22 Oktyabr 2013
Qədiri-Xum bayramınız mübarək!
Qədiri-Xum Əhli-beyt (ə) ardıcıllarının ən böyük bayramlarındandir.Bu bayram zilhiccə ayının 18-ə təsadüf edir. Məkkə ilə Mədinə arasında yerləşən Cöhfə yaxınlığında, Məkkədən 200 km aralıda yerləşən bu məntəqədə həzrət Peyğəmbərin də olduğu karvan Məkkədən Mədinəyə dönəndə Rabiğ adlı məntəqədə dayandı. Peyğəmbərə (s) ayə nazil oldui:
یَا أیُّها الرَّسُولُ بَلِّغْ ما اُنْزِلَ إِلَیْکَ مِنْ رَبِّکَ وَ إنْ لَمْ تَفْعَلْ فَمٰا بَلَّغْتَ رِسٰالَتَهُ وَ اللّهُ یَعْصِمُکَ مِنَ النَّاسِ
Ey Rəsulum! Allah tərəfindən sənə nazil olanları insanlara çatdır! Əgər (bunu) çatdırmasan, Allahın risalətini başa çatdırmamısan. Allah səni insanlardan qoruyacaqdır.
Peyğəmbər (s) Qədir-Xumda xütbədə buyurdu:
Həmd-səna yalnız Allaha məxsusdur! Ondan kömək istəyirəm, ona sitayiş edir və ona təvəkkül edirəm! Pis və yaramaz əməllərdən ona pənah aparıram! Elə bir Allah ki, ondan başqa heç bir hidayət edən, yol göstərən yoxdur! Hər kəsi o hidayət etsə, onu heç kəs zəlalətə sala bilməz. Şəhadət verirəm ki, ondan başqa heç bir məbud yoxdur. Məhəmməd də onun bəndəsi və peyğəmbəridir. Ey insanlar! Yaxın zamanlarda Rəbbimin dəvətinə “ləbbeyk” deyərək sizin aranızdan gedəcəyəm. Mən də məsuliyyət daşıyıram, siz də məsuliyyət daşıyırsınız!.. Ey insanlar! Mən sizin aranızda iki dəyərli əmanət qoyuram. Görən məndən sonra bu iki əmanətlə necə rəftar edəcəksiniz?
Onlardan biri Allahın kitabıdır ki, onun bir tərəfi Allahın qüdrətli əlində, digər tərəfi isə sizin əlinizdədir. Digəri isə mənim əhli-beytim və itrətimdir. Allah mənə xəbər vermişdir ki, bu ikisi heç vaxt bir-birindən ayrılmayacaqdır. Ey insanlar! Quran və itrətimdən qabağa keçməyin və hər ikisinin fərmanlarına əməl etməkdə səhlənkarlıq etməyin, əks halda ziyana uğrayacaqsınız!
(Sonra Əlinin (ə) əlindən tutub yuxarı qaldırdı və buyurdu: Möminlərə, onların özlərindən daha layiqi kimdir? Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam – onlara özlərindən daha üstün və daha layiqəm! Ey camaat: Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Pərvərdigara! Əlini sevənləri sev, onun düşmənləri ilə düşmən ol! Ona məhəbbət bəsləyənlərə məhəbbət bəslə! Ona kömək edənlərə kömək et, köməyini əsirgəyənlərdən köməyini əsirgə! O hər yerdə olsa, haqqı onunla birlikdə dövr etdir!
***
Qədiri-Xum bayramınız mübarək!
Nur Mədəniyyət Mərkəzi