10 Avqust 2015
Ziyalılıq xəstəlik də ola bilər!
Humanizm əslində ilahi hakimiyyətin rədd edilməsi idi

Sual: Ziyalı kimdir, bu söz kimlərə aid edilir? Söhbətimiz bu sözün məfhumunu müəyyən etmək ətrafında olsa daha yaxşı təhlil edə bilərik.
Cavab: Biz ziyalılıq haqqında iki baxımdan tərif verə bilərik. Bunlardan biri daha çox işlənən ümumi tərifdir. Bu baxışa əsasən, ziyalılıq təhsilli olmaq, müasir dünya ilə tanışlıq mənasındadır. Bu tərifə əsasən, ziyalı müsbət məna daşıyır, dərin baxışlı insana aid edilir. İkinci tərif peşəkar tərif sayıla bilər. Bu tərifdə ziyalılıq tarixi, Qərbdə ziyalılıq cərəyanı, bu cərəyanın İrana necə keçməsinə istinad olunur. Bu peşəkar bir söhbətdir. Hazırki söhbətimizdə ziyalılığın ikinci mənası ətrafında danışacağıq.
Miladi 14-15-ci əsrlər modernizmin formalaşdığı dövrdür. Həmin dövrün təfəkkür qaynağı humanizm hesab oluna bilər. Humanizm insanmehvərlik, həyatda Allahın yox, insanın mehvər götürülməsidir. İntibah (renesans) humanizminin baxışı bundan ibarətdir ki, insan varlıq aləmində Allahın yerinə mehvər sayılsın. Daha doğrusu Allahın canişini yox, Onun öz yerində oturdulsun. İntibah dövrü Marsilio Fiçino, Piko Della Mirandolla, Makiavelli, sonralar Dekart və Bekon kimi mütəfəkkirlərlə tanınır. Humanizm əslində ilahi hakimiyyətin rədd edilməsi idi. Mənəviyyat və vəhy bir dəfəlik səhnədən çıxarılırdı, müqəddəslik anlamına yer qoyulmurdu. Bu mütəfəkkirlərin təqdim etdiyi insan sadəcə bir canlıdır, onun mənəvi tərəfləri kimliyində rol oynamır. İngilis mütəfəkkiri Hobbs insana tərif verərkən deyir ki, o sərvət, iqtidar, həzz ardınca olan varlıqdır. O insanın ehtiyaclarını bu çərçivədə görür. İnsanın ilahi, mənəvi tərəfi kölgədə qalır. Bu mütəfəkkirlər silsiləsi iddia edir ki, insan vəhyi kənara qoyub öz düşüncəsinə əsaslanmalıdır və onun vəhyə heç bir ehtiyacı yoxdur. Amma burada ağıla tərif vermək lazım gəlir. Qərblilər ağıl dedikdə İslam fəlsəfəsində, İslam təlimlərində nəzərdə tutulan ağıldan danışmır. Onlar hətta orta əsrlər qərbindəki ağılı da əsas götürmür. Modern ağıl heyvani hisslərin hakimiyyəti altında olan ağıldır. İngilis filosofu Devid Yum açıq deyir ki, ağıl şəhvət və nəfsani meyillərin təsiri altındadır.
Sual: Qərb baxışında ziyalılıq ilk dəfə hansı Avropa ölkəsində ortaya çıxıb?
Cavab: Əsas mərkəz Fransa olsa da Almaniya və İngiltərə bu baxışların istehsalında rol oynayan ölkələrdir. Bu fikri formalaşdıranların əksəriyyəti jurnalist, qəzetçi olub. Bunu da qeyd edək ki, ilk jurnallar elə həmin dövrdə yaranıb. Əgər Qərbdə jurnalistika tarixinə nəzər salsaz görərsiniz ki, bu tarix 17-ci əsrdən başlayır. O dövrün yazıçıları, jurnalistləri, romançıları, dramaturqları, tənqidçiləri, nəzəriyyətçiləri, siyasi xadimləri humanizmi yaymağa çalışıblar. Onlar özlərini ziyalı, intelligent kimi tanıtdırırdılar.
Sual: Nə üçün ziyalı sözündən istifadə olunub?
Cavab: Ziyalı sözünün götürüldüyü intelligent sözü intellektual sözündəndir. Bu gün də bəziləri intellektual sözündən istifadə edir. Bu söz ağıl, zəka mənasını bildirir. Amma bu modern ağıldır. Onlar vəhy əvəzində ağılı əsas götürdüklərini bildirirlər. İntellektual, yəni ağılmehvər. Qeyd etdiyimiz kimi, bu ağıl xüsusi bir məna daşıyan, vəhyi inkar edən ağıldır. İntellektual sözü müxtəlif dillərdə ziyalı, münəvvər, aydın kimi işlədilirdi. İrandakı ziyalılar özlərini münəvvər adlandırırdılar. Əslində cəmiyyəti qaranlığa aparan bu insanları münəvvər adlandırmaq düzgün deyil. Qərb ziyalıları düşünürdülər ki, modernizmdən əvvəlki məsihi dövrü qaranlıq bir dövrdür. Onlar din deyəndə əslində xurafatı, qaranlıq deyəndə xurafat qaranlığı nəzərdə tuturdular. Düşünürdülər ki, öz təfəkkürləri ilə bu qaranlıqları işıqlandıracaqlar.
Sual: Ziyalılıq nə zaman və hansı yolla İrana daxil oldu?
Cavab: İranda ziyalılığın meydana çıxması İngiltərənin müstəmləkəçilik illərinə qayıdır. Hicri qəməri 1215-ci ildə 3 ingilis siyasətçisi İrana daxil oldu. Hicri qəməri 1212-ci ildə Fətəlişah hakimiyyətə gəldi. Britaniya imperializmi İran dövlət başçılarını nəzarətə götürməyə çalışırdı. Onlar istənilən yolla bu şəxsləri satın almağa səy göstərirdilər. Gizli cəmiyyətlər yaradır, framason təşkilatlar təsis edirdilər. Bu təşkilatlarda gələcək model üçün kadrlar yetişdirilirdi. Həmin kadrlar bir zaman dövləti ələ almalı idi. İşin başlanğıcında Ceyms Freyzer və Ser Harvurd Cons aparıcı rol oynayırdı.
Rəsmi sənədlərə əsasən framasonluq hicri-qəməri 1275-ci ildə Mirza Malkumxan tərəfindən yaradılıb. Bu rəsmi tarixdir. Amma gizli mason lojaları daha əvvəl təsis edilmişdi. Artıq hicri qəməri 1222-ci ildə Ser Harvurd Cons bu istiqamətdə fəaliyyətə başlamışdı. Onlar dövlətdə aparıcı fiqurlar üzərində işləyirdilər. İranda ilk ziyalı nəsli bu ingilislər tərbiyə edib. Cənab Rəhbərin buyurduğu kimi, İranda ziyalılıq xəstə doğulub. İlk ziyalı nəsil Məşrutədən də əvvəl formalaşdırılıb. Mirzə Əsgərxan Əfşar Urumi, Əbülhəsən-xan Elçi, Fərəxxan Əminuddövlə Qəffari həmin ziyalı nəslin nümayəndələridir. Onların əsas fəaliyyətlərindən biri Məşrutə hərəkatını Qərbin maraqları istiqamətinə yönəltmək idi. Mirzəfətəli Axundzadə, Mirzə Malkumxan ikinci nəsil ziyalı sayılır. Birinci nəsil bütün imkanlarını sərf etmişdi ki, ikinci nəsil dövlətə təsirli olsun.
Sual: İranda ziyalılığın xəstə doğulduğunu qeyd etdiniz. Bu barədə bir az geniş danışardınız?
Cavab: Ziyalılıq cərəyanı Qərb mədəniyyətinin modern inkişafının təbii sonluğudur. Ziyalılıq Qərbin modern övladları sayıla bilər. Yəni modernizm öz inkişafında ziyalılığı ərsəyə gətirib. İranda isə belə olmayıb. Əgər klassik mədəniyyət azad buraxılsaydı, İrana uyğun ziyalılıq yaranardı. İbn Sina, Farabi, Hafiz, Sədi təfəkküründə bir cərəyan ortaya çıxardı. İranda ortaya çıxan ziyalılıq milli mədəniyyətə yad, Qərb mədəniyyətinin məhsuludur. Bu qeyri-sağlam ziyalılığın başqa xüsusiyyətləri də var. Sonradan demokratiya adında istibdad yaradan bu ziyalılar şahlıq səltənətinin istibdadı ilə vuruşurdular. Qərbdə bu işi görən ziyalı cərəyanı İranda səltənətin əlaltısı kimi fəaliyyət göstərirdi. Qacar, Pəhləvi dövründə tanınmış ziyalıların bioqrafiyasını diqqətlə araşdırsaq onların istibdadın əlaltısı olduğunu görərik.
Sual: Ziyalılığın istibdada qarşı olması düzgün fikir deyil?
Cavab: Düşünürəm ki, xüsusi ilə İranda ziyalılıq istibdada qarşı olmayıb. Ən azı ziyalıların böyük bir hissəsi səltənətə müxalif deyildi. Onlar sözdə istibdada qarşı şüarlar versələr də işdə şah rejimi ilə həmkarlıq edirdilər. Məsələn, ziyalılıq hərəkatının tanınmış simalarından olan Mirzə Fətəli Axundzadə rus imperializminin qulluqçusu olub. Əslində o vətənini satıb. Belə bir adamı imperializmin düşməni saymaq olarmı?! Mirzə Malkumxan da belə olub. Əgər imperializmə qarşı olursa nə üçün Rusiya istibdadına xidmət edir?! Məgər Çar Rusiyası istibdadın təcəssümü deyildi?! Bu ziyalılıq yarandığı gündən istibdada qarşı olmayıb. Çünki həmin istibdadın kölgəsində boya-başa çatıblar.
Mirzə Malkumxan və Fətəli Axundzadə ziyalı səltənətin müdafiəçisi kimi çıxış edib. Onlar Rzaxanı bir nümunə kimi qəbul edib. Rzaxan bu ideyanın bir təcəssümü idi. Məşrutədən sonra başlayan və birinci dünya müharibəsindən sonraya qədər davam edən proseslərə baxsaq maraqlı siyasi və ədəbi çöhrələr görərik. O dövrün ziyalılığı açıq şəkildə diktator, eyni zamanda ziyalı olan bir xilaskarın sorağındadır. Onlar bütün problemlərin səbəbi kimi dini görür və öz fantastik quruculuq fəaliyyətlərinə dağıdıcılıqla başlayırdılar. Məşrutənin ikinci nəsil ziyalıları, Rizaşah dövrünün ziyalıları rəsmən bu mövqeydə olub.
Cənab Rəhbərin buyurduğu kimi belə bir ziyalı cərəyan xalqla ünsiyyət qura bilməzdi. Çünki təbii cərəyan deyildi, dünyaya qüsurlu gəlmişdi. Əslində bu bir yamaq idi. Xalq kütlələri milli mədəniyyətin daşıyıcısıdır. Qərb ziyalılığının gətirdiyi isə milli mədəniyyətə ziddir.
Sual: Bəs İslam İnqilabı ziyalılığa necə tərif verir?
Cavab: Bizim əlimizdə olan hikmət mirası şiə, Quran, Əhli-Beyt (ə) təfəkküründən gələn hikmətdir. Dünya bundan kamil hikmət və maarif tanımır. Bu hikmət özünü bir neçə məqamda açıq göstərib. Onlardan biri şiə fiqhinin nüfuzudur. Biz məsuliyyətli, həqiqi bir ziyalılıq ardıncayıqsa bu mirasdan ilhamlanmalıyıq. Bu o demək deyil ki, biz Qərb təfəkkürünü mütaliə etməməliyik. Əksinə, bu işi görməliyik və Qərb təfəkkürünə tənqidi yanaşmalıyıq. Quran və Əhli-Beyt (ə) maarifindən qaynaqlanan hikmət heç bir bəşər maarifi ilə müqayisə olunmamalıdır. Həqiqi ziyalı cərəyan bu dərin maarifin bətnində doğulmalıdır. Mən ziyalı sözü əvəzində bəsirətli mücahid sözünü işlədərdim. Bu gün müxtəlif sahələrdə mübarizə aparanlar həm də bəsirətli olmalıdır.
Sual: Bəsirətli mücahiddə, bəsirətli mübarizdə hansı xüsusiyyətlər olmalıdır?
Cavab: Belə bir insan Quran və sünnəyə əsaslanan İslam və şiə mərifətinə istinad etməlidir. Bəsirətli mücahid öz milli kimliyini möhkəmləndirir, müstəqildir, və bu kimliyi dindən ayrı görmür. Bəsirətli mücahid ədalət tərəfdarıdır. Ədalət şiə ruhiyyəsindən ayrılası bir dəyər deyil. Hazırki şəraitdə bəsirətli mücahid imperializmə qarşıdır. Bu imperializm şeytan və küfrün modern təcəssümüdür. Bəsirətli mücahid heç bir gücə bağlı deyil və öz ölkəsini də asılı etmək istəmir. Bəsirətli mücahid böyük məqsədlər ardıncadır. Bəsirətli mücahid əxlaqlıdır, mənəviyyatçıdır. O əxlaqi azğınlıqlardan uzaqdır.
Cənab Rəhbər bugünkü informasiya müharibəsinin aparıcısı olan məsuliyyətli ziyalı haqqında danışıb. Bəsirətli mücahid o şəxsdir ki, bugünkü ideoloji müharibədə öz etiqadını, müstəqilliyini, ideallarını müdafiə edə bilsin.
Vilayet.nur-az.com