29 Avqust 2015
Ayətullah Cənnətinin dülgər oğlu
Ata ölkənin birinci tribunası, oğul dülgər dəzgahı arxasında!

İsfahanın Ladan (Ladun) məntəqəsində Həsən Cənnətini tanımayan yoxdur, əksəriyyət ona diqqət ayırır. Biz Həsən Cənnəti ilə söhbət üçün onun ünvanını soruşanda bir gənc astadan dedi: “Mən evi göstərib qaçacağam, sonrası öz işinizdir!” Kərpiç üzlüklü ikimərtəbəli sadə evin bir tərəfi hələ də üzlənməmiş qalıb. Həsənin emalatxanası ilə evi arasında iki küçəlik fasilə var. Əvvəllər bir neçə dəfə cəhd etsək də görüş alınmamışdı.
Emalatxananın qapısına böyük hərflərlə telefon nömrəsini yazmışdı. Zəng vurduq, cavab verdi. Dülgərlik işi ardınca Quma getmişdi. Bir həftə sonra Qumdan qayıdacaqdı. Qayıdandan sonra üçün vaxt aldıq. Əvvəlcə müsahibə vermək istəmirdi. Bir yolla razı saldıq. Elə emalatxanada əyləşib söhbətləşdik.
Bəli, onun zahiri görkəmi atasını çox xatırladır. Ayətullah Cənnətinin gəncliyi yada düşür. Söhbətin əvvəlində bildirdi ki, bu günlərdə Hacı Ağanın (Ayətullah Cənnətinin) dayısının vəfat ildönümüdür. Həmin şəxs 95 yaşında dünyasını dəyişib. Söhbətin əvvəlində qapı ağzında dayanmış maşını göstərib deyir ki, yenicə almışam. Əvvəlki maşınını oğurlayıblar, bu hadisə Tehrana bir neçə günlük səfəri zamanı baş verib. Həsən çox sadə və səmimi danışır. O qədər səmimi danışır ki, suala yer qalmır. Bizimsə ona İran İslam Cümhuriyyətində mühüm məsuliyyətlər daşımış, hazırda Tehranın müvəqqəti imam-cüməsi olan atası Ayətullah Cənnəti, İrşad (Mədəniyyət) naziri olan qardaşı Əli Cənnəti haqqında suallarımız var. O isə belə rəsmi mövzulara maraq göstərmir.
Sual: Bir həftədir emalatxananızın qapısı bağlıdır.
Cavab: Bəli, Quma getmişdim, İsfahanda deyildim. Üzr istəyirəm ki, emalatxanada da səliqəsizlikdir. Qumda oldum, işlərim bir az yubanıb.
Sual: Quma ziyarətə getmişdiniz?
Cavab: Xeyr. Qumda dülgər işi vardı, həmin işi görmək üçün getmişdim.
Sual: Qumda dülgərlik işi?
Cavab: Bəli, Qumda bir neçə sifarişim vardı, həmin sifarişləri yerinə yetirdim.
Sual: Tanışlar idi?
Cavab: Bəli, məni tanıyırlar, sifarişlərim olur.
Sual: Qumdan başqa haralardan sifarişləriniz olur?
Cavab: Tehrandan sifarişlərim olur.
Sual: Təəccüb etmirlər ki, Ayətullah Cənnətinin oğlu camaatın evində dülgərlik edir?
Cavab: Bəziləri kim olduğumu biləndə buna inanmaq istəmir. Yaxşısı budur ki, elə inanmasınlar.
Sual: Yəni inanmırlar ki, ali rütbəli məsulun oğlu sadə xalq kimi yaşayır?
Cavab: Olsun ki, böyük adamların övladlarını başqa şəkildə görüblər. Biz bu işimizlə həmin karvandan geri qalmışıq. (Bunu zarafatla deyir və gülümsəyir). Əlhəmdulillah, yüz min dəfə şükür olsun ki, bu işlə məşğulam.
Sual: Siz yaşda böyüksünüz, yoxsa Əli Cənnəti?
Cavab: Əli Ağa.
Sual: Neçə yaş?
Cavab: Təqribən 1 yaş.
Sual: Bir-birinizlə əlaqəniz varmı?
Cavab: Nə vaxt İsfahana gəlsələr, ya biz Tehrana getsək görüşürük. İldə bir neçə dəfə belə görüşümüz olur.
Sual: Elə bu qədər?
Cavab: Axı o məşğuldur, mən də işsiz deyiləm.
Sual: Hansı ildə doğulmusunuz?
Cavab: 1329-cu il.
Sual: Demək 64-65 yaşınız var. Bu məhəllənin adı nədir?
Cavab: Bu məhəlləyə Ladan deyirlər.
Sual: Ladan Xomeynişəhrə aiddir?
Cavab: Qədimdə Xomeynişəhrə aid idi. İnqilab illərində İsfahan ərazisinə daxil edilib.
Sual: Burada “Molla Haşim Cənnətinin kitabxanası” tablosu vurulub. Sizin onunla nə əlaqəniz var?
Cavab: Mən Molla Haşimin nəvəsiyəm. Molla Haşim məhəllənin tanınmış ruhanisi olub. Hacı Ağanın atası olub. Uzun illərdir dünyasını dəyişib.
Sual: Ayətullah Cənnəti ilə işi olanlar sizə müraciət edirmi?
Cavab: Bəli. Çoxları müraciət edir. Bəziləri də məktub gətirir. Mən də görüşəndə xahiş edirəm ki, imkanı olan köməyi etsin, xalqın müşkülü həll olsun.
Sual: Məsələn, nə istəyirlər? Kredit istəyirlər?
Cavab: Borc istəyən də olur. Daha çox işlə bağlı müraciət edirlər. Hacı Ağa da əlindən gələni edir.
Sual: Məktubları özünüz şəxsən ona verirsiniz?
Cavab: Bəli, o bizim mənzilimizə gəlir, mən məktubları ona çatdırıram.
Sual: Tez-tezmi gəlir?
Cavab: Bəzən ayda, bəzən 2-3 ayda bir dəfə. Bu onun işindən aslıdır. Bəzən İsfahanda zəruri işi olur, bu işlərə görə gəlir.
Sual: Nə zəruri işi olur?
Cavab: Məscid, kitabxana, bu kimi yerlərlə bağlı səfərləri olur.
Sual: Buraya gələndə sizin evinizdə qalır?
Cavab: Bəli.
Sual: Bəs sizin özünüz üçün nə iş görüb? Məsələn kredit, ev tikmək üçün icazə...
Cavab: Belə şeylər olmayıb. Mən bir ömür ev tikməklə məşğul olmuşam. Bu evi özüm tikmişəm. Evi bu vəziyyətə gətirənə qədər çox əziyyət çəkmişəm.

Sual: Sizi də incidən olur?
Cavab: Şəhər Şurası çox incitdi. Bəlkə də tikinti işində qanunsuzluğa yol verdiyim üçün belə edirlər.
Sual: Evi nə vaxt tikmisiniz?
Cavab: 25 il öncə. Şəhər Şurası ilə dava-dalaşım çox olub. Haci Ağa xəbər tutanda məndən səbəbini soruşdu. Dedim ki, evin tikintisində mühəndis irad tutub. Hacı Ağa dedi nə üçün belə edirsən? Mən də cavab verdim ki, əgər irad varsa, yolunu göstərsinlər. Mən nə etməliyəm?! Şəhər Şurası məndən şikayət etmişdi.
Sual: Nə istəyirdilər?
Cavab: Dar küçələri genişləndirmək üçün köhnə tikililər söküləndə həyətlər geri çəkilməli, evlər arxada tikilməlidir. Mən həyəti 15 metr geri çəkmişdim. Onlar isə deyirdilər ki, bu azdır. Mən xəbərsiz olmuşdum. Məhkəməyə çağırdılar, cərimələdilər. Nəhayət, cərimə ödəyəndən sonra sənəd verdilər. Bu emalatxananı isə 10-12 il olar tikmişəm. Bu dəfə diqqətli oldum ki, qanunsuzluğa yol verməyim, cərimə ödəməli olmayım.
Sual: Məgər Şəhər Şurası sizin kim olduğunuzu bilmir?
Cavab: Əvvəllər bilmirdilər, sonradan xəbər tutdular. Amma onlar biləndə mən kiməm özüm xəcalət çəkdim. Xəcalət çəkdim ki, nə üçün tikintidə qanunsuzluğa yol vermişəm. Mən də hamı kimi qanuna tabe olmalıyam. Əlbəttə ki, onlar da xalqı incitməməlidir. Əgər qanuni iş görürüksə, problemlə rastlaşmamalıyıq.
Sual: Atanız son illərdə hansısa probleminizin həllinə kömək göstərib?
Cavab: Qətiyyən. Bir misal çəkim. Mənim qızım Ürmiyyə Universitetinə qəbul oldu. Gedib-gəlmək çox əziyyət idi. İsfahan Universitetinə gələməsini istəyirdik. Hacı Ağa xahiş etsəydi, iş asanlıqla düzələrdi. Amma mən istəmədim. Özüm işin ardınca getdim, çox əziyyət çəkdim. Buna baxmayaraq qızımı İsfahan universitetinə gətirə bilmədim.
Sual: Atanızın söhbətlərinə qulaq asırsınız?
Cavab: Cümə namazındakı söhbətlərini dinləyirəm. Təkcə onun yox, əksər ağaların söhbətlərinə qulaq asıram.
Sual: Nazir qardaşınızla maraqlanırsınız?
Cavab: Xəbərlər proqramına baxanda onun da haqqında eşidirəm.
Sual: Əli Ağanın son söhbətini dinlədiniz?
Cavab: Yox, bir neçə gün evdə olmadığımdan qulaq asa bilmədim.
Sual: Qardaşınız bir nazir olaraq Feysbukun filter olunmasına qarşı çıxır. Qalmaqallı mövzudur. Nə düşünürsünüz?
Cavab: Bir söz deyə bilmərəm.
Sual: Neçə qardaş, neçə bacısınız?
Cavab: Biz dörd qardaş idik. Qardaşım Hüseyn Xalq Mücahidlərinin üzvü idi, inqilabın əvvəllərində öldürüldü. O biri qardaşım Məhəmməd Tehranda təbliğat idarəsində işləyir. Əvvəllər enerji müəssisələrində çalışıb. 30 il olar təbliğat işindədir. Əli Ağanı da ki, özünüz bilirsiniz. Bir zaman Xuzistanın valisi oldu, sonra Xorasana getdi. Bir müddət də İranın Küveytdə səfiri olub.
Sual: Ayətullah Cənnətinin qızı yoxdur?
Cavab: Xeyr. Bacımız olmayıb.
Sual: Atanızın mübarizə fəaliyyətlərində iştirakınız olub?
Cavab: Çox az. Onu xatırlayıram ki, çox əziyyət çəkmişik. SAVAK (şahın təhlükəsizlik idarəsi) tez-tez evimizə basqın edirdi, qapıdan, divardan, evin üstündən gəlirdilər. Xalqı çox incidirdilər.
Sual: İsfahanda, yoxsa Qumda?
Cavab: İsfahanda. Hacı Ağanın atası Molla Haşimin mənzili burada idi. Tez-tez Hüseynin və Əlinin dalınca gəlirdilər.
Sual: Atanızın sorağına gəlmirdilər?
Cavab: Atam Həmədanda sürgündə idi.
Sual: Bu get-gəllərin sonu nə oldu?
Cavab: Hüseyni həbs etdilər. Amma Əlini tuta bilmədilər. Əli SAVAK-ı aldadıb aradan çıxırdı. Hüseyni isə həbs etdilər.
Sual: Demək, atanızla yanaşı qardaşlarınız da siyasi olub.
Cavab: Bəli. Mən və Məhəmməd siyasi deyildik.
Sual: Hüseynin övladı yox idi?
Cavab: Bir oğlu vardı, o da dünyasını dəyişdi.
Sual: Necə baş verdi?
Cavab: Adı Möhsin idi. Atası öldürüləndən sonra Hacı Ağanın nəzarəti altında idi. Bəsic üzvü idi. Növbədə olduğu zaman avtomobil qəzasında dünyasını dəyişdi. 15 yaşı vardı.
Sual: Bəsic deyəndə aydın olur ki, inqilabi təfəkkürlü olub və atasının yox, babasının yolunu gedib.
Cavab: Bəli. Çünki Hacı Ağadan tərbiyə almışdı. Fərasətli uşaq idi. Bəsicin fəal üzvü idi.
Sual: Necə oldu ki, Ayətullah Cənnətinin oğlu ata-babasının yolunu seçmədi?
Cavab: Əli Ağa hövzədə olub. 2 il də ruhani libası geyinib. Amma SAVAK-ın nəzarəti ciddi olduğundan, tez-tez Livana, Suriyaya getdiyindən libası çıxardı. Amma Qumda Həqqani mədrəsəsində təhsil alıb.
Sual: Demək, nazir Əli Cənnəti əmmamə qoyub?
Cavab: Bəli. Böyük istedadı var.
Sual: Atanızın haqqında xalq arasında zarafata yayılan mesajlardan xəbəriniz var?
Cavab: Belə zarafata mesajlar çox görmüşəm. Gözümüz, qulağımız öyrəşib. Biz Hacı Ağanı üzbəüz görürük, mesaja ehtiyac qalmır.
Sual: Bu sizi narahat etmir?
Cavab: Narahat olsam da əlimdən nə gəlir?! Bu işi görənlərlə davalaşmaq olmaz ki. Əlbəttə ki, atam haqqında şirin zarafatlar da var. Amma bəziləri qərəzlidir, düşməncəsinə yayılır. Amma bir təhər yola verməliyik.
Sual: Adətən bu mesajlarda atanızın uzunömürlü olmasına zarafatla yanaşılır. Maşallah siz də 63 yaşında çox qıvraqsınız.
Cavab: Bu bizdə irsidir. Babam molla Haşim Cənnəti də belə olub.
Sual: Atanız yaşına görə qıvraqdır.
Cavab: Əvvəllər çox zəif idi. Əli Ağa da zəif idi.
Sual: Doğrudan sizdə uzun ömürlülük irsidir? Hacı Ağanın dayısı son dövrlərdə vəfat etməyibmi?
Cavab: Bəli. 2 ildir dünyasını dəyişib. Mənimlə həmkar idi. Qədim dülgərlərdən idi.
Sual: Sizin belə qıvraq, sağlam qalmağınızın səbəbi nədir?
Cavab: Mən və atam bu baxımdan çox oxşarıq. Amma sonradan atamın əsəbi zəiflədi, tez-tez hirslənərdi. Olsun ki, buna görə bir qədər zəiflədi.
Sual: Nə üçün əsəbləşərdi?
Cavab: Siyasi məsələlərə görə. Gərgin inqilab günlərində əsəbi olurdu. Ölkəyə rəhbərlik məsuliyyətinin bir hissəsi də onun üzərində idi. Bütün boş vaxtını kitab mütaliəsinə sərf edirdi.
Sual: İndi necədir? Qəzet oxuyurmu?
Cavab: Daha çox xəbərlərə qulaq asır. Bəzən qəzet də oxuyur.
Sual: Sizin evdə olanda gün uzunu nə işlə məşğul olur?
Cavab: O proqramlı adamdır, bu məsələyə çox diqqət göstərir. Əgər bir yerdə görüşü varsa bu görüş vaxtında baş tutmalıdır, yoxsa narahat olur.
Sual: Görüşlərdən başqa nə iş görür?
Cavab: Azandan qabaq oyanır, gecə namazı qılır. Atası da belə olub. Gün doğan vaxtı 30-45 dəqiqə yatır. Gün uzunu görüş nəzərdə tutulubsa görüşə gedir. Ona gələn məktubları oxuyur, araşdırır. Günortadan sonra da 1 saat yatır. Gecələr isə yuxu vaxtı saat 11-dir.
Sual: Daha çox xalqla görüşür, yoxsa məsullarla?
Cavab: Həm xalqla, həm də məsullarla görüşü olur. Məhəllə adamlarından tutmuş Bəsic üzvlərinə qədər onun görüşünə gəlir, məsullarla da görüşü olur.
Sual: Uşaq vaxtı atanız sizi vurubmu?
Cavab: Uşaq kötəklənməsə böyüməz ki! (zarafatla gülür) Amma o çox cazibəli olub, bu gün də belədir. Xoşrəftarlı olsa da, biz həmişə ondan çəkinmişik.
Sual: Biri işdən çıxarılanda sizə müraciət edirmi ki, ona kömək edəsiniz?
Cavab: Belə şeylər olur. Amma mənim işim ölü yumaq kimidir. Sadəcə sözü Hacı Ağaya çatdırıram. O da heç vaxt bizim xahişimizə görə iş görməz. Sadəcə həmin məsələni araşdırır. Əgər həmin adam haqlıdırsa ona kömək edir, haqsızsa əhəmiyyət vermir.
Sual: Sizin sorağınıza xahiş üçün haralardan gəlirlər?
Cavab: Adətən İsfahandan gəlirlər. Kənardan gəlib Hacı Ağanın özü ilə görüşənlər olub.
Sual: Bir şirin xatirə danışardınız.
Cavab: Həyat başdan-başa xatirədir. Ailə qurmağım, təklikdən qurtarmağım şirin xatirələrdəndir. 22 yaşında ailə qurmuşam.
Sual: Həyat yoldaşını özünüz seçmisiniz?
Cavab: Bu mövzu ilə daha çox babam və nənəm maraqlanardı. Atam da məsələdən xəbərdar idi. Mən də demişdim ki, kimi bəyənsəniz sözüm yoxdur. Onlar da mənim üçün bir həyat yoldaşı seçdilər.
Sual: Bir acı xatirə danışın.
Cavab: Ağır uşaqlıq qövrünü həmişə xatırlayıram.
Sual: Neçə övladınız var?
Cavab: Bir oğlum, beş qızım var. Oğlum Qumda tələbədir, üç qızım ailə həyatı qurub, ikisi evdədir.
Sual: Yeznələriniz nə işlə məşğuldur?
Cavab: Hər üçü mühəndisdir.
Sual: Bütün ailə son dəfə nə zaman bir yerə yığışıb?
Cavab: Əli Ağanın övladının toyu olanda.
Sual: Nə zaman?
Cavab: 94-cü il, bəhmən ayında. İldə bir dəfə Tehrana gedib görüşürük.
Sual: Ayətullah Cənnətinin ailəsində bayram payı vermək ənənəsi varmı?
Cavab: Buna o qədər də əhəmiyyət verilmir. Bizdə bayramlıq əsasən Qədiri-Xum və Qurban bayramlarında olur. Bununla belə bayram payı məsələsi Hacı Ağa üçün çox mühüm deyil.
Sual: Qardaşınız Nazir Əli Cənnətinin işinə necə qiymət verirsiniz?
Cavab: Mən onun işi barədə o qədər də məlumatlı deyiləm. Yalnız xəbərlər proqramında eşidirəm.
Sual: Xalq sizə qardaşınızdan danışırmı?
Cavab: Danışanlar olur. Bəziləri tənqid edir. Qərəzli olanlar da var.
Sual: Demək həm tərif, həm də tənqid var?
Cavab: Bəli.
Sual: İbrahim Hatəmikiyanın qardaşınız haqqında sözlərini eşitmisiniz?
Cavab: Yox, səfərdə idim.
Sual: Ayətullah Cənnətinin, oğlu nazir Əli ilə münasibəti necədir?
Cavab: Yaxşıdır.
Sual: Kənardan baxanda belə görünür ki, müəyyən fikir ayrılıqları var. Bu onların ata-oğul əlaqəsinə təsir göstərirmi?
Cavab: Bu barədə məlumatım yoxdur.
Sual: Heç qardaşınızla cəmiyyətin vəziyyətindən danışıb nigarançılığınızı bildirmisiniz?
Cavab: Bu barədə nə qardaşım, nə də atamla çox söhbət edirik.
Sual: Bu bahalıqda, infilyasiya dövründə necə dolanırsınız?
Cavab: Biz bir iş görə bilmərik. Mənim fikrimcə, ölkə məsulları bunun qarşısını almalıdır. Amma almırlar. Məsullar öz işini lazımi səviyyədə yerinə yetirmir.
Sual: Bahalıqdan əziyyət çəkirsinizmi?
Cavab: Əlbəttə ki.
Sual: Amma ölkədə bir çox məsulların övladları maddi çətinlik çəkmir, rifah içində yaşayır.
Cavab: Mənim başqaları ilə işim yoxdur. Öz işimə baxır, öz sözümü danışıram. Bizi geri çəkməsinlər, irəli aparmaqları lazım deyil. Amma arxamızca çox söz danışırlar. Gördüyünüz bu evi tikəndə bəziləri deyirdi ki, Ayətullah Cənnətinin oğlu saray tikir. Amma hamı görüb ki, bu sadə evi hansı əziyyətlə tikmişəm, usta-fəhlələrlə birlikdə işləmişəm. Şah dövründə 15 metrlik bir mağaza icarəyə götürmüşdüm. Gecə-gündüz işləyirdim. İndi də görürsünüz ki, işləyirəm.
Sual: Dalınızca nə danışırlar?
Cavab: Danışanlar olur. Bir mühəndis ev tikdiyimi eşidib evi görmədən filankəs saray tikir demişdi. Nəhayət gəlib öz gözü ilə gördü. İnanmırdı ki, mən belə ev tikmişəm.
Sual: Yaxşı ki, maşınınız var.
Cavab: Təzəlikcə almışam. Əvvəlki maşını Tehranda olanda oğurladılar.
Sual: Atanız bir iş görmədi?
Cavab: Atam xəbər tutdu, amma nə edə bilərdi? Mən də başqaları kimi getdim polisə, şikayət etdim. Amma maşın tapılmadı.
Vilayet.nur-az.com