07 Noyabr 2015
Bu gün İmam Zeynəlabidinin (ə) şəhadət günüdür
İmam Səccad (əleyhissəlam) su içmək istəyərkən gözü suya sataşdıqda, gözlərindən yaş süzülməyə başlayırdı

Künyəsi: Əbu Muhəmməd.
Atası: Peyğəmbərin (s) nəvəsi Hüseyn (əleyhissalam).
Anası: Yəzdgirdin qızı Şəhrəbanu (Qadınlar şahı).
Doğulduğu gün: 15 Cəmadiül-əvvəl.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 36-cı hicri ili.
Şəhid olduğu gün: 25 Məhərrəm.
Şəhid olduğu il: 95-ci hicri ili.
Ömrü: 57 il.
Şəhadət səbəbi: Hişam ibni Əbdül-məlik qardaşı Vəlidin hakimiyyəti dövründə o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığında əmisi Həsənin (əleyhissalam) məzarının yanında.
Övladlarının sayı: 15 (11 oğlan, 4 qız)
Oğlanları:
1. Muhəmməd Baqir (əleyhissalam).
2. Əbdüllah.
3. Həsən.
4. Zeyd.
5. Əmr.
6. Hüseyn.
7. Əsğər.
8. Əbdürrəhman.
9. Süleyman.
10. Əli.
11. Məhəmməd Əsğər.
Qızları:
1. Xədicə.
2. Fatimə.
3. Əliyyə.
4. Ümmü Gülsüm.
Üzüyünün yazısı: “Həsbiyəllahu likulli həmmin” (Allah hər bir müsibətdə mənə kifayətdir).
Aşura xatirəsini əbədi saxlamaq
İmam Hüseyn əleyhissəlamın və onun sadiq dostlarının şəhadəti ümumi fikirlərdə Bəni-Üməyyəyə baha başa gəldiyindən və bu işin şəriliyini sual altına aldığından bu faciəni əbədi yaşatmaq üçün İmam Səccad (əleyhissəlam) öz mənfi mübarizəsini şəhidlərə ağlamaqla davam etdirirdi. Şübhə yoxdur ki, bu yandırıcı göz yaşlarının və ürəkyandıran ağlamaqların bir məhəbbət kökü vardır. Çünki Kərbəla faciəsinin müsibəti o qədər böyük və ürəkağrıdan idi ki, o faciəni öz gözləri ilə görən şəxslər nə qədər ki, sağ idilər, onu yaddan çıxarmazdılar. Ancaq şübhəsiz ki, İmam Səccad əleyhissəlamın bu hadisəyə münasibətinin bir siyasi təsir və nəticəsi var idi. Aşura hadisəsinin tez-tez təkrarlanması Əməvi hökumətinin zülmlərini yaddan çıxmağa qoymurdu. İmam Səccad (əleyhissəlam) su içmək istəyərkən gözü suya sataşdıqda, gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini soruşanda, buyurardı: “(Yezidin adamları) suyu vəhşi və yırtıcı heyvanlar üçün azad qoyub atamın üzünə bağladıqları (və onu susuz qoyduqları) bir halda, mən necə ağlamayım?” İmam Səccad (əleyhissəlam) buyurardı: “Fatimənin (əleyhassəlam) balalarının ölümü yadıma düşərkən qəhər məni boğur.”
Bir gün İmam Səccad əleyhissəlamın xadimi deyir: “Sizin qəm-qüssəniz qurtarmaq bilmir?” İmam Səccad (əleyhissəlam) buyurdu: “Vay olsun sənə! On iki oğlundan biri itmiş Yəqub Peyğəmbər öz oğlunun ayrılığına o qədər ağladı ki, gözləri kor oldu, qəm-qüssənin çoxluğundan beli büküldü. Halbuki, oğlu sağ idi. (Onu tapacağından hələ tam ümidini kəsməmişdi.) Ancaq mən bədənləri bir-birinin yanında yerə düşmüş atamın, qardaşımın, əmimin və on yeddi nəfər qohum-əqrəbamın öldürülməsini öz gözlərimlə gördüm. Bu halda heç mənim qəm-qüssəm qurtararmı?” (Biharül-ənvar, c.46, səh.108. Əl-bidayətu vən-nihayə, c.9, səh107.)
Misirin adlı-sanlı adamlarından biri olan Səhl ibn Şüeyb deyir: “Bir gün İmam Səccad əleyhissəlamın hüzuruna gedib dedim: “Kefiniz necədir?” Buyurdu: “Mən bilməzdim ki, Misirdən olan sizin kimi böyük bir şəxs mənim halımın necəliyini bilməsin? İndi ki bizim halımızı bilmirsən, sənin üçün izah edərəm. Bizim öz tayfamız arasında vəziyyətimiz Bəni-İsrailin oğullarını öldürüb qızlarını diri saxlayan fironların arasındakı vəziyyətə bənzəyir. Bu gün bizim vəziyyətimiz o qədər ağır və çıxılmazdır ki, camaat minbər başında oturub bizim əzizimizi söyərək düşmənlərimizlə dostluq edirlər.” (Ət-Təbəqatül-kübra, c.5,səh.220.)