18 Oktyabr 2013

Təkrar evlilik

Çoxarvadlılıq təkcə qəbilə-tayfa münasibətlərinin hakim olduğu dövrə aid hadisə deyil. Müasir dünyamızda da bir çox cəmiyyətlərdə bu halla qarşılaşırıq. Cahil ərəblərdən sonra yəhudilər, İran xalqları arasında belə adət olub. İslam çoxarvadlılığı nə qəbul edib, nə də aradan qaldırıb. İslam görə cəmiyyətdə bir sıra problemlər var ki, onun yeganə həll yolu çoxarvadlılıqdır. Amma İslam çoxarvadlılıq mövzusunda qadınların sayına məhdudiyyət qoyub. Yəni dini təlimlərdə çoxarvadlılıq üçün müəyyən şərtlər mövcuddur və həmin şərtləri pozmaq olmaz. İslam dininə görə şərait münasib olduqda bir kişi dörd qadınla daimi nikaha girə bilər. Təbii ki, bundan ötəri də müəyyən şərtlərin ödənməsi vacibdir.
Bir kişinin bir neçə qadınla nikaha girməsi üçün hansı şərtlər var?
İqtisadi baxımdan ailənin ehtiyaclarını ödəmək, ailə-övladın maddi durumunu təmin etmək kişinin vəzifəsidir.
Başqa mühüm şərt zövcələr arasında ədalətin gözlənilməsidir. Kişi öz zövcələri ilə elə rəftar etməlidir ki, onların heç birinə maddi və mənəvi zərbə dəyməsin. Bəli, İslamda çoxarvadlılıq üçün ədalət əsas şərtlərdəndir. Kişi heç vaxt qadınlar və övladlar arasında ayrıseçkiliyə yol verməməlidir. Quranda buyurulur ki, əgər ədalətə riayət edəcəyinizə əmin deyilsinizsə bir qadınla kifayətlənin. İslamdan öncə çoxarvadlılığın rəvac tapdığı cəmiyyətlərdə bu nikah üçün ədalət şərti yox idi. Tarixə görə Sasani İranında çoxarvadlılıq vardı və qadınlar arasında ayrıseçkilik adi hal sayılırdı. Məsələn, hakimin arvadları arasında onlardan biri birinci xanım sayılardı. Onun imtiyazları daha böyük idi, o biri zövcələr birinci xanıma itaət edərdilər.
Birinci olmayan zövcənin övaldı oğlan olardısa ata evində övlad sayılardı. Əgər qız olardısa hakimin övladı hesab edilməzdi. İslam bu ayrıseçkiliklərə, ədalətsizliklərə son qoydu. Zövcələr və onların övladları arasında ayrıseçkilik qadağan edildi. Həzrət Peyğəmbər (s) şiə və sünnilər arasında qəbul olunmuş bir rəvayətdə buyurur: "Kimin iki zövcəsi olsa və onlar arasında ədaləti gözləyə bilməsə, birini daha artıq meyl etsə, qiyamət günü bədəninin bir tərəfi yerə çəkilmiş vəziyyətdə oda daxil olar." Ədalət ən ali insani fəzilətdir.
Adətən kişinin öz zövcələrinə diqqəti, qayğısı bərabər bölünmür. Qadınlar arasında ədaləti gözləmək çox çətin məsələdir. Həzrət Peyğəmbərin (s) ömrünün son on ili müharibələr ili idi və dul qadınların sayı artmışdı. Onların əksərinin əvvəlki ərlərindən övladları vardı. Peyğəmbərin də ailə qurduğu qadınlar bu qəbildən idi. Onların arasında yalnız Aişə bakirə idi. Bununla belə həzrət Peyğəmbər (s) zövcələri arasında heç bir şəkildə ayrıseçkiliyə yol verməzdi. Əgər ikinci qadının məişət şəraiti birinci qadından fərqlənəcəksə İslam bu izdivaca icazə vermir. Sonrakı izdivaclar birinci qadın qarşısındakı məsuliyyəti azaltmır. Sonrakı qadınların görə biləcəyi yeganə iş öz haqlarını bağışlamaqdır. Hansısa imtiyaz istəmək yolverilməzdir.
İmam Baqirdən (ə) sual olunur ki, kişi qadınla günün istənilən vaxtı görüşməyi şərt kəsə bilərmi? Belə bir şərt ola bilərmi ki, bu görüş ayda ya həftədə bir dəfə baş tutsun? İmam (ə) buyurur: "Bu qəbil şərtlər düzgün deyil. Kişinin nikahına daxil olan hər bir qadının kamil hüquqları var. Qadın yalnız bunu edə bilər ki, kişinin razılığına xatir hansısa hüququnu bağışlasın."
Çoxarvadlılıqda əsas amil şəhvət olarsa kişi zövcələr qarşısında vəzifələrini yerinə yetirə bilməz. Şəhvətpərəstlik insanın vəzifə məsuliyyətinə zərbə vurur onu bu məsuliyyətlərin yerinə yetirilməsindən yayındırır. Bu baxımdan İslamda çoxarvadlılıq şəhvətpərəstliklə bir araya sığışmır. Şəhvətpərəst insanlar İslam qanunlarını bəhanə edib zövcələrin sayını artırdıqda onlar arasında ədalətə riayət edə bilmir. Etiraf etməliyik ki, birdən artıq nikaha daxil olan kişilər arasında ədaləti gözləyənlər azdır. İslam fiqhində göstəriş verilir ki, su bədənə zərər verdikdə dəstəmaz almayın, oruc tutmaq zərərli olduqda bu işi görməyin. Eləcə də bu göstəriş var ki, zövcələr arasında ədaləti gözləyə bilməyəndə yalnız bir qadınla izdivac edin.
Çoxarvadlılıqda ədalətdən başqa şərtlər də var. Hamımız bilirik ki, qadının kişi üzərində haqları var. Yalnız imkanlı kişilər birdən artıq nikaha daxil ola bilər. Hətta birinci izdivacda maddi durum şərtdir. Hazırda bu mövzudan ötürük. Kişinin birdən artıq nikaha daxil olaması üçün maddi imkanlar da şərt sayılır. Kafi, Vəsailuş-şiə kitablarında İmam Sadiqdən (ə) belə nəql olunur: "Bir neçə qadınla evlənib onların cinsi ehtiyacını təmin edə bilməyən kişi həmin qadınlar fahişəlik etsə bu günah onun boynunadır." Tarixdə hərəmxanalar haqqında çox hadisələr yada salınır. Hərəmxanada həbs olunmuş gənc qadınlar ehtiyacları təmin olunmadığından çox vaxt günaha üz tutarmışlar.
İslam bütün bunları nəzərə alaraq birdən artıq nikaha müəyyən şərtlər daxilində icazə verir. Yalnız bu şərtlər ödəndikdə birdən artıq izdivaca icazə var. Kişi əmin olmalıdır ki, birdən artıq nikaha girdikdə ədaləti gözləyə biləcək. Maddi və fiziki imkanları bu şərtlərə cavab verən şəxslər bir neçə qadınla izdivac edə bilər.
Bəzi kişilər isə qadınlar və övladların hüquqlarına əhəmiyyət vermədən yalnız şəhvətinə xatir müxtəlif qadınlarla izdivac edir. Belələrinin İslama aidiyyatı yoxdur. Belələri üçün İslam qanunu bir bəhanədir. Çox az sayda kişilərin birdən artıq nikah üçün imkanı olur. Bəlkə elə bu səbəbdən qadın üçün günüdən (ikinci zövcədən) düşmən kəs yoxdur. Məhz ədalətə riayət olunmadığından zövcələr arasında dava-dalaş olur, düşmənçilik yaşanır.
Ailə mühitində səfa-səmimiyyət olmalıdır. Bu mühiti müharibə meydanına çevirmək olmaz. Analar və övladlar arasında düşmənçilik çoxarvadlılığın ədalətsizliyə riayət olunmamasından doğan problemidir. Kişi bir neçə zövcə ilə izdivac etdikdə bəzən ailədə qruplaşmalar yaranır. Hansı ki ailə mühiti cəmiyyətə təqdim olunan övladın ilk tərbiyə ocağıdır. Ailədə mehribanlıq, səfa-səmimiyyət olarsa övladların da psixologiyasına aramlıq hakim olar.
Ailədə yaranan gərginliyin əsas səbəbi zövcələrin çox olması yox, münasibətlərin necə tənzimlənməsidir. Əgər birinci zövcə əmin olsa ki, kişi ikinci dəfə həyat qurmaqla onun haqlarına biganə qalmayacaq bu hadisəyə ikrahla yanaşmaz. Əlbəttə ki birinci qadının bu hadisəyə münasibəti bütün problemləri həll etmir. İkinci qadının da öz vəzifələrinə əməl etməsi zəruridir.
Peyğəmbərdən sonrakı hakimlərin rəftarı səbəb oldu ki, müvəqqəti izdivac, mütə yaddan çıxsın. Hansı ki müvəqqəti nikah daimi nikahı tamamlayır. Məsum İmamlar bu Peyğəmbər sünnəsinin səhnədən çıxmaması üçün öz tərəfdarlarını ona təşviq edirdilər. Şübhəsiz ki həm islamın, həm də onun məsum öncüllərinin daimi və müvəqqəti nikahda ilk məqsədi həvəsbazlıq olmayıb. Bu mövzularda əsas amil himayəyə ehtiyaclı insanların məhrumiyyətdə yaşamamasıdır.
Son söz budur ki, çoxarvadlılıq insanın xarakterindən yox, ictimai zərurətdən icazəli sayılıb. Əgər cəmiyyətdə bir qadınla nikah insanların ehtiyacını ödəyəcəksə çoxarvadlılıq halları da azalacaq. Bu halın tamamilə aradan qalxması üçün cəmiyyətdəki ictmai və fərdi problemlər həll olunmalıdır. Əvvəla ictimai ədalət təmin olunmalıdır ki, bütün insanlar vaxtı çatan zaman ailə qura bilsin. Digər tərəfdən, zorakı izdivacların qarşısı alınmalıdır, kişi və qadın izdivacda azad seçim ixtiyarına malik olmalıdır. Əgər qadın azad olarsa və subay biri ilə ailə qurmaq imkanı yaranarsa o heç vaxt ailəli kişiyə üstünlük verməz.
Əxlaqi dəyərlərin hakim olduğu cəmiyyətdə istisna hallar üçün yer qalmır. Cəmiyyət əxlaqsızlığa getdikdə hətta ərli qadınlar qeyri-qanuni əlaqəyə meyl edir. Belə bir vəziyyətdə subay qadından nə gözləmək olar?! Çoxarvadlılığı qəbul etməyənlər sadalanmış problemlərin həll yolunu göstərməlidirlər. Bütün cəmiyyətlərdə özünə yer etmiş fahişəlik problemini həll etmədən çoxarvadlılığın ləğvindən danışmaq yersizdir.
Cəmiyyətə hakim qanunlar qadını normal izdivacdan məhrum edir bu zaman günaha yol açılır. Qadının günaha getməsi çox ağır nəticələrlə sonuclanır. Bunların ən faciəlisi qeyri-qanuni övladların həyata gəlişidir.

Nur-az.com/tahoorkotob


7151 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP