10 Sentyabr 2016
GÜNAH QORXUSU
Allah-təala buyurur ki, mənim göstərişlərimdən çıxan insan özünün və mənim düşmənimi şad edər.

Günahın cəzasından əlavə onun çirkinliyinə, Allaha qarşı qiyam olmasına diqqət yetirmək lazımdır. Necə ola bilər ki, Allahın verdiyi nemətlər müqabilində Ona təşəkkür etmək əvəzində günaha yol verək?
Allah-təala buyurur ki, mənim göstərişlərimdən çıxan insan özünün və mənim düşmənimi şad edər. Amma biz bilə-bilə Allahın düşmənini sevindiririk. Allahla müxalifət etmək şeytana itaət deməkdir. “Yusuf” surəsinin 5-ci ayəsində oxuyuruq: “Həqiqətən şeytan insanın açıq–aşkar düşmənidir”. Yaxın dostunun düşməni ilə əməkdaşlıq etmək dosta xəyanət etmək deyilmi?! Halbuki, Allah insanı xəlq etmiş, onu bolluca nemətlərlə faydalandırmış və onun aqibətini də Özü təyin edəcəkdir. Allahı özünə bir dost saymayan insanı imanlı hesab etmək olarmı?!
Hər bir günah şeytana itaətdir. Allah insanı bəlalardan qurtarmaq üçün ona yol göstərir. İnsan isə Allahın məhəbbətini rədd edib, onun düşməni qarşısında əyilir. Necə də çirkin hərəkət! Əslində bircə dəfə günah edən insan Allahın mərhəmətindən məhrum edilməlidir. Allahın haqqı var ki, bir dəfə naməhrəmə baxan gözü kor etsin. Çünki bu göz günah yox, savab üçün xəlq edilmişdir.
İmam Səccad (ə) belə dua edir: “Pərvərdigara əgər kirpiklərim tökülənədək ağlasam da, xəcalətdən daim başıaşağı qalsam da bir günahı belə yuya bilmərəm”. (“Səhifeyi–səccadiyyə”, 16-cı dua.) Məsum İmam (ə) belə narahat olduğu halda, biz günahkarlar rahatca oturmuşuq.