Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Quran Əsrin İmamı haqqında

Bütün dinlər və məzhəblərdə dünyanın sonunda ədaləti bərpa edəcək şəxsin zühuru ilə bağlı etiqad yer alıb. İslamda isə bu mövzu daha geniş, daha ciddi şəkildə bəyan olunur. Ayə və rəvayətlərdə xilaskarın zühuru mövzusu, onun xüsusiyyətləri açıqlanır. İslama görə, həzrət Mehdi (əc) İslam Peyğəmbərinin nəslindəndir. Onun zühuru İslam hakimiyyəti dövründə riallaşacaq. İmam (əc) İslama yeni həyat gətirəcək. Qurani-Kərimdə onun zühuruna açıq işarələr var. Rəvayətlərdə İmamın zühuru, onun bütün yer üzünü əhatə edəcək İslam hakimiyyəti qurması barədə danışılır.

Tövbə, 33: " Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!" Saff, 9: " Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!" Bu ayələrdə İslamın yer üzünə hakimiyyətindən danışılır. Bəli, bu ayələrə əsasən İslam Avropa, Amerika, Afrikaya hakim olacaq. Təbii ki, bu məqsəddən ötrü İslam ayinləri hər gün genişlənməli, irəli getməlidir. İslam proqramlarının tam təkamülü İmam Mehdinin dövründə baş tutacaq.

Bəzi rəvayətlərə görə İsra surəsinin 81-ci ayəsi İmamın qiyamı barədədir. İsra, 81: " De: “Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!”" İmam Baqir (ə) buyurur: "Ayənin mənası budur ki, İmam qiyam edəndə batil dövlətlər devriləcək." Haqqın batil üzərində qələbəsi, küfr və şirk qüvvələrinin məğlubiyyəti ümumi və ilahi qanundur. Haqq yol ardıcılları problemlərlə rastlaşdıqda zühur ümidi ilə həzrətə təvəssül edirlər. İmamın qiyamı ayə üçün ən münasib ünvandır. Onun qiyamı ilə bütün batil dövlətlər səhnədən çıxar, yer üzündə ədalət bərpa olar. Məkkənin fəthi günü həzrət Peyğəmbər (s) ərəb qəbilələrinə məxsus 360 bütü aşırdı. Həmin vaxt bu ayəni oxudu.

İmam Baqir (ə) Hud surəsinin 86-cı ayəsi haqqında buyurur: "Həzrət Mehdi zühur edəndə Kəbə evinə sığınar, ilk çıxışını edər və çıxışında ilk söz bu ayə olar. Sonra buyurar ki, mən sizin üçün Allahın xəlifəsiyəm. Hamı İmamı belə salamlayar: "Salam sənə ey Allahın yer üzündəki xəlifəsi." Bütün ilahi peyğəmbərlər, düşmənlə vuruşan əsgərlər yer üzünə xeyir və səadət üçün səhnədə qalar. Həzrət Mehdi İslam Peyğəmbərinin qiyamından sonra ən böyük qiyamın rəhbəridir. "Bəqiyyətullah" adı həzrətə bütün adlardan münasib addır. Peyğəmbərlər və İmamlardan sonra səhnədə qalan təkcə odur.

Nur, 55: "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!" Bəli, Alla-Taala ayədə belə bir gün vəd edir. Təfsirçilər ayədə həzrət Mehdinin hökumətinin nəzərdə tutulduğunu bildirirlər. Şərq də, qərb də bu hökumətin tabeçiliyində olar. Haqq ədalət bütün yer üzünü bürüyər, təhlükə, müharibə, qorxu bir dəfəlik aradan qalxar. Həzrət Peyğəmbər buyurur: "Dünyanın sonuna bir gün də qalmış olsa, Allah həmin günü o qədər uzadar ki, mənim ümmətimdən, mənim ad və ləqəbimdə olan bir şəxs zühur edər, yer üzündə ədalət bərpa olar, necə ki, əvvəl zülm-sitəm altında idi."

Qurani-Kərimdə bir çox ayələrdən belə anlaşılır ki, bir gün yer üzünə pak insanlar hakim olacaq. Tövhid əsasında ümumdünya hökuməti qurulacaq. Bu hökumətdə İslam proqramları dünya boyu həyata keçiriləcək. Bütün İslam hökmlərinə əməl olunacaq. İnsanların qorxu və həyəcanı aradan qalxacaq, bütün yer üzünə asayiş hakim olacaq. Bütün insanlar bir Allaha pərəstiş edəcək. Allahdan qeyrisinə ibadət, bütpərəstlik aradan qalxacaq. Rəvayətlərdə peyğəmbərlərin bu barədə müjdəsi əksini tapıb. Həmin parlaq dövür məhz həzrət Mehdinin zühur dövrüdür.

Ənfal, 39: "(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir)." Ayədə Allah qeyri-tövhid inanclara son qoyulana qədər vuruşmağa əmr edir. İmam Baqir (ə) ayədə İmam Mehdinin hökumətinin nəzərdə tutulduğunu bildirir. Həzrət buyurur: "Hələ ki, ayənin zamanı çatmayıb, zamanı çatanda şirk yer üzündən silinənə qədər müşriklərlə savaş olacaq və bu hadisə bizim qaimin qiyamı zamanı baş tutacaq."

İsra, 33: "Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və yalnız böyük bir günah işlədikdə, məsələn, iman gətirdikdən sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək olar). Haqsız yerə

öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)! Çünki (şəriətin bü hökmləri ilə) ona artıq kömək olunmuşdur." İmam Baqir buyurur: "İmam Hüseyn zülmlə qətlə yetirildi. Biz onun qanının varisləriyik. Bizim qaim İmamın intiqamını almaq üçün qiyam qaldıracaq. Həzrətin razılığı ilə hər zalımı qətlə yetirəcək. Bəziləri deyəcək ki, İmam zalımları öldürməkdə həddi aşıb. Tam qələbəyə qədər həyatda qalacaq, yer üzündə ədaləti bərpa edəcək..." Yuxarıdak ayədə təfsirçilərin nəzərincə həmin dövr nəzərdə tutulub.

Allah İbrahim surəsinin 5-ci ayəsində "Əyyamullah", yəni Allahın günləri ifadəsini işlədir. Bu günlər insan taleyində mühüm günlərdir. Bu günlərdə layiq olanlar nemətə, zülmə yol verənlər cəzaya çatar. Məsumlardan nəql olunan rəvayətə əsasən İmam Mehdinin qiyamı həmin günlərdəndi. İmam Baqir buyurur: "Allaha məxsus olan günlər üç gündür: Qaimin qiyam günü, rəcət günü, qiyamət günü." İmamın qiyam günü doğrudan da böyük günlərdəndir. Çünki həmin gün yer üzündə vahid, ədalətli, azad hökumət qurular. Zülmün kökü qazılar.

Qəsəs surəsinin 5-ci ayəsində müstəzəflərə, yəni zülmə düçar olmuşlara vəd edilir ki, onlar yer üzünün varisi qərar veriləcək. Həzrət Əli (ə) bu ayəni oxuyandan sonra buyurur: "Dünya üz döndərmələr, şıltaqlıqlardan sonra özü bizə üz tutar. Şıltaq ana dəvə balasına mehribanlıq göstərdiyi kimi!" Rəvayətə görə İmam Həsən Əsgəri İmam Mehdinin dünyaya gəldiyi yeddinci gün buyurdu: "Danış, körpə balam!" İmam Mehdi şəhadət kəlmələrini dedi, ata-babalarına salavat göndərdi, sonra bu ayəni oxudu. Bəli, hakimiyyət bu gün zülm aparatında əzilənlərə məxsus olacaq. İmamın zühuru ilə zülmün kökü qazılacaq.

Allah yalnız ona ibadət edən və salehlərdən olanlara vəd edir ki, onlar yer üzünə varis olacaqlar. İmam Sadiq (ə) ayənin təfsiri ilə bağlı buyurur: "Bütün səmavi kitablar Allahın zikridir. Saleh bəndələr deyəndə həzrət Mehdi və onun köməkçiləri nəzərdə tutulur." İmam Baqirdən də belə rəvayət nəql olunub. Yer üzünün varisləri dedikdə yer üzündə olanların həmin şəxslərin ixtiyarına verilməsi nəzərdə tutulur. Belə bir cəmiyyətdə yalnız Allaha pərəstiş edilir, hər növ şirk aradan qalxır. İntizarda olan insanların çətinlik zamanı dualarının qəbulu Allahın vədidir. İmam Sadiq (ə) buyurur: "Bu vəd ayəsi həzrət Məhəmmədin Qaimi haqqındadır. O məqami-İbrahimdə iki rəkət namaz qılar, Allaha dua edər. Allah onun narahatçılıqlarını aradan qaldırar, onu yer üzünə xəlifə seçər." Rəvayətlər görə həzrət Mehdi zühur edəndə həcərül-əsəvədə söykənər, ona ilk beyət edən Cəbraildir. Sonra həzrətin 313 xüsusi köməkçisi onun xidmətinə yetişib beyət edər. Allahın "xeyir işdə öncül olun" buyuruğu İmam Mehdiyə beyət mənasındadır. Həzrət Mehdinin vücudu çarəsizlərin duasının qəbuludur.

Salehlər hakim olan gün kafirlərin iman gətirməsi onlar üçün faydasızdır. Belələri cəzasına çatacaq. Bu da Allahın vədidir. İmam Sadiq (ə) buyurur: "Qələbə günü həmin gündür ki, yer üzü Qaim tərəfindən fəth olunar. Bundan sonra iman gətirmək fayda verməz. Amma fəthdən qabaq iman gətirən, intizar çəkənlər üçün fayda var. Allah bu insanların məqamını qaldırar, bu Əhli-beyt dostlarının mükafatıdır." Əhli-beytdə, İmamın zühuruna iman insan üçün üstünlükdür.

Allah-Taala Quranda bəndələrin imtahana çəkilməsindən danışır. Bu yolla sabitqədəm insanlar süst insanlardan seçilər. İmam Sadiqin yaxınlarından olan Məhəmməd ibn Müslim deyir: "Həzrət imtahan ayələrinin təfsiri ilə bağlı buyururdu: İmamın gəlişindən qabaq möminlərin imtahanı üçün əlamətlər var... Bu əlamətlər barədə soruşdanda İmam buyurdu: Qorxu yaradan müxtəlif xəstəliklər, aclığa səbəb olan bahalaşma, qıtlıq, ölümün artması, quraqlıqdan məhsulun məhv olması bu əlamətlərdəndir. Belə zamanlarda əqidəsində sabit qalanları müjdələ!"

Ali-İmran, 83: "Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar." İmam Kazim ayənin təfsiri ilə bağlı buyurur: "Ayə həzrət Qaim haqqındadır. Zühur etdiyi zaman müqəddəs İslam ayinləri şərqdən qərbə bütün dünyaya, yəhudilər, məsihilər, saibilər, mürtəd və kafirlərə təklif olunar. Könül xoşluğu ilə qəbul edənlər namaz, zəkat kimi vacib işlərə dəvət edilər. Ayinlərdən imtina edənlərin boynu vurular, yer üzündə yalnız müvəhhidlər qalar."

Torpağın öləndən sonra dirildilməsi Quranda əksini tapmış hadisələrdəndir. Torpağın dirilməsi deyəndə təkcə yaşıl örtük nəzərdə tutulmur. Burada küfrdən sonra iman mənası da var. İmam Baqir buyurur: "Torpağın ölməsi deyiləndə kafirlərin küfrü nəzərdə tutulur. Allah İmamın zühuru ilə yer üzünü dirildir, ədalət bərqərar olur..."

Namaz, əmr be məruf və nəhy əz münkər salehlərin yer üzünə hakimiyyəti dövründəki üç müqəddəs əməldir. İmam Baqir buyurur: "Həzrət Mehdi zühur edəndə Allah yer üzünün qərbini və şərqini onun və kömkçilərinin ixtiyarına verər. Din aşkar olar, bidətlər və batil Qaim və onun köməkçilərinin əli ilə məhv edilər. Axmaqlar haqqı ayaq altına aldı, salehlər zülmün əlaməti itənə qədər əmr be məruf və nəhy əz münkər edər." İmam Cavad buyurur:

"İmamın zühuru zamanı həzrət qılıncını sıyıranda nida gələr: Qalx ey Allahın vəlisi! Artıq oturmaq sənə halal deyil. Qiyam qaldır, Allah düşmənlərini öldür, Allah qanunlarını hakim et."

Əhli-beytdən olan həzrət Mehdinin dünyanın sonunda zühuru bütün din və məzhəblərdə yer almış mövzudur. Qiyam qaldıranlar ədaləti bərpa edər və dünya bu qiyamın intizarındadır. Qiyam nəticəsində İslam bayrağı bütün yer üzündə dalğalanar. Hamının gözü zühur edəcək Peyğəmbər övladının yoluna dikilib. Zühur edəcək ki, tövhid ayinləri, qardaşlıq və bərabərliyi səhnəyə gətirsin. Nəticədə yer üzündə asayiş yaranar, təfriqə və məhrumiyyət aradan qalxar. Bu Allahın dəyişməz vədidir. Dünya həmin parlaq əsrə doğru hərəkətdədir. Hər ötən gün dünyanı zühura yaxınlaşdırır.


Hüseyn Cəfəri

Nur-az.com


7489 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP