18 Yanvar 2014
Namaz...

Camaat namazı
Həzrət Peyğəmbər (s) sübh namazında Əlini (ə) görmür və namazdan sonra qızı həzrət Fatimənin yanına gəlib buyurdu: “Niyə əmin oğlu sübh namazına gəlməmişdi?”
Həzrət Zəhra (s) ərz etdi: “Bütün gecəni ibadətlə məşğul olduğundan yuxusuz idi!”
Həzrət Peyğəmbər (s) buyurdu: “Sübh, camaat namazının savabı gecəni sübhə qədər qıldığı bütün namazlardan üstündür.”
Əmirəlmöminin Əli (ə) Peyğəmbərin (s) səsini eşidib onun yanına gəlir. Peyğəmbər (s) buyurdu: “Ey Əli, hər kim sübh namazını camaatla qılsa eynən gecəni səhərə qədər rüku və səcdədə olan kimi olar. Məgər bilmirsən ki, yer Allaha günəş çıxmamışdan qabağa qədər yatanlardan nalə və fəryad edər?!”
Namaz qılana aldanmaq
Çadırda yaşayan ərəb bir kişi məscidə girir və qoca bir kişinin xüşu və xüzu ilə namaz qıldığını görür. Ondan xoşu gəlir və deyir: “Necə də gözəl namaz qılırsan?!”
Namaz qılan kişi dedi: “Mən həm də orucam. Namaz qılan oruc da olsa savabı iki bərabər olur.”
Çadırda yaşayan kişi ona dedi: “Lütf elə dəvəmi bir az saxla, mənim bir az işim var, gedib tez qayıdacağam.”
Kişi dəvəni ona verib öz işinin ardınca gedir. Namaz qılan onun dəvəsini oğurlayır.
Çadırda yaşayan kişi işini qurtarıb qayıdanda nə namaz qılan kişini, nə də dəvəni görür. Hər yeri axtarır, amma faydası olmur və bu şeiri oxuyur:
Onun namazı məni heyrətləndirdi
Orucu məni özünə cəzb etdi
Amma nə faydası, namaz və orucu mənim dəvəmi oğurladı.
Cümə namazı
Aclıq və ərzaq çatışmazlığı Mədinəni ağuşuna almışdı. Aclıq və əliboşluluq Mədinə əhlini çətinliyə salmışdı. Əgər bir karvan Mədinəyə ərzaq gətirsəydi, məlum idi ki, camaat hər tərəfdən hucuma keçirdi ki, özü üçün bir şey əldə etsin. Adi hal almışdı ki, ticarət karvanları gəldikdə camaat təbl vuraraq həvəslə onları qarşılamağa gedərdilər.
Cümə günü idi, camaat Peyğəmbərlə (s) cümə namazı qılmağa hazırlaşırdılar. Peyğəmbər (s) cümə namazının xütbələrini oxuyurdu.
Xəbər verirlər ki, Mədinəyə ticarət karvanı daxil olub.
Müsəlmanlar yemək almaq üçün məsciddən çölə qaçırlar. 12 nəfər Peyğəmbərlə (s) məsciddə qalır. Camaat elə fikirləşirdilər ki, əgər məsciddə qalsalar onlara ərzaq çatmayacaq.
Peyğəmbər (s) buyurdu: “Canım ixtiyarında olan Allaha and içirəm ki, əgər siz də çölə ərzaq dalıyca getsəydiniz alov bütün səhranı başdan-başa bürüyüb hamınızı yandırardı. Ayrı bir rəvayətə görə: Əgər siz qalmasaydınız göydən onların başına daş yağardı.”
Bu vaxt “Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: “Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən təbil səsləri eşidilmişdi. O vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə edilmişdir).” ayəsi nazil olur. (Cümə, 11).
Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov
Dilimizə çevirdi: R. Hüseynov