeytan (lən), dünyaya vurğunluq meydan sulayır. İnsanın mənəvi məclislərdə iştirakı, mənəvi mühitlərdə olması - onun imanının diri olmasına ən müsbət təsir edən amillərdəndir. Bu olanda, nəticə etibarilə insanın imanı diri olur, onun bildikləri ilə bildiklərini həyata keçirmək istəyi, əzmi birləşir və iradəvi bir həyat meydana gəlir. Məhz bu cür həyat kənarlara da təsir qoyur. Amma elə ki, müsəlman dini-imanını o qədər məhdudlaşdırar ki, ara-sıra dindar olar - bu zaman onun nə özünə, nə də ətrafına heç bir faydası olmaz.

Şeytanın (lən) gizli ovsunu müxtəlif formatlarda ola bilər. Hansısa virtual aləmin içərisində eyforiya ola bilər. İnsan özünü virtual aləmin cənginə buraxa bilər və bu aləmin eyforiyası ilə şeytan (lən) ona nüfuz edə bilər. Bu gün həmin müstəvi şeytanın (lən) işlərini bir xeyli rahatlaşdırıb. Həmin bu dünya insana bir çox şeyləri daha gözəl göstərə bilir. İmanı isə, əksinə olaraq, daha çətin göstərə bilir.

Yaxşı əmələ aparan yol

Deməli, yekun olaraq deyə bilərik ki, yaxşı əməlin meydana gəlməsi üçün ən vacib şərt - niyyətin olmasıdır. Bu niyyət həm də düzgün olmalıdır.

Niyyəti formalaşdıran ciddi amil - insanın imanıdır. İmanın bünövrəsini təşkil edən əsas iki məsələ - bilmək və bildiklərini həyata keçirməyə əzminin, şövqünün olmasıdır.

İmanın meydana gəlməsinə isə iki şey mane olur - digər bir şeyi daha çox istəmək və etmək istədiyin əməli əziyyətli görmək. Bunların hamısı isə həvayi-nəfsin, şeytanın (lən) vəsvəsəsinin və dünyaya vurğunluğun nəticəsi olaraq əmələ gəlir. Buna görə də insan məhz bu amilləri tanımalı və onları aradan aparmağa can atmalıdır ki, imanı diri olsun, bundan irəli gələrək gözəl niyyəti formalaşsın və nəticə etibarilə, yaxşı əməl meydana çıxsın.

Allahım, bizlərə yaxşı əməl sahibi olmaq ləyaqətini nəsib et!

Allahım, bizlərə bilməyi və bildiyimizə əməl etməyi nəsib et!

Allahım, bizlərə imanımıza mane olan bütün amilləri aradan aparmağı nəsib et! Amin!


39 dəfə baxılıb
در حال ارسال اطلاعات...