Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2020

Ramazan ayının axırıncı gecəsi İmam Zeynül-Abidinin (ə) etdiyi əməl və ibadətlər

Kamil arif Mirza Cavad Ağa Məliki Təbrizi öz dəyərli “Əl-Muraqibat” kitabında seyri-süluk əhlinə Ramazan ayının axırıncı gününün mühüm əməlləri ilə bağlı tövsiyələrinin birində yazır:
Yaxşı olar ki, salik bəndə həzrət İmam Əli ibn Hüseynin (ə) ibadət və halətinə nəzər salsın, o həzrət belə bir gecədə hansı əməlləri yerinə yetirməsinə diqqət etsin, onun məqamı, ibadəti, təlaşı və əməli barədə düşünsün. Sonra özünün bu pis əhvalı, dəyərsiz məqamı, ibadətdə səhlənkarlığı ilə nə etmək lazım olduğunu fikirləşsin.

Seyid ibn Tavus “İqbal” kitabında Əbu Məhəmməd Harun ibn Musa Təlləukbəridən, o da Məhəmməd ibn Əclandan rəvayət etmişdir ki, həzrət İmam Cəfər Sadiq (ə) buyurdu: “Mübarək Ramazan ayı çatdıqda həzrət İmam Əli ibn Hüseyn (ə) heç bir qulamı və ya kənizi tənbeh etmirdi. Onlardan hər hansı Ramazan ayı səhvə yol versəydi, İmam (ə) onun səhvini bir dəftərə yazıb saxlayırdı. Ramazan ayının axırıncı gecəsi çatdıqda bütün qulam və kənizlərini bir yerə toplayırdı və dəftərə yazdığı səhvlərini onlara göstərib buyururdu: - Filankəs! Yadındadırmı bu işi etdin və mən ondan xəbərdar oldum, amma səni cəzalandırmadım?

O qulam, ya kəniz deyirdi: - Bəli, ey Peyğəmbərin oğlu!
İmam (ə) onların səhvini oxuyub etiraf aldıqdan sonra qulam və kənizlərinin arasında dayanıb buyururdu: - Hamınız uca səslə deyin:
- Ey Əli ibn Hüseyn! Sən bizim bütün etdiklərimizi yazdığın kimi sənin Rəbbin də sənin bütün əməllərini və rəftarlarını bir dəftərə yazmışdır. Allah yanında həqiqəti göstərən elə bir kitab vardır ki, irili xırdalı bütün əməllər orada yazılmış və heç nə yaddan çıxmamışdır. Etdiklərinin hamısını Onun yanında görəcəksən . Necə ki, biz də özümüzün bütün etdiklərimizi sənin yanında hazır görürük. Elə isə əgər Allahın səni bağışlamasını istəyirsənsə, sən də bizi bağışla.

Ey Əli ibn Hüseyn! İnsanların Qiyamət günündə Allahın hüzurunda zillətlə duracaqlarını yada sal. O elə bir ədalətli hakimdir ki, heç kimə zərrə qədər zülm etməz. Hər adamın etdiyini onun özünə göstərər. Allahın hesabı və şahidliyi kifayət edir. Bizi bağışla və əfv et, təqsirimizdən keç ki, Qiyamət gününün Padşahı da səni bağışlasın və əfv etsin. 

Çünki Allah Özü Qurani-kərimdə buyurmuşdur:
“Əfv edib, bağışlasınlar! Məgər siz Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz?”
İmam (ə) sonra özünə xitab edirdi, qulam və kənizlərindən də istəyirdi ki, onunla birlikdə bu cümələləri desinlər: Ey bizim Rəbbimiz! Sən bizə əmr etdin ki, bizə zülm edən kəsləri bağışlayaq, halbuki biz özümüzə zülm etmişik. Biz Sənin əmrinə itaət etdik və bizə zülm edənləri bağışladıq. İndi Sən də bizi bağışla. Çünki Sən bu iş üçün bizdən və digərlərindən daha layiqlisən. İlahi! Sən bizə əmr etdin ki, dilənçini qapıdan qovmayaq. İndi biz dilənçi və çarəsiz kimi Sənin dərgahına gəlmişik və Sənin dərgahından əfv və yaxşılıq gözləyirik. Bəs, bizi bağışla və beləliklə bizə mininət qoy, bizi Öz dərgahından məyus etmə. Çünki Sən bu iş üçün bizdən və digərlərindən layiqlisən. İlahi! Mən Səndən bağışlanmaq istəyirəm, məni bağışla və mənə yaxşılıq et. Çünki Sən çarəsizlərə, Səndən bir şey istəyənlərə yaxşılıq edənsən. Onda məni Öz əfvindən məhrum etmə, məni bağışla, ey bağışlayan!
Sonra İmam Səccad (ə) üzünü qulam və kənizlərinə tutaraq buyururdu: - Mən sizin hamınızı bağışladım. Siz də məni bağışlamağa razısınızmı? Sizin haqqınızda etdiyim pisliklərə görə məni əfv edirsinizmi?
Onlar hamısı bir ağızdan deyirdilər: - Ey bizim ağamız! Biz səndən heç bir xəta və nöqsan görmədiyimiz halda səni bağışlayırıq.

Onda İmam Səccad (ə) buyururdı: - Elə isə, belə deyin:
- İlahi! Əli ibn Hüseyni bağışla. Necə ki, o bizi bağışladı. Onu cəhənnəm odundan azad et, necə ki, o bizi qul olmaqdan azad etdi.”

Beləcə onlar dua edir, İmam isə “amin, ya Rəbbəl-aləmin” deyirdi.
Sonda İmam (ə) buyururdı: - Gedin, mən sizin hamınızı bağışladım və hamınızı azad edirəm. Bu ümidlə ki, Allah da məni bağışlasın və məni cəhənnəm odundan azad etsin.”
Sonra İmam (ə) onları azad edirdi və Fitr bayramında onlara çoxlu bəxşişlər verirdi ki, camaata möhtac olmasınlar.

İmam Səccad (ə) hər il Ramazan ayının axırıncı günü 20 nəfəri azad edirdi və buyururdu: “Mütəal Allah Ramazan ayının hər gecəsi cəhənnəmə layiq olan yetmiş milyon nəfəri cəhənnəmdən azad edir və Ramazan ayının axırıncı gecəsi isə ay boyu azad etdiyi adamların sayı qədər adamı azad edir. Mən də istəyirəm Allah görsün ki, dünyada mənim qulum olan bir dəstəni azad etdim və ümidim budur ki, Allah Qiyamət günü məni cəhənnəm odundan azad etsin.”
Həzrət İmam Səccad (ə) heç bir xadimi bir ildən artıq işlətməzdi. İlin əvvəli, ya ortasında malik olduğu qulam və kənizi Fitr bayramı gecəsi azad edərdi. Bu iş o həzrətin ömrünün axırınadək davam etdi.
Habelə, İmam (ə) qara qulamları alırdı və Ərəfatdan qayıtdıqda onları azad edir və sərmayə verirdi.

İmam Səccaddan (ə) örnək almaq
Deyirəm ki, əgər bir kəs özünü İmamına (ə) oxşatmaq istəsə və onun kimi əməl etmək istəsə, xoş halına! Amma əgər bir kəs bu əməli edə bilməsə, öz gücü çatan qədərində əməl etsin. Bunun ən az miqdarı odur ki, əgər öz ailəsindən, övladlarıdan və xidmətçilərindən bir səhv və ya xoşagəlməz rəftar görərsə, onu yazıb saxlasın, Ramazan ayının axırıncı gecəsi, həmin səhv və xətaları onlara desin, İmam Səccad (ə) öz xidmətçilərinin səhvlərini bağışladığı kimi o da onların səhvlərini bağışlasın. Sonra ehtiyac üzünü ehtiyacsız Yaradana tutaraq desin:
- İlahi! Sənin filan bəndən mənə zülm etdi və filan işdə mənə zülm etdi, amma mən onun zülmü qarşısında səbr etdim. Filan kəs və filan kəs də mənə zülm etdi, lakin mən heç nə deməyib dözdüm...
Eləcə, onun haqqında zülm edən bütün adamların adını çəksin. Sonra desin:
- İlahi! Sən Özün bilirsən ki, bunlar mənim haqqımda zülm etmişdir və mən Səndən qorxduğum üçün intiqam almadım. Bu ümidlə ki, Sən də məndən intiqam almayasan, mənə qəzəblənməyəsən. Sən o Allahsan ki, bəndələrinə əfv etməyi əmr etmisən. Buna görə də onları öz əfvindən məhrum etmə. Çünki Sən əfv etməkdə əfv etməyə əmr etdiyin adamlardan daha layiqlisən.
İlahi! Sən Özün mənə bu tövfiqi vermisən ki, mənə zülm edən adamları bağışla bilim. Onda məni Öz əfvindən məhrum etmə. Çünki başqalarını bağışladığıma xatir olan Sənin mənə minnətin, mənim əfv və bağışlamağımdan çox böyükdür. İndi ki, böyükünü mənə vermisən, kiçiyini də ver.
İlahi! Həqiqətən bəndə heç bir şeyə sahib deyil və haqq onun sahibi üçündür. Ona görə də mənə zülm etmiş kəs həqiqətdə Sənin haqqını zay etmişdir və onu Sən bağışlamalısan. Bununla belə, Sən onu bağışlamağı məndən istəmisən. Mən də onu bağışladım. İndi ki, onu bağışladım, Sən də məni əfv et və bağışla.
İlahi! Sən Özün mənə əmr etmisən ki, əgər bir kəs bizə salam verərsə, onun cavabını gözəl şəkildə qaytaraq. İlahi! Sən Özün bunu mənə öyrətmisən. İndi mənə zülm edənləri bağışlamağım qarşısında Sən də daha yaxşısını mənə ver və daha yaxşı budur ki, məni cəhənnəm odundan azad edəsən, Sənin böyük güzəşt, əfv və lütfünə olan ümidimə xatir günahını neçə qat yaxşılığa çevirəsən, mənə uca dərəcələr verəsən. Elə isə, məni məyus və məhrum etmə.
59 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP