Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2015

Nardaran olaylarında İranın barmağı varmı

İran rəsmilərinin Azərbaycan rəsmiləriylə hələ Heydər Əliyev zamanından aralarının yaxşı olması bütün dünyaya bəllidir
...və yaxud Hacı Tale İranın maraqlarınamı xidmət edir?

Nardaran hadisələrindən sonra təqsirli bilinən və terrorçu kimi qələmə verilən dindarların “xarici dövlətlərin maraqları”na xidmət etdiklərini, yaxud xarici dövlətlərdə “təlim gördüklərini” iddia edən şəxslər “xarici dövlətlər” deyərkən əslində bir dövləti nəzərdə tutdular. Amma, cəsarət edib İran adını dilə gətirə bilmədilər.

Məlum məsələdir ki, İranda dini təhsil almış şəxsi “dövlətlər” deyərkən Qərb dövlətlərinə, yaxud ABŞ-a, Rusiyaya və yaxud Afrika ölkələrinə bağlayası deyildilər. Söhbət İrandan gedir.

Mövzumuz adından da bəlli olduğu kimi Nardaran hadisəsində İranın rolunun olub-olmadığını qısa da olsa araşdırmaqdan ibarətdir. Yaxud belə də deyə bilərik; Doğrudan da Hacı Tale İranın maraqlarınamı xidmət edib?

Bu hadisələri zahirdə İrana bağlayan iki amil var; məkan və şəxs. Məkan Nardarandır, şəxs isə İranda dini təhsil almış və şiə ruhanisi Hacı Tale Bağırzadə.

Nardaran adının İrana bağlanmasının səbəbi açıq – aydındır. Bu diyarda İranın Məşhəd şəhərində yerləşən səkkizinci İmamımız İmam Rzanın (ə) bacısının məzarı – Rəhimə xanım (s.ə) ziyarətgahının olmasından əlavə, divarlara bir çox dini yazılar, hədislər yazılır, dini şəkillər əks etdirilir, bu diyarda çox sayda ruhani alim var, onlar mühüm - əlamətdar günlərdə iranlı ruhanilərin geyindiyi kimi ruhani libası geyinir (əslində bu libas İslam alimlərinə aiddir və İranla əlaqəsi yoxdur), burada bir zamanlar İran rəhbərlərinin şəkilləri qaldırılıb, ilk dəfə Nardaranda hərəkata start verən şəxs və onun ardıcılları iranlıların dostu olub, hətta vəfat etdikdə cənazə namazını Ali Dini Liderin Bakıdakı nümayəndəsi qılıb... Bütün bunlar Nardaran adının İrana bağlanması üçün kifayət edir.

Hacı Tale Bağırzadə isə şiə ruhanisidir, siyasi proseslərə qoşulur, etiraz edir, həbs edilir, İrandakı kimi şəriət dövləti “qurmaq” istəyir...

Bəs görəsən bütün bunlara rəğmən bəzilərinin dediyi kimi, İranın Nardaran olaylarında barmağı varmı? Doğrudan da İran Azərbaycanda sabitliyi pozmaqda maraqlıdırmı?

Konkret olaraq iddia belədir; İran özünün bir məntəqəsi hesab etdiyi Nardaranda özünün təlim keçdiyi bir şəxsin əliylə ölkədə sabitliyi pozmağa cəhd edir. Təbii ki, burada “İran” adı aşkarda yox, “xarici dövlətlər” adı altında keçir.

Məsələni aydınlaşdırmaq üçün iki prizmadan məzələyə baxmaq lazımdır;

Birincisi İranın mövqeyi, ikincisi hadisədə təqsirli bilinən əsas sima – Hacı Talenin milli kimliyi!

İranın mövqeyi;

Birinci qeyd edilən məsələdə İranın tutduğu mövqe anlaşılmalıdır. Burada iki məqam diqqət çəkir; birincisi, İranın qonşusu olan Azərbaycanla bağlı mövqeyi, ikincisi İran İslam İnqilabı himayədarlarının dövlət keşikçisiylə üz-üzə gəldikdə sərgilədikləri rəftar!

İran rəsmilərinin Azərbaycan rəsmiləriylə hələ Heydər Əliyev zamanından aralarının yaxşı olması bütün dünyaya bəllidir. Siyasətdə kifayət qədər təcrübəsi olan Heydər Əliyev “Təbriz” deyib dad eləyən Əbülfəs Elçibəydən daha çox İrana sərf edirdi. Mərhum Elçibəyin Cənubi Azərbaycan və İranla bağlı mövqeyi tam aydındır. Hazırkı prezident İlham Əliyev də, Elçibey tələbələri olan Milli Şura üzvlərindən daha çox İrana sərfəlidir. Üstə gəl bütün rəsmi görüşlərdə, məktublaşmalarda hər iki tərəf (İran və Azərbaycan) bir-birinə dost-qardaş rəftarı nümayiş etdirir. Bəs bütün bunları nəzərə alaraq hansı əsasla İranın Azərbaycanda sabitliyi pozmasına cəhd etdiyini iddia edə bilərik? Üstəlik bu iddia heç bir dövlət rəsmisinin dilindən səslənməyib.

İkincisi, lap deyək ki, bu bir siyasətdir, siyasət tələb edir deyə zahirdə dost-qardaş kimi görünmək siyasətdə əsas şərtdir və məqbuldur. Yaxşı, işin əsli necədir? İşin əsli budur ki, siyasəti bir kənara qoysaq belə, yenə İran ona siyasət dostu olan Azərbaycanda sabitliyin pozulmasının tərəfdarı deyil. Çünki bu ölkə (İran) İraqda və Suriyada İŞİD terrorçuları ilə müharibə aparır, fələstinlilərə yardım edir. Bu kimi işlərə başı qarışan bir dövlət, digər tərəfdən “qulağının dibində” yerləşən hər hansısa bir ölkədən zidd rəftar və təhlükə görmək istəməz.

Üçüncüsü, bəzi “ağzıgöyçəklərin” üzünü İrana tutub “soğan yeməmisən için niyə göynəyir” deyəcəyini bildiyi halda İran rəsmiləri, yüksək rütbəli şəxslər Nardaran hadisələrinin İranla heç bir əlaqəsinin olmadığını açıqca bəyan etdilər.

Deməli, bura qədər İranın Azərbaycanla bağlı mövqeyi məlum oldu.

İkinci diqqət çəkən məqam – İranın inqilab himayədarlarının dövlət qulluqçusuyla toqquşduğu zaman sərgilədiyi mövqeydir. Bu barədə diqqətinizi “Əbu Hadi” telekanalında İran İslam İnqilabı rəhbəri mərhum İmam Xomeyninin (r.ə) həyatından və İslam inqilabından bəhs edən bir neçə seriyadan ibarət sənədli filmə yönəltmək istərdik. Həmin filmin inqilabla bağlı hissəsində bir məqam keçməkdədir. Ölkə hüdudlarından kənarda sürgün həyatı yaşayan İmamın davamçıları tağut Pəhləvi rejiminə qarşı ayaqlanıb meydanlara tökülür. Cana doyan xalq kütlələrinin qəzəb və qiyamını yatırtmaqdan ötrü şah ordusuna xalqı əzməyi əmr edir. Əli silahlı əsgərlər etirazcı xalq kütlələriylə üz-üzə gəldikdə inqilabı xaricdən idarə edən rəhbərdən göstəriş gəlir; Əsgərləri güllə qarşılayın, onlar Allahın əsgərləridir!

Baxın, inqilab rəhbəri “tağut” adlandırdığı şahın və rejimin qulluqçusu olan əsgərləri güllə qarşılamağa çağırır öz davamçılarını. Çünki əsgərin, polisin vəzifəsi bitərəf olub sabitliyi və təhlükəsizliyi qorumaqdır. Hakimiyyətlər dəyişilsə də, polis və əsgər həminki polis və əsgərdir, dövlətin, xalqın, vətənin keşiyini çəkən şəxsdir! Bunu ən gözəl anlayan da məhz ruhanidir. (Həmin serial bir neçə dilə tərcümə edilib, həmçinin türk dilində izləyə bilərsiniz!)

İndi Nardaranda baş vermiş qanlı toqquşmanı, polisə açılan atəşi necə İranla bağlaya bilərik? Halbuki İran İslam İnqilabını vücuda gətirən şəxslər hökümət qüvvələrinin qəlblərini fəth etməyin tərəfdarı olub.

Onu da yaddan çıxartmamalıyıq ki, polisə atəş açma hadisəsini dindarlarla əlaqələndirmək istəyən bəzi “ağzıgöyçəklər” bunu bilərəkdən “xarici dövlətlər” olan İranın üstünə yıxır. Bununla da jest edib ictimaiyyətə çatdırmaq istəyirlər ki, baxın mövcud şəriət dövləti bu cür qorxuncdur və icazə verməyin bizim ölkəmizdə də şəriət dövləti qurulsun!

Hacı Tale və İran maraqlarına xidmət...

İran məsələsi aydın olduqdan sonra haqqında bəhs ediləsi ikinci məsələ Tale Bağırzadənin İran maraqlarına xidmət edib-etməməsidir.

Burada bir neçə nöqtə qeyd edilməlidir, o cümlədən;

1. MBH və Milli-Mənəvi dəyərlər.

Tale Bağırzadə hələ zindandan çıxmamış onun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatı təsis edildi. Hərəkat son günlərə qədər Milli-Mənəvi dəyərlərin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə səy göstərdi. Hərəkatın özülü milli-mənəvi məfkurədə qoyulmuşdu. Belə bir mövqeydən çıxış edən şəxs necə olur ki, “xarici dövlətlər”in maraqlarına xidmət edir?

2. Milli Şura amili.

Hacı Talenin millilik tərəfdarı olmasını göstərən bir cəhəti də onun ölkə müxalifətini təmsil edən Milli Şura üzvü olmasıdır. Hətta, bir zamanlar məhbus həyatı yaşayan bəzi mübariz ruhanilər də Milli Şuranın üzvlüyündə idilər. Amma, buna baxmayaraq prezident seçkilərinə az qalan bir müddətdə həbsdən bəyanat verərək Milli Şuradan istefa verdilər. Hacı Tale isə sona qədər Milli Şuranı dəstəklədi və onun tərəfindən dəstəkləndi.

3. İran ruhaniləri ilə QMİ mollalarının isti əlaqələri

İran ruhanilərinin QMİ sədri və həmçinin QMİ-yə tabe olan digərlər ruhanilər ilə isti əlaqələrinin olması məlumdur. Buna nümunə olaraq QMİ ruhanilərinin İrandakı “İslam vəhdəti” mövzusunda təşkil edilmiş beynəlxalq konfransa dəvət almaları, İranda yaşayan nüfuzlu təqlid mərcələrindən birinin bu yaxınlarda QMİ sədrinin dəvətiylə Azərbaycana gəlməsi, İran Ali Dini Liderinin Azərbaycan nümayəndəsinin QMİ sədriylə bir çox önəmli yığıncaqlarda yan-yana görünməsi qeyd edilə bilər. Amma bütün bunlarla yanaşı bu gün sosial şəbəkələrdə, efir məkanında Tale Bağırzadə QMİ-nin bəzi ruhanilərinin sərt qınağında, bəzən isə ittihamına tuş gəlir. QMİ sədri tərəfindən terrorçu kimi qələmə verilir.

4. İrana sığınmaq.

Başa bir məsələ bundan ibarətdir ki, Hacı Tale özünə təhlükə hiss etdikdə İrana da sığına bilərdi. Bir halda ki, İran dövlətinin maraqlarına "xidmət edir", o zaman niyə də belə etməsin? Onun "sığındığı" dövlət də onu rahatlıqla qəbul edərdi. Amma, o İrana qaçmadı.

Bu məqamda sual yarana bilər ki, diqqəti İrandan yayındırmaq üçün İrana sığınmadı, amma onun əvəzinə İrana yaxın kimi tanınan Nardarana sığındı. Buna cavab olaraq demək olar ki, onun Nardaranla bağlayan cəhət onun bəzi günlər orada əxlaq dərsləri deməsi idi. Amma hamıya məlumdur ki, o təkcə Nardarana yox, həbsdən çıxdıqdan sonra Azərbaycanın bir çox bölgələrinə səfər etmişdir. O da mümkündür ki, Nardaranda dindarların daha çox olduğunu düşünüb ora "sığına" bilər.

Qeyd edilən bu amilləri nəzərə alaraq hansı əsasla deyə bilərik ki, bu insan İranın maraqlarından çıxış edir.

Bildiyiniz kimi sovet hakimiyyəti zamanında da ruhanilərə qarşı repressiv addımlar atılırdı. Amma repressiya qurbanları öz təmiz adlarıyla soyuq zindanlarda çürüyür, dənizə atılır, güllələnir yaxud Sibirə sürgün edilirdi. Hazırkı repressiyalar isə müxtəlif şər-böhtanlarla həyata keçirilir. Sovet vaxtı seyyidlər kəramət sahibi, alimlər elmli, möminlər imanlı olduqlarına görə repressiya qurbanı olurdu. İndi isə ruhanilər narkotik maddə saxlamaqda, İrana “işləməkdə” ittiham edilir.

Bir məqama xüsusi diqqət! Bu mövzunu nə üçün bu qədər ciddiyyətlə diqqətdə saxladıq? Onsuz da bu məqama aydınlıq gəldisə belə, bu nəticə etibarıyla heç nəyi dəyişmir? Doğrudur! Amma, bu məsələni işıqlandırmaqla az da olsa iki mühüm məsələnin üzərindən pərdəni götürməyə çalışdıq.

Birincisi, “ağzıgöyçəklərin” kor-koranə dedikləri töhmət və iftiraların İrana aid olmadığı aşkarlansın. İslam dövlətini terrorda ittiham etməklə və başqa ölkələrdə sabitliyi pozmağa cəhd etməsini iddia etməklə İslamı gözdən salmaq istəyənlərin əsassız iddiası puç olmalıdır. İkincisi azad fikirli insanlar fikirlərinə, siyasi baxışlarına görə həbs edilirlərsə bu açıqca ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Daha “xarici dövlətlərin maraqları”na xidmət etməkdə günahlandırılmamalıdır. Onları “xarici dövlətlərin maraqları”na xidmət etməkdə ittiham etməklə öz əyriliklərini, naqisliklərini gizlətməyə çalışan, “xarici dövlətlər”in Azərbaycanın inkişafını arzulamamasını bu minvalla gündəmə gətirib özlərinin haqlı olduğunu isbatlamağa çalışan qüvvələrin planları iflasa uğramalıdır.

Məlum məsələdir ki, tarix boyu xalq içindən çıxıb xalqa edilən haqsızlıqları ifşa edən insanların qarşısını almaq, səsini boğmaq və onu nüfuzdan salmaq üçün işə salınan vasitələrdən biri də məhz, onun “xarici dövlətlər”ə xidmət etməsini iddia etməkdir. Bununla da hakimiyyətlər özlərinin düz olduğunu və xarici dövlətlərin onun inkişafını gözünün götürmədiyini isbatlamağa çalışır.


6118 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP