22 Yanvar 2014
Nə üçün mütləq qüdrət sahibi olan Allah nifrin edir?

Allah-Taala Quranda insanın başa düşəcəyi bir dillə danışır. Quran bir növ bəşəriyyətin dilindədir. Allahın lənətləməsindən aydın olur ki, artıq həmin insanlar doğru yola qayıtmaq imkanını itirib. Bu insanların iman gətirmək məqsədi yoxdur.
Hidayət, doğru yola qayıdış imkanını itirənlər azğınlığın son həddinə çatıblar. Bütün peyğəmbərlər gəlsə də onlar hidayət olası deyil. Allah öz bəyanı ilə bu insanların azğınlıq həddini göstərir.
Quranın təbirlərini əlimizdə dəlil olmadan sətiraltı mənaya yoza bilmərik. Bəli, Quranda kinayələr, sətiraltı mənalar var. Amma bu mənalara əsaslanmaq üçün rəvayətlərə ehtiyac var. Təbərsi həzrət Əlidən (ə) nəql edir ki, Əmirəlmöminin “qatələhumullah” təbiri haqqında buyurub: “Böhtanı hansı həddə çatdırdılar ki, Allah onları lənətlədi!”
Qətl sözünün lüğət mənası öldürməkdir. Amma bu o demək deyil ayədə lüğət mənası nəzərdə tutulub. Allahın onları öldürməməsi dəlildir ki, söz öldürmək mənasında işlədilməyib. Aydın olur ki, məqsəd təkvini, təbii ölüm deyil. Allah bu buyuruğu ilə bəndələrini doğru yola çağırır. Ayədə bir növ insanların dilində danışılıb. İnsana öyrədilir ki, belə azğınlara lənət desinlər. Bu lənət Allahın mərhəmətindən məhrumluq mənasındadır. Müsəlmanlar ayədə nəzərdə tutulan zümrəyə bu münasibətdə olmalıdırlar.
Nur-az.com