Məhərrəm ayının 10-da (Aşura günü) Kərbəla düzündə baş verən hadisə qiyamətə qədər yaşayası və bəşəriyyət üçün azadlıq dərsi olasıdır

Həzrət Hüseyn (ə) Rəsuli Əkrəmin (s) ikinci sevimli nəvəsi, Həzrət Əlinin kiçik oğlu idi. “Seyyidüşşühəda”, yəni “Şəhidlər ağası” ləqəbiylə məşhurdur. O, hicrətin 4-cü ili, şaban ayının 5-i Mədinədə doğulub. O günün sevincində mələklər də iştrak edib. Onlar Hüseynin doğulduğu evdə onu ziyarət edib, babası Rəsulu Əkrəmə (s) təbrik deyiblər. O gün Peyğəmbər (s.) ) Əliyə qapıda dayanıb içəriyə heç kimi buraxmamağı tapşırdı. Mələklərin ziyarəti qurtardıqdan sonra, Rəsuli Əkrəm (s) bayıra çıxdı və əshabını içəriyə dəvət etdi. Həzrət Peyğəmbər yeddinci gün əqiqə qurbanı kəsdirdi. Eyni gün saçlarını təraş etdirib, qızı Fatiməyə verdi və “Ya Fatimə! Hüseynin saçlarının ağırlığı qədər gümüş sədəqə ver” buyurdu. Bir gün yenə də onu qucağına oturdub sevərkən Üsamə ibni Zeyd gördü və Rəsulullahın belə buyurduğunu eşitdi: “Allahım! Bunlar mənim qızımın oğullarıdır. Mən bunları sevirəm. Sən də onları sev. Onları sevənləri də sev”. Rəsuli Əkrəm (s.ə.v.) bir gün əshabı ilə gedərkən, Hüseynin yolda uşaqlarla oynadığını gördü. Bir az sürətli gedərək, nəvəsini tutmaq istədi. Uşaq da ora-bura qaçırdı. Rəsulullah həm gülür, həm də onun arxasından qaçaraq, uşağı tutmağa çalışırdı. Nəhayət, Hüseyni tutdu, onun üzünü mübarək ovuclarına aldı və yanaqlarından öpdü. Əshabına döndü: “Hüseyn məndəndir, mən də Hüseyndənəm! Allahı sevən Hüseyni də sevər! Hüseyn mənim nəvəmdir”. Bir gün Hüseyn qəfildən içəriyə girdi və Rəsulullahın boynuna sarıldı. Rəsuli Əkrəm (s) onu qucağına aldı və öpdü. Cəbrail “Onu çox sevirsən?” soruşdu. Rəsulullah da “Bəli!” dedi. Bunu eşidən Cəbrail “Amma ümmətin onu öldürəcəkdir!” dedi. Rəsulullah “Demək onu möminlər öldürəcəklər” dedi. Cəbrail “Bəli! İstəyirsənsə, onun şəhid ediləcəyi yeri sənə göstərərəm” dedi və göstərdi... Həmin yer Kərbəla idi - zülmə baş əyməyən İmam Hüseynin (ə) şəhadətə yetiriləcəyi torpaq! Məhərrəm ayının 10-da (Aşura günü) Kərbəla düzündə baş verən hadisə qiyamətə qədər yaşayası və bəşəriyyət üçün azadlıq dərsi olasıdır.
Nur-az.com