14 Aprel 2014
Əttar Nişapurinin Anım Günü

Şairin 140-dan artıq əsəri günümüzə gəlib çıxıb. Lakin əsərlərinin heç birində şair özü haqqında avtobioqrafiq məlumat vermədiyndən onun həyatı barədə olduqca fərqli məlumatlar ortaya atılır. Əttar heç zaman özünü şair saymayıb.
Şairin ən məşhur əsərləri içərisində "Məntüqüt-teyr" xüsusi yer tutur. "Quşların dili" və yaxud "Uçmağın məntiqi" kimi tərcümə edilən bu əsər alleqorik səpkidə yazılmış, dərin mistik ideya-məzmun kəsb edən epik məsnəvidir. Bu əsər bir çox Şərq şairlərinin yaradıcılığına güclü təsir edib. Böyük türk-özbək şairi Əlişir Nəvai bu əsərdən təsirlənərək "Lisanüt-teyr" əsərini yazıb.
"Məntiqüt-teyr" əsəri 4400 beytdən artıq olan bir məsənvidir. Əttarın digər əsəri "İlahinamə"dir. 6500 beytlik məsnəvisini sonuncu dəfə Əbdülbaqi Gölpinarlı türk dilinə çevirmişdir. "Əsrarnamə" isə 26 fəsli əhatə edir. Əsər ilk dəfə XV əsrdə türk dilinə tərcümə edilmişdir. "Əsrarnamə" Əttar yaradıcılığında aydın süjet xətti ilə seçilir. Şair bu əsər vasitəsilə göstərmək istəyir ki, zahiri bərbəzəyin parlaqlığı insan qəlbini hörümçək toru kimi hörür.
"Pəncnamə" uşaqlara öyüdlər məzmununda yazılmış şer nümunəsidir.
"Müsibətnamə" qırx bölümlük bir əsərdir. Əsərdə Əttarın görüşləri öz əksini tapıb. "Müsibətnamə"də həqiqəti tapmaq üçün yola çıxmış salikin keçdiyi sınaqlardan və bu yolda öz pirinin müridinə tövsiyələrindən söz açılır.
"Xosrovnamə" əsərinin isə təsəvvüflə əlaqəsi olduqca azdır. Əttar bu əsəri vasitəsilə bir eşq hekayəsini nəql edir. Əsər məsnəvi şer şəklində yazılıb. "Muxtarnamə"də isə Əttarın rübailəri toplanıb. "Uşturnamə"sində isə Əttar ayrı-ayrı ariflərdən misallar gətirir.
Əttar Nişapuri 1221-ci ildə vəfat edib. Mütəfəkkir şair İranın Nişabur (Nişapur) şəhərində qədim Şadyax məhəlləsində dəfn olunub.
Nur-az.com