Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2015

Son məsum və xanım Məsumə (s.ə)

1 fevral - Həzrət Fatimeyi-Məsumənin (s.ə) üzücü vəfat günü...

İmam Zamanın (əc) xanım Məsumə və onun səfalı hərəminə xüsusi diqqəti var. Xanım Məsumə Quma gələndən sonra bu məntəqə mənəvi baxımdan çiçəklənmiş, inkişaf etmişdir. Bu şəhər bir növ məhdəviyyət mədəniyyəti mərkəzlərindən olmuşdur. Son məsumun, İmam Zamanın (əc) xanım Məsuməyə xüsusi münasibəti Əhli-Beyt tarixində (ə) maraqlı mövzulardandır.
Şiə məktəbinin iftixarlarından biri də məsumlardan yadigar qalmış ziyarətnamələrdir. Xanım Məsumənin ziyarətnaməsi bu xəzinədə xüsusi dəyərə malikdir. Ziyarətçi bu ziyarətnamədə ali şiə maarifi ilə tanış olur, vilayət məqamını 8 dəfə yada salır. Bu 8 məqamdan 3-ü İmam Zamana (əc) aiddir. Həmin 3 məqama nəzər salaq. Bu ziyarətnamədə verilən salamlarda bir əsrarəngizlik var. Ziyarətçi bu ziyarətnamədə “əssəlamu ələykə” deyərək xitab etməklə xanım Məsuməyə öz ehtiramını bildirir. Amma 12-ci imama (əc) salam verərkən müraciət 3-cü şəxsdədir. Allahdan istənilir ki, Allah öz xəlifəsinə salavat göndərsin: “Əllahummə səlli əla nurikə və siracikə...”
Ziyarətnamə oxunarkən bu üslubun dəyişilməsi ziyarətçinin diqqətini qeybdə olan İmama (əc) yönəldir. Ziyarətnamədə zikr olunan ləqəblər, adlarda çox dəyərli mənalar var. Məsum imamlardan bizə çatan ziyarətnamələrdə belə dərin mənalar kifayət qədərdir. Yalnız bu ziyarətnamədə İmam Mehdi (əc) haqqında “sirac”nurani adı işlədilir. Heç bir dua və ziyarətnamədə bu sözlə rastlaşmırıq. Ziyarətnamədə hər imamın adının kənarında onun sifətlərini ifadə edən sözlər var. “Ət-tahirul tuhur” adında İmam Musa Kazim (ə) vəsf olunur. 11-ci imamdan (ə) danışarkən deyilir ki, 12-ci imam (əc) sənin canişinindir. Beləcə İmam Mehdinin (əc) əzəməti onun atası üçün bir vəsf sayılır.
Qurani-Kərimdə də son peyğəmbər (s) haqqında danışılarkən “sirac” sözü işlədilir. Bu həzrət Peyğəmbərin (s) vəsflərindəndir. Həzrət Peyğəmbər (s) xalqı Allaha doğru dəvət etdiyindən günəş kimi nur saçaraq zülmətləri işıqlandırırdı. İmam Mehdi (əc) də bulud arxasında qalmış günəş kimidir. O da xalqa doğru yolu göstərir, onları hidayət edir.
İmam Zamanın adları ədəbiyyatda, poeziyada birbaşa və dolayı yollarla zikr olunur. Bir şerdə oxuyuruq ki, sənin hüzurundan rəng almış çiçəklər çəmənlər arasından səni görmək üçün boylanır. Canlar sənə fəda olsun, ey göz qabağında olan və kimsənin görmədiyi! Sənin keçdiyin küçələrin tozu da bir təbərrükdür. Sən hara getsən yerin qəlblərimizdədir.
İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətə əsasən zühur dövründə öz həqiqi məqamına yüksələcək yerlərdən biri də xanın Məsumənin hərəmidir. Bu müqəddəs və pak məkanda əlləri dua üçün qaldırıb İmam Mehdinin (əc) zühuru üçün dua etmək necə də gözəldir. Allahdan istəyirik ki, onun gəlişini görək.
Heç şübhəsiz, Əhli-Beyt (ə) üçün ən şad gün İmam Mehdinin (əc) zühur günüdür. Çünki onun zühuru günü ədalət bütün yer üzünü bürüyər. Haqqı tapdanan, haqqı əlindən alınanlar öz haqqına çatar. Allah, övliyaların bütün hüquqları təmin olunar. Bütün yer üzündə tövhidə, Peyğəmbərin (s) risalətinə şəhadət verilər. İnsanlar Əmirəlmömininin (ə) vilayətinə dəvət olunar, düşmənlərdən üz çevirməyə çağırılar.
İnsan Əhli-Beytdən bir addım qabağa keçsə və ya geri qalsa yolu azar. İmam Mehdinin (əc) zühuru dövründə yolunu azan insanın hesabı digər imamların dövründə yolunu azan insanların hesabından fərqlənər. Çünki İmamın (əc) zühuru dövründə artıq xəbərdarlıq başa çatdırılmış, bütün dəlillər aşkarlanmışdır. Bu səbəbdən İmam Mehdi (əc) kimsənin tövbəsini qəbul etməz.
Ziyarətçi oxuyur: “Salam olsun böyük cəddin həzrət Məhəmmədə ki, bizi və sizi öz zümrəsində bir araya gətirdi.” Bu istək qiyamət gününə aid deyil. Çünki ziyarətnamənin sonrakı hissəsində axirət məsələləri yada salınır. Burada məqsəd İmam Zamanın (əc) zühurudur. Burada ricət, məsum imamların yenidən dünyaya qayıdışı əsasında bir araya gəlmək mənası nəzərdə tutulur. İmam Mehdi (əc) ilə birlikdə olmaq bütün imamlarla birlikdə olmaqdır. Bu həzrət Peyğəmbərin (s) ardıcılları zümrəsinə qatılmaqdır.
İmam Zamanın (əc) Qum əhalisinə diqqət və sevgisi, xüsusi ilə alimlərə məhəbbəti xanım Məsumənin vücuduna xatirdir. Böyük fəqih, təqva və fəzilət nümunəsi mərhum Ayətullah Hacı Şeyx Mürtəza Hairi (Şeyx Əbdül-Kərim Hairinin oğlu) öz qeydlərində yazır: “Gerçəkdə özünü göstərən qəribə yuxulardan biri xanım Məsumə ilə bağlıdır. Mən hərəmin baş tərəfində dayanıb ziyarət etməyi bəyənmirəm. Əvvəla, salam həmin müqəddəs vücudla üzbəüz dayanılıb verilməlidir. Onun başı üzərində üzü qibləyə dayandıqda xanımın pak məzarı sol tərəfdə qalır. Başqa salamlarda belə bir formanı xatırlamayıram. Digər tərəfdən, xanımın pak məzarı zərihlə fərqli bucağa malikdir. Bir gecə qəribə yuxu gördüm. Üç bədəvi şəxslə rastlaşdım. Belə başa düşdüm ki, onlardan biri imamdır. Xanımın başı üzərində üzü qibləyə dayanıb ziyarət edirdilər. Duruşlarından aydın idi ki, ziyarət üçün dayanıblar. Amma mən onların sözlərini eşitmirdim. Sonra xanımın ziyarət mənbələrindən olan Sədin rəvayətinə baxdım. Orda yazılmışdı ki, baş tərəfdə, üzü qibləyə dayanılmalıdır. Amma baş tərəfdə deyildikdə baş üzərində dayanmaq nəzərdə tutulmur. Burada oxuduqlarım yuxuda gördüklərimə uyğun gəlirdi...
İmam Sadiq (ə) buyurur: “Tezliklə elm Kufədən uzaqlaşar, Qum şəhərində zahir olar. Bu şəhər elm və fəzilət mərkəzi olar. Yer üzündə bir nəfər olsun müstəzəf, dindən xəbərsiz insan qalmaz. Hətta pərdə arxasındakı xanımlar da. Zühurdan qabaq belə olar. Allah-Taala Qum və Qum əhalisini İmam Zamana (əc) ardıcıl qərar verər. Əks təqdirdə yer üzü höccətsiz qalar, yer öz sakinlərini kamına çəkər. Həmin dövrdə elm Qum şəhərindən Şərq və Qərbə yayılar. Sonra İmam (əc) zühur edər. Allah-Taala yalnız onun höccətini inkar edənlərdən intiqam alar.”
Hələ ərəb məntəqəsində Qum adı tanınmayan bir zaman həzrət Peyğəmbər (s) gələcəklə bağlı sözlər buyururdu. Hətta xanımın atası dünyaya gəlmədiyi bir vaxtda xanımın Qum şəhərinə səfərindən danışırdı.
Hazırda Qum Elm Hövzəsi 1000 ildən artıq yaşı olan Nəcəf Elm Hövzəsini ötüb-keçmişdir. Bu şəhərdə yüzlərlə yüksək məqamlı müctəhid fəaliyyət göstərir. Qum əhlinin canişinliyi dedikdə təqlid mərcələri nəzərdə tutulur. Çünki İmam Zaman (əc) onları öz canişini hesab edir. Maraqlı nöqtələrdən biri də İmam Sadiqdən (ə) nəql olunmuş hədislərdə diqqəti çəkən höccətlik məsələsidir. Hədisdə buyurulur ki, Qum əhli höccətdir. Bəli, həqiqətin dünyaya çatdırılmasında Qum canişin kimi çıxış edir.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah-Taala Quma xatir dünyanın bütün şəhərlərinə, Qum möminlərinə xatir Şərq və Qərbdəki insanlara, cinlərə diqqət yetirər. Elə bir zaman çatar ki, Qum və onun əhalisi bütün yaranmışlara höccət olar. Bu imamın (əc) qeybi dövrünə aiddir. Əgər Qum olmasaydı yer öz sakinlərini kamına çəkərdi.”
Əmirəlmöminin (ə) yer üzünü fitnə bürüdüyü, qılınclar qınından çıxdığı zaman ən salamat yer haqqında buyurur: “Ən salamat yer Qumdur.” Sonra həzrət buyurur: “Bu yerdən ata-ana, baba-nənə, əmi-bibi baxımından ən üstün insanlar səhnəyə gələr.”
İmam Sadiq (ə) Qum əhalisi haqqında buyurur: “Qum əhli bizim yardımçılarımızdır.” Həzrət başqa bir məqamda buyurur: “Bilin ki, Qum əhli bizim Qaimin yardımçıları, bizə doğru həqiqətə dəvət edənlərdir.”
İmam buyurur ki, Qum əhli bizdəndir, biz də onlardanıq. İmam Sadiq (ə) Quran ayələrinin təfsiri zamanı buyurur: “İlk vəd yetişəndə insanların ayağa qaldırılması dedikdə İmamın (əc) zühurundan qabaq ayağa qalxanlar nəzərdə tutulur. Onlar İmam Hüseynin (ə) qanını almaq üçün ayağa qalxar və sakit dayanmazlar.” Digər bir rəvayətdə həzrət üç dəfə buyurur: “And olsun Allaha, onlar Qum əhlidir.”
İmam Kazimin (ə) hüzurunda Qum və onun əhalisi haqqında söz düşür. İmam Kazim (ə) Qum əhlinə mərhəmət diləyərək buyurur: “Behiştin 8 qapısı var. Bu qapılardan biri Qum əhli üçündür. Onlar bütün yer üzündə şiələrimizin seçilmişləridir. Allah bizim vilayətimizi Qumun suyuna və torpağına qatıb.”
Qum qeyb dövründə şiə mərkəzidir. Buna görə İmam Həsən Əsgəri (ə) İmam Mehdi (əc) dünyaya gələndən sonra Əhməd ibn İshaq Qummiyə məktub yazır. Məktubda buyurur: “Əhməd ibn İshaq! Allah mənə bir oğul əta etdi. Sizə bu xoş xəbəri çatdırmaq istədim ki, bizim sevincimizə şərik olasınız.” Amma İmam məktubda Əhməd ibn İshaq Qummidən istəyir ki, bu xəbəri sirr olaraq saxlasın, yalnız əsil şiələrə xəbər versin. Səd ibn Abdullah Qummi İmamın (əc) hüzuruna gələndə xüsusi bir lütf sayəsində həzrət höccəti (əc) görə bilir.

Nur-az.com


7859 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP