01 Sentyabr 2015
Şəhid Rəcai haqqında
“Ona baxın, o informasiya naziridir, amma köhnə kilimin üstündə namaz qılır!"

1360-cı il, şəhrivər ayının 8-də qanlı hadisə baş verdi. İran İslam Cümhuriyyətinin ən sadiq və fadakar xidmətçilərindən olan dövrün prezidenti Məhəmmədəli Rəcai terror edildi. Prezident Rəcai ağıllı bir ömür yaşayan, məzlumların ümid yeri olan bir insan idi. O İbn Mülcəmdən də pis qatillər tərəfindən şəhadətə yetirildi, Allah dərgahına qovuşdu. Şəhid Rəcai və Ayətullah Xameneinin dostluğu şəmsi 1346-cı illərə qayıdır. Cənab Rəhbər ilk dəfə şəhid Bahünərin mənzilində ədəb və mətanət mücəssəməsi olan Rəcai ilə tanış oldu. Ayrılığa qədər 15 il müddətində dostluq və həmkarlıq etdilər. İslam İnqilabının gedişində acılı-şirinli xatirələr yaddaşlara düşdü. Allahın lütfü ilə iki şəxs arasında dostluq rabitələri zaman keçdikdə güclənirdi. 8 şəhrivər hadisələrinin ildönümü münasibəti ilə Şəhid Rəcai haqqında xatirələr yenidən vəqərlənir. Cənab Rəhbər Ayətullah Xameneinin də mərhum Rəcai haqqında şirin xatirələri var.
Cənab Rəhbər Ayətullah Xamenei hadisələri belə xatırlayır:
Şəhid Rəcainin mənim üçün də nümunə olan qeyri-adi xüsusiyyəti vardı. Demirəm ki, mən həmişə bu nümunəyə əməl etmişəm. Deyirəm ki, həmişə əməl etməyə çalışmışam. Bir dəfə çıxışı zamanı aydın və qətiyyətlə bildirdi ki, mən hizbullahın tərəfdarıyam. O zaman hizbullah haqqında danışmaq bu gün danışmaq kimi deyildi. Bu gün hizbullahdan danışmaq bir iftixardır. O dövrdə hələ ki, siyasət səhnəsində qalan əvvəlkilər hizbullah haqqında danışmağı bir eyb sayır, mənfi dəyərləndirirdilər. Hizbullah deyəndə xüsusi bir qrup nəzərdə tutulurdu. Hizbullah ilahi hədəflər yolunda xidmət göstərən insanlardır. Onların heç bir gözləntisi yoxdur. Yalnız Allahın razılığı üçün çalışan bu qrup hizbullah adlandırılır. Müharibə olanda meydana tələsirlər, idarəçilik lazım gələndə ixlasla çalışırlar. Gün altında yürüş keçirmək lazım gələndə, soyuq qışda küçələrə çıxmaq zəruri olanda hamıdan qabaq səhnəyə çıxan və sonadək dayanan hizbullahdır. Ölkə rəhbərlərinin səsinə səs vermək, inqilab şüarlarını təkrarlamaq onların həmişəki işidir. Hizbullah doğrudan da İmamın arxasında dayanmış ümmətin fədakar qismidir. Budur hizbullahın mənası...
Bəziləri inqilaba xidmət etsə də öz mənafeləri barədə düşünürlər. Onlar hizbullah deyil. Sən hizbullaha tərəfdarlıq edəndə onlar sənə qarşı çıxır. Şəhid Rəcai açıq şəkildə elan etdi ki, mən hizbullahın tərəfdarıyam. O zaman mən Rəcainin çıxışını radioda dinləyirdim. Düşündüm ki, bu insanda düşüncə və din birləşib. Aydın məsələdir ki, uzun müddət istibdad rejimi altında yaşayan cəmiyyət bir anda dəyişə bilməz. Bu cəmiyyətin qəlbini ələ almaq asan deyil. Rəcai seçim apardı və bu işi gördü. Əmirəlmöminin (ə) Malik Əjdərə göstəriş verirdi ki, xalqın qəlbini ələ al. Tapşırırdı ki, xüsusi bir qrupun ardınca getmə. Harada xalq varsa, sən də orada ol. Bu toplum arasında ilahi hədəfləri həyata keçirmək mümkündür. İslam rəhbərləri həmişə belə tövsiyə edib...
Mən xəstəxanadan yenicə çıxmışdım. Niyavərən tərəflərdə bir mənzildə istirahət edirdim. Ölkədəki vəziyyətlə bağlı məlumat alırdım. Şəhid Rəcai, Şəhid Bahünər və başqa qardaşlar müəyyən problemləri mənimlə müzakirə edirdilər. Amma hadisələrdə fəal iştirak edə bilmirdim. Səhhətim yaxşılaşdıqca tədricən iclaslara qatılırdım. Hadisədən bir gün əvvəl mərhum Rəcainin otağında iclasda olmuşdum. İclasda məmləkətin mühüm məsələləri müzakirə olunurdu. Səhəri gün mən istirahət edirdim. Yuxudan oyandım, ətrafdakı dostların zümzəməsini eşitdim. Dedim nə baş verib? Dedilər ki, baş nazirin qərargahında partlayış olub. Dərhal soruşdum ki, orada kimlər olub? Dedilər Rəcai, Bahünər də orada imiş. Nigarançılığım artdı. Səhhətim yaxşı deyildi. Özümü zorla telefona çatdırdım. Xəbərlər ziddiyyətli idi. Bəziləri deyirdi ki, vəziyyətləri pis deyil, bəziləri deyirdi ki, cəsədləri tapılmayıb, bəziləri deyirdi ki, xəstəxanadadırlar. Bir müddət düzgün xəbər ala bilmədim. Nigarançılığım həddi aşırdı. Nəhayət xəbər tutdum ki, həqiqət nədir. Təbii ki, qeyri-adi hisslər keçirirdim. İki əziz, qədim dostumu əldən vermişdim. Böyük zərbə almışdım. Zəiflik hiss edirdim. Digər tərəfdən bu hadisəni törədənlərə qəzəbim aşıb-daşırdı. Səhəri gün nə qədər halsız olsam da qalxıb maşına mindim, dəfn mərasiminə gəldim. Həkimlər mənə icazə vermirdi. Doğrudan da, mərasimdə qala bilmirdim. Məclisin qarşısındakı eyvanda dayanıb çıxış etdim. Dostlar ətrafıma toplanmışdı. Qorxurdular ki, yerə yıxılım. Çox həyəcanlı idim.
Tehran təhsil şöbəsinin sabiq müdiri Xoşnevisan:
Mən Rəcai və Bahünərlə şəmsi 1347-ci ildə tanış olmuşdum. Onlarla həmkarlıq edirdim. Cənab Rəcai 47-ci ildə Kamal mədrəsəsində həndəsə müəllimi idi. Həbsə alınana qədər müəllimlik edirdi. Şəhid Rəcai və şəhid Bühünərin evində Quran təfsiri dərsləri keçirdik. Şəhid Rəcai Fransadan qayıdandan sonra İraqa getdi, imamla görüşdü. Geri qayıdanda onu həbs etdilər. Sonra Kamal mədrəsəsi bağlandı. Əslində bu mədrəsə inqilabçılar üçün qeyri-rəsmi bir qərargah idi.
Həbsdə olduğu müddətdə onun evinə baş çəkirdim. Şəhid Rəcainin həyat yoldaşı onun siyasi həyatına çox təsirli idi. Böyük çətinliklərə dözmüşdü. Xatırlayıram ki, həmin günlərdə evlərinin tavanı sökülmüşdü. Mən xahiş etdim ki, bənna gətirsinlər, təmir etsin. Xanımı qətiyyətlə etiraz etdi. Şəhid Rəcai prezident olduğu dövrdə də müəllimlik maaşı alırdı. Maraqlıdır ki, şəhadətindən 3 il sonra, hicri 63-cü ildə Məkkədə sosial təminat idarəsinin rəisi cənab Kərbəlai məni gördü, dedi ki, şəhid Rəcai müəllimlik maaşı ilə təqayüdə çıxıb. Deyirdi xanımından icazə alım ki, biz onun təqayüdünü artıraq. Amma şəhid Rəcainin xanımı buna qətiyyətlə etiraz etdi.
Şəhid Rəcai özünü inqilaba vəqf etmişdi. Bəzən görüşürdük, görürdüm palazın üstündə uzanıb gözlərini yumub. Amma deyirdi söhbət edin, oyağam. Bir dəfə Rəcai ilə birlikdə Qumda imamın görüşünə getdik. İmam onun təhsillə bağlı məlumatını dinləyib buyurdu ki, əgər belə işləsək sıfr nöqtəsinə çatmağa qədər 20 il ötər. Rəcainin imama böyük sevgisi vardı. Həqiqətən, Rəcainin imama mürid sevgisi vardı.
Rəcai hökumət işlərində də sadəliyini qoruyurdu. Mən Tehran təhsil şöbəsinin müdiri olanda dedi ki, otağını böyütməyə yox, kiçiltməyə çalış.
Prezidentin müşaviri doktor Müctəba Rəhmandust belə xatırlayır:
Mən Şəhid Rəcai ilə çox yoldaşlıq etməsəm də onunla bağlı xatirələrim dərin iz buraxıb. Çox iddiasız adam idi. Baş Nazir olanda zabitlər məktəbinə baxışa getmişdik. O zaman prezident olan Bəni Sədr təkəbbürlü rəftar edirdi, hamı onun ardınca hərəkət etməli idi. Baş nazir Rəcai isə sadə insanlarla əhatələnmişdi, prezidentin arxasınca gedirdi. Kimsə prezidentdən qabağa keçməyə çəkinərdi. Amma Rəcaiyə münasibət başqa idi. Onu görən təbəssümlə sevgisini bildirirdi. Ona təklif edirdilər ki, birlikdə şəkil çəkdirək. Etiraz etməzdi. Prezidentə yaxın gedə bilməyənlər beləcə baz nazirlə şəkil çəkdirərdilər...
Respublika Məsələhət Şurasının katibi Rədar Rizai:
Mən Şəhid Rəcai ilə çox görüşmüşəm. O təhlükəsizlik mövzusunda yığıncaqlarda iştirak edirdi. Prezident olması məsələsi önə gələndə mənimlə bir neçə mövzuda söhbət etdi. Bir neçə nəfərin dövlətdə çalışmasını istəyirdi. O zaman SEPAH-da olan Cənab Nəbəvi də həmin adamlardan idi. Cənab Rəcai məndən xahiş etdi ki, cənab Nəbəvini onun ixtiyarına verim.
Şəhid Rəcai çox çətin bir dövrdə prezident oldu. 30 xordadda atışmalar başladı. Ayətullah Xamenei o dövrdə Tehranda Ali Müdafiə Şurasında imamın nümayəndəsi idi. Cənab Rəhbər yaralandı. 7 tirdə partiya qərargahında partlayış baş verdi. Həmin gün şəhid Rəcai ilə görüşdüm. Partiya qərargahında partlayış baş verəndə cənab Haşimi və mərhum Hacı Əhməd Xomeyni ilə Rəcainin iş yerinə getdik. Orada namaz qıldıq. Məsləhətləşirdik ki, bunu Cənab Xameneiyə necə xəbər verək? O şəhid Behiştiyə çox bağlı idi. Özü isə yenicə cərrahiyə əməliyyatından çıxmışdı. Cənab Rəcai Allaha təvəkkül edən, güclü ruhiyyəyə malik bir insan idi. Bir neçə gün öncə münafiqlər qumbara atanla mənim otağımı vurmuşdular. Mən də yaralanmışdım. Bir casusları vardı. Otağa daxil oldu, sonra dedi ki, gəlin vurun. Mən gördüm ki, küçədə iki nəfər qumbara atanla otağı nişan alır. Bir neçə gün cənab Rəcainin qərargahında çətinliklə namaz qıldım. Çox ağır günlər idi. Şəhid Rəcai sarsılmaz adam idi. Ayətullah Xamenei yaralanmışdı, ölkənin vəziyyəti çox ağır idi. 72 nəfər aparıcı şəxs şəhadətə çatmışdı. Həmin gecə şəhid Bahünərin arxasında namaz qıldıq. Şəhid Rəcai o qədər aram idi ki, indi də çöhrəsi gözümün önündən getmir.
Qərara gəldik ki, hadisə barədə Ayətullah Xameneiyə məlumat verək. Əvvəlcə deyək ki, Behişti yaralanıb. Sonra tədricən şəhadət xəbərini çatdırarıq. Xatırlamıram ki, bu sözü kim deməli idi. Sonra təhlükəsizlik məsələləri haqqında danışdıq. Çoxlarında belə təsəvvür yaranmışdı ki, inqilab məğlubiyyətə uğrayır. Prezident qaçmışdı. Məclisdə əksəriyyət yox idi, Ədliyyə Nazirliyi başsız qalmışdı. 3-4 gün ötəndən sonra məclisin yaralı nümayəndələrini xəstəxanadan məclisə gətirdik. İclasdan sonra yenidən xəstəxanaya qaytardıq...
Şəhid Rəcai dövründə səhiyyə naziri olmuş doktor Musəvi Zərgər:
Mən cənab Rəcaini uzaqdan tanıyırdım. Həbsdən sonra Rifah mədrəsəsində görmüşdüm. O zaman İstiqbal komitəsində səhiyyə işlərinin məsulu idim. O zaman Doktor Ləvəsani, Doktor Vilayəti, Doktor Fəyyazbəxş də orada çalışırdı.
İkinci dövr tanışlığımız nazirlər kabineti dövrünə təsadüf edir. Onun dövləti koalision bir dövlət idi. Xalq Cəbhəsi, İran Partiyası və başqa partiyalardan təşkil olunmuşdu. Bu partiyalardan olan nazirlərin çoxu istefa verdi. Təhsil Nazirliyi, Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfat Nazirliyi nazirsiz qalmışdı. Ali İnqilab Şurası bu istefalardan sonra nazirlərin yerinə müəyyən adamları təyin etdi. Doktor Şükuhinin yerinə cənab Rəcai Təhsil Naziri təyin olundu. Mühəndis Tahirinin yerinə cənab Kəlantəri yol narizi oldu. Doktor İzədinin yerinə Doktor Şeybani Kənd Təsərrüfatı Naziri oldu. Doktor Saminin yerinə mən Səhiyyə Naziri oldum. Cənab Qəndi və cənab Abbaspur informasiya və enerji nazirinin yerini tutdular. Biz öz adımızı müstəzəflər naziri qoymuşduq. İclaslarda da yanaşı otururduq. İnqilabın əvvəllərində iş çox ağır idi. Mən bir il neçə ay ərzində eynək vurmalı oldum. Gündə 17-18 saat işləyirdik. Evdə olanda da xüsusi qovluqlar üzərində iş aparırdıq. Hamı bu vəziyyətdə idi. Ölkə böhran keçirirdi. Təsəvvürə gəlmirdi ki, üç gün ardıcıl sakit iş şəraiti ola bilər.
Bununla belə otağın qapısı xalqın üzünə açıq idi. Hətta bəzən sadə insanlar otağa yığışırdı, müzakirələr gedirdi. Bu arada mən otaqdan çıxıb başqa işlərimi görürdüm. Xalqla ünsiyyət çox asan idi. İnsanlar rahatlıqla nazirlərlə görüşə bilirdi. Şikayətə gələnlər imkansız olduğumuzu görəndə təşəkkür edib gedirdilər. Açıq deyirdik ki, onların istəyini yerinə yetirməyə imkanımız yoxdur.
Cümə günü sübh Dövlət Şurasına getdim, bir qədər işlədim, sonra birlikdə cümə namazına yola düşdük. Bir gün cənab Rəcai dedi ki, savabınıza şərik olmaq üçün sizə namaz üçün xalça vermək istəyirəm. Bir böyük kilim gətirdi, hamı onun üzərində namaz qıldı. Biz çox sevinirdik ki, cənab Rəcainin gətirdiyi kilim üzərində namaz qılmışıq. Adətən Qüds küçəsində universitetin şərq tərəfində əyləşərdik. Çünki biz gələndə çox yerlər dolu olardı. Cənab Rəcainin gətirdiyi döşənəcək köhnə bir kilim idi. Dostlarımız bu köhnə kilimə baxıb güldülər. Dedilər əcəb xalçaya qonaq edirsiniz! Cənab Rəcai buyurdu ki, olanım bu idi. Nəhayət, kilimi sərdi, üç nəfər qabaqda, dörd nəfər arxada iki sıra dayandıq. Şəhid Rəcai qabaqda əyləşmişdi. Doktor Şeybani, mühəndis Kəlantəri yanaşı əyləşmiş qoca ilə söhbət edirdilər. Mənə maraqlı gəldi ki, onlar nədən danışır? Qoca kişi şəhid Kəlanfəriyə deyirdi ki, əcəb hökumətimiz var, ləzzət edir. Kəlanfəri səbəbini soruşanda qoca kişi Doktor Qəndiyə işarə ilə dedi: “Ona baxın, o informasiya naziridir, amma köhnə kilimin üstündə namaz qılır!"
Şəhid Kəlantəri zarafatçıl adam idi. Qoca kişiyə dedi ki, sənə daha təəccüblü söz deyəcəyəm. Qoca kişi soruşdu ki, nə deyəcəksən? Şəhid Kəlantəri dedi: “Mən özüm Nəqliyyat Naziriyəm, mənim yanımda oturan da Səhiyyə Naziridir. O biri tərəfdə oturan isə Kənd Təsərrüfatı Naziridir. Lap qabaqda oturan isə Təhsil Naziri Rəcaidir. Onun kənarındakı isə Enerji Naziri Abbaspurdur.” Qoca kişi bu sözləri eşitdikcə sevincindən uçmağa qalırdı.
Doktor Əhməd Təvəkküli:
Şəhid Rəcainin xalqa münasibəti ilə bağlı bir hadisəni xatırlayıram. Bir dəfə Mazandarana səfərə getmişdi. Saridə xalqla görüş keçirmişdi. Bizim Fereydun kənarda hacı Qulamriza canbaz adlı tanışımız vardı. O azsavadlı bir tacir idi. Çox az danışardı. Mazandaranlı ləhçəsi vardı. Açıq qəlbli, ixlaslı bir insan idi, kiçik dükanı ilə kifayətlənən bir şəxs idi. Biz səhər vaxtı onun dükanına getdik. Axşama qədər evə getməzdi. Dükanı evə yaxın olsa da yeməyi ona dükana gətirirdilər. Şəhid Rəcai Sariyə gələndə o dükanını bağlayıb Sariyə getdi. Mən onu görəndə soruşdum ki, necə oldu dükanı bağladın? Dedi: “O (Rəcai) yaxşı adamdır, onu görmək istəyirdim.” Dedim nə üçün deyirsən yaxşı adamdır? Dedi ki, yoxsullar kimi yeriyir.
Sərhəddizadə: (İnqilabdan sonra şəhid Rəcai ilə Abadanda mühasirə şəraitində olduq. şəhid Cahanara ilə birlikdə top atəşləri altında gecəni keçirdik. Bu zaman o komandanlarla əyləşib mühasirəni necə yarmaq barədə söhbət aparırdı. Hamı onun ətrafına toplanmışdı. Bəziləri dövlətin diqqətsiliyindən gileylənirdi. Maraqlıdır ki, o xəyanətkar Bəni Sədrin haqqında danışmırdı, onun haqqında deyilən sözlərə güc vermirdi. Mənə elə gəlirdi ki, o imamın məsləhəti əsasında belə edir. Beləcə səhərə qədər döyüşçülərlə birlikdə quru torpaq üstündə müzakirə getdi. Baxan inanmazdı ki, o ölkənin Baş Naziridir.
Doktor Abbas Şeybani:
Mən Şəhid Rəcai və Şəhid Bahünərlə birlikdə Rifah mədrəsəsinin təsisi zamanı tanış olduq. Onlar əsaslı elmi iş görmək istəyirdilər. Xüsusi ilə Doktor Bahünər dini kitablar yazırdı, bu kitabların sadə və məzmunlu olmasına çalışırdı. Şəhid Rəcai dövlət məsuliyyəti qəbul edəndən sonra da əvvəlki kimi sadə idi, xalqla rəftarlarında heç bir fərq yaranmamışdı. Prezident olandan sonra da həyat tərzi dəyişmədi. Prezidentliyə namizəd olanda mən də namizəd idim. Məni və başqa namizədləri Baş Nazir qərargahına dəvət etmişdi ki, hər hansı terror hadisəsindən qoruna bilək. Mən onu çox sadə gördüm, səmimi davranırdı, çalışırdı ki, gənclərə yaxşı nümunə olsun.
Şəhid Rəcainin yaxın dostu cənab Sahibzəmani:
Bir gün şəhid Rəcai böyük oğlu Kamalla bizə gəlmişdi. Həyətimizdə iki portağal ağacı vardı. Ağacdakı potağallar çox kiçik idi. Kamal onlardan birini dərdi. Çox turş olduğu üçün yeyə bilmədi. Şəhid Rəcai dedi ki, əgər dərmisənsə, yeməlisən. Uşaq portağal acı olduğundan çətinlik çəkirdi. Mən dedim ki, cənab Rəcai təkid etməyin. O dedi ki, qoy öz səhvinin acısını dadsın!
İnqilabdan sonrakı günlərdə cənab Sübhani Kamal mədrəsəsinin rəisi idi. O cənab Rəcaini Qəzvindən Tehrana gətirmək üçün Tehranda mədəniyyət idarəsinin rəisi ilə əlaqə saxladı. Dedi ki, bizim cənab Rəcaiyə ehtiyacımız var, onun Kamal mədrəsəsinə gəlməsinə kömək edim. Bir həftə sonra Rəcaidən soruşdum ki, idarə rəisinin yanına getdin? Rəcai cavab verdi ki, yox, getməmişəm. Cənab Sübhani dedi ki, mən ona demişdim, işini düzəltməli idi. Rəcai dedi ki, siz məni təqdim etməmisiniz, demisiniz ki, Rəcai yazıqdır, ona kömək edin. Mən isə yazıq deyiləm. Mənə elə gəldi ki, Qəzvində tədris yazıqlıq deyil, ona görə də müdirin yanına getmədim. Əgər siz məni lazımi şəkildə təqdim etsəydiniz bir riyaziyyat müəllimi ünvanında gedərdim!
Bir gün ondan necə Baş Nazir olduğu barədə soruşdum. Belə cavab verdi: “Bir gün Cənab Xamenei ilə məclisə getdik, orada olan dəyərli əsərin surətini çıxardıq. Yorulub əyləşdik. Cənab Xamenei məndən soruşdu ki, əgər lazım gəlsə Baş Nazir olarsınız? Cavab verdim ki, bəli. Əgər hiss etsəm ki, bu mənim vəzifəmdir, qəbul edərəm. Səhəri gün cənab Behiştinin yanında olduğumuz zaman Cənab Xamenei dedi ki, daha Baş Nazirə görə narahat olmayın, Rəcai bu işi qəbul etməyə razıdır. Behişti razılıqla dedi ki, inqilab elə budur! Cənab Rəcai yazı taxtasını tərk edib Baş Nazir olmalıdır! Dedi ki, etiqadı var, Allahla rabitəsi də yaxşıdır. Belə olmasa, inqilab olmaz. Əgər Rəcai Baş Nazir olsa dərdlilərin dərdini bilər. Çünki özü dərd çəkib. Çünki özü ayaqyalın olub. O ayaqyalınlar üçün bir iş görə bilər!
Tehran Tibb Universitetinin rəisi Məhəmmədriza Qəndi:
Biz 12 nəfər idik, ardıcıl şəkildə Rəcai ilə görüşlərimiz olurdu. Bu adamların adı şəhid Rəcainin yolu kitabında çəkilib. Seyid Məhəmməd Sədr, Doktor Siyaməknejad, mühəndis Əzizi, Fəxrəddin Daneş, Məhəmməd Dəvai, Məhəmməd Rəfii, Möhsin Çinipuruşan bu sıradandır. Şəhid Rəcai şah dövründə həbs olunmamışdan qabaq Ələvi mədrəsəsində müəllim işləyirdi. İstər baş nazir, istər prezident olanda bizə deyirdi ki, arabir mənim yanıma gəlin, mənə gəlib çatmayan hadisələrdən xəbərim olsun. O istəyirdi ki, köməkçilərinin ona çatdıra bilmədiyi xəbərlərdən xəbər tutsun. Onunla görüşə gələn bu qrupa xüsusi ad da vermişdilər. Onlara zarafatla “Güruhi-nəq” deyirdilər. Bu qrupun işi ölkədə baş verən hadisələri Rəcaiyə çatdırmaq idi. O gənc nəslə çox diqqətli idi. Biz o zaman tələbə idik, uzaq başı 26 yaşımız olardı. Bizim xəbərləri maraqla dinləyirdi.
Baş nazir olanda evinə gedirdik. Qış vaxtı evinə gedəndə görürdük ki, soba yanmır, ev soyuqdur. Səbəbini soruşanda deyirdi ki, xalqın nefti yoxdur, biz onların haqqında düşünməliyik. Özü soyuğu hiss etmək istəyirdi. Ayrılanda zarafatla deyirdi ki, gələn dəfə gələndə xurma alın gətirin ki, üşüməyəsiniz. Onun prezidentliyinin son dövrlərində terror artmışdı. İmam məsullara çox gözə görünməyi qadağan etmişdi. Buna görə prezident iqamətgahından nadir hallarda bayıra çıxırdı. Ailə övladı onun görüşünə gəlirdi. Evə qayıdanda icazə verməzdi ki, prezident maşını ilə getsinlər. Deyirdi necə gəliblərsə, elə də gedəcəklər!
Şəhid Rəcai xalq sözünü həqiqi mənasında sevir, xalqın dərdini çəkirdi. Tez-tez deyirdi ki, imamın müqəllididir. Onunla son iclas cümə axşamı gününə düşdü. Həmin 12 nəfər başına toplanmışdı. O hamının fikrini bir-bir soruşurdu. Şam və xüftə namazını da onunla qıldıq. Namazın son səcdəsində İmam Hüseynin (ə) məşhur cümləsini zikr etdi. Deyirdi ki, ilahi Sənin razı olduğuna razıyam...
Namazdan sonra bizdən soruşdu ki, haraya gedirsiniz? Dedik ki, Kümeyl duasına. O da bizimlə getmək istədi. Amma biz bilirdik ki, İmam buna icazə vermir. Ona xatırlatdıq ki, imam ona çölə çıxmağı qadağan edib. O dedi ki, libasımı dəyişəcəyəm, örtünəcəyəm. Kümeyl duasını çox sevirəm.
Şəhid Rəcai həqiqətən də nəyi vardısa İslam İnqilabına qurban verdi. Bacardığı qədər İslam dövləti və xalqa xidmət göstərdi. Bir dəfə dostlardan biri ona yorulmayasan demişdi. Cavab vermişdi ki, Allah üçün iş görən yorulmaz!
Mühəndis Behzad Nəbəvi:
Şəhid Rəcai nazirlər kabinetini təşkil edəndə nazirlərə tapşırdı ki, binanı gəzsinlər, ən sadə otaqları nazir otağı seçsinlər.
Cənab Kəmali:
Mübarək ramazan ayı bir neçə dostla birlikdə cənab Rəcainin qonağı olduq. Çox sadə bir iftar süfrəsi açmışdı. Çox qənaətçil olduğundan süfrə də olduqca sadə idi.
Sabiq Təhsil Naziri Hüseyin Müzəffər:
Şəhid Rəcai ilə ilk tanışlığımız həbsdən azad olandan sonrakı dövrə, 1357-ci ilə təsadüf edir. Həbsdən çıxandan bir həftə sonra onun nümayəndəsi Xavəran küçəsindəki mədrəsəmizə gəldi. Dedi Rəcai tətildən gəlib, Rəcai müəllimləri Behişti, Mütəhhəri, Bahünər, Daniş kimi mübariz müəllimlərə qoşulmağa çağırır. İclaslar Rifah mədrəsəsində təşkil olunurdu. O dövrdən tanışlığımız başladı. Şəhadət gününə qədər yoldaşlığımız oldu.
İnqilabın qələbəsinin ilk illərində o daha çox inqilab komitəsində, sonralar inqilab məhkəməsində olurduq. İnqilaba zidd qüvvələrə qarşı iş aparırdıq. Cənab Rəcainin katibliyindən zəng vurdular, bildirdilər ki, münafiqlər mədrəsələrdə iğtişaş törədir. Şəhərin cənubunda bir mədrəsədə müdiriyyətdən sonra mənə Vəramində təhsil şöbəsinin məsuliyyəti tapşırıldı. Münafiqlər daha çox Tehranın cənubunda toplaşar, aksiya keçirərdilər. Bu iğtişaşlar səbəbindən mədrəsələr də tətil olardı. Gərginliyin yatırılması üçün mənə təklif etdilər ki, Tehranda 6-cı məntəqədə müdiriyyəti öz üzərimə götürüm.
İnqilabdan qabaq Rəcai özü həmin məntəqədə çalışmışdı. Oradakı mədrəsələrdən birində dərs keçirdi. Ona görə də həmin məntəqə ilə tanış idi. Bu şərait yaradırdı ki, şəhid Rəcai ilə daha çox ünsiyyətdə olum. Təhsillə bağlı çıxarılan qərarlarda onunla məsləhətləşirdim. Bir dəfə ciddi bir məsələ ilə bağlı məsləhətləşmək lazım idi. Amma cümə günü idi. Ağlıma gəlmirdi ki, cümə günü onunla görüşə bilim. Amma iş yerinə zəng vurdum, dedilər ki, otağındadır. Dərhal oraya üz tutdum. Məni katiblikdə gülərüzlə qarşıladılar. Görüş üçün əvvəlcədən vaxt almamışdım. Amma məni onun otağına ötürdülər. Otağa girəndə xəcalətdən əridim. Ağır iş rejimi olan Rəcai başını mizin üzərinə qoyub yatmışdı. Təəssüf ki, bunu görməmişdən qabaq salam verdiyimdən səs eşidib oyandı. Mən xəcalətdən geri dönmək istədim. Amma o gülər üzlə salamlaşıb çölə çıxmağa icazə vermədi. Bütün çətinliklər yadımdan çıxdı. Yer göstərdi, əyləşdim. O zarafatla məni danışdırmaq istəyirdi. Bəli, əziz Rəcai misilsiz bir insan idi. O xalqın, inqilabın, imamın aşiqi idi. Kiçik vücudunda böyük ruh gəzdirirdi. İmamın müqəllidi olması ilə fəxr edirdi. Vəzifədə olduğu dövrdən bircə dəfə olsun rəftarlarında dəyişiklik görmədik. Bugünki cəmiyyətimizin belə nümunələrə böyük ehtiyacı var. Rəcai kimi insanlar öz varlığını idealları yolunda qurban verdi.
Mühəndis Seyid Mürtəza Nəbəvi:
Mən Qəzvində şagird olduğum zaman cənab Rəcai həndəsə müəllimi idi. Böyük əxlaqı, aramlığı vardı. Bu onu başqa müəllimlərdən fərqləndirirdi. Şagirdlərlə çox mehriban idi. O Tehranda Kamal məktəbini idarə edirdi. Tehranda bir neçə dəfə görüşünə getmişdim. Rejim, inqilabi məsələlərdən danışırdı. Cənab Rəcai həbsdən çıxandan sonra inqilabi işlər üçün bir növ mərkəz olan Rifah mədrəsəsini işə saldı. O həbsdə olanda çox işkəncə görmüşdü. Mən xanımımla birlikdə onun evinə get-gəl edərdik. Onun evi imamın elanları və lent yazıları ilə yayılan məhəllənin mərkəzində idi.
İnqilab şölələri alovlananda xalq həbsxanalarda olanları azad etdi. Cənab Rəcai əbədi həbsə məhkum olunmuşdu. İmam Xomeynini (r) qarşılamaq üçün komitəyə rəhbərlik cənab Rəcaiyə tapşırıldı. İmam cənab Mütəhhəri ilə məsləhətləşib Ələvi mədrəsəsinə getdi. Rifah mərdəsəsində inqilab komitəsinin yaradılması üçün cənab Rəcai iş aparırdı. Beləcə Tehranın 14 məscidində komitə yaradıldı, komitələrdən inqilabçılara silah paylanırdı.
Vilayet.nur-az.com