Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2019

Acından yazıçı, şair olmaq olar amma meyyit olmaq olmur

Dostum Tariel əsgərlikdən gələndən sonra iş axtarmağa başlamışdı. Mənə deyirdi ki, mən əsgərlikdən gəlmək istəmirdim. Çünki bilirdim ki, gəlib ata-anama yük olacağam. İş yox, güc yox, boş-bekar, avara-avara gəzməkdən də ki bir şey çıxmır. Sonra mənə balaca bir dəftərçə göstərib dedi ki, bax, bu dəftərçədə olan şeirləri əsgərlikdə yazmışam. Səncə bunu hansı çapxana çap edər, mən istəyirəm bu şeirləri satım. Ümumiyyətlə mən yazıçı olmaq istəyirəm. 

Dostum elə danışdı ki, ürəyim yandı. Dedim kaş mənim cibimdə pul olaydı onun şeirlərini alardım. Heç içində hansı şeirlərin olduğunu da bilmirdim. Ümumiyyətlə onun şeir yazan olduğunu birinci dəfədir özündən eşidirdim. Sonra dedim ki, əşşi tutaq ki, şeirlərini aldım, adam getdi həvəslənib daha yaxşı şeirlər yazdı. Sonra nə olacaq, mən onun şeirlərini ala bilməsəm pis olar. Ona təklif elədim ki, şeirlərini götür gedək nəşriyyata, qapı-qapı redaksiyaları gəzib danışarıq. Bir Allah bəndəsi çıxıb rəhm edər. Gör indi Azərbaycanda şeiriyyat, şeiri adamı olmaq nə gündədir ki, şeiri satmağı kimdənsə rəhm, mədət ummaqla eyniləşdirmişdik. Dostuma dedim ki, elə danışırsan ki, sanki dilənməyə gedirik. Qardaş, biz şeir satmağa gedirik, dilənməyə yox. Nə isə bir təhər Nəşriyyatın binasında nəzarətçiylə danışdıq. Sağ olsun bizə yuxarı çıxmağa icazə verdi. Bir neçə redaksiyanın qapısını döydük. İçəri girib gördük ki, bir kişi oturub kompyuterin qabağında, kompyuteri də çox köhnə idi. Hardasa on iki il bundan qabağın olardı. Ordan bir şey çıxmadı. Adam elə bildi dilənçiyik, bizə dedi ki, vallah elə bizim sizdən fərqimiz yoxdur. Sonra başqa otağa girdik. Orda bir orta yaşlı kişi qalaq-qalaq yığılmış qəzetləri nə edəcəyi barədə həmkarından soruşurdu. Həmkar da ona deyirid ki, novruzqabağıdır, çərşənbələrdə tonqal üçün lazım olur. Həmkarı da ona dedi ki, tonqal yandıranlara verməkdənsə elə apararam evə, öz "batareyamızı" yandıraram. Elə bunu demişdi ki, əl atıb qəzetlərdən birinin içindən bir səhifə çıxardı, sonra tum satanlara xas bir üslubda onu büküb dedi ki, metroda tum satan xalalara da satmaq olar. Kişi bizi görüb dedi ki, nə istəyirsiz qardaş? Biz də - adamlara lap yazığımız gəldi – dedik ki, biz elan verməyə gəlmişik. Qəzetinizdə elan verirsiniz? O da elə məbləğ dedi ki, oradan çıxdıq. Daha sonra başqa bir otağa getdik. Otaqda oturan qəzetçi nə üçün gəldiyimizi soruşmadan dedi ki, burda gördüyünüz qəzetlərin vaxtı keçib, amma ucuz qiymətə sata bilərəm sizə. Ordan da çıxdıq. Bir başqa otaqda bizi bir qardaş qarşıladı. Dedik ki, biz şeir yazırıq, çap edərsinizmi? Dedi ki, mənim özümün bir kitabxana şeirim var, özüm çap edən adam axtarıram. Dedim ki, bəs siz öz qəzetinizdə niyə çap etmirsiniz? Dedi ki, öz qəzetlərimizi hətta camaata, küçədən keçənlərə pulsuz paylayırıq, amma götürən yoxdur. 

Daha sonra bir otağa girdik, qəzetçi bizə dedi ki, şeirlərinizi çap edərik, amma gərək sizdə bizim qəzetin fonduna kömək edəsiniz. Bu sözdən sonra day onunla pul söhbəti eləmədik. Ondan sonra yandakı otağa girdik. Ordakı cənab bizə dedi ki, biz Allah rızası üçün işləmək istəyənləri Allaha xatir işə götürürük, amma pul məsələsinə gəlincə, imkanlarımız çox məhduddur.
Nə isə bu dəfə otaqdan deyil birdəfəlik Nəşriyyatın binasından çıxdıq. Əlimi dostumun çiyninə qoyub dedim ki, qardaşım, bu ölkədə acından yazıçı, şair, qələm adamı olmaq olur. Elə belə görünür ki, bu binanın içindəki adamlar da acından yazıçı olmağı qərara alan adamlardır. Sonra dostum mənə dedi ki, kaş, acından yazıçı, şair olmaq kimi acından meyyit olmaq da olardı. Amma təəssüf ki, olmur. Dedim necə yəni, anlamadım axı. Dedi ki, mən altı-yeddi aydır ki, əsgərlikdən gəlmişəm. Atam mənə baxır. Allah ruzimi atamın əliylə verir. Amma meyyit ola bilsəydim atamı da bu çətinlikdən qurtarardım.


610 dəfə baxılıb
در حال ارسال اطلاعات...