22 Aprel 2014

Ayətullah Xamenei və Nelson Mandela

Ayətullah Xameneinin təqdimə ehtiyacı yoxdur. Bu gün Nelson Mandelanı da tanımayan az olar: Afrikanın əfsanəvi lideri, Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti, 1993-cü ildə Nobel Sülh Mükafatının laureatı, uzun illər Cənubi Afrikanın aparteid rejiminə qarşı ümumxalq mübarizəsinə başçılıq etmiş, 27 il həbsxana həyatı yaşamış, hakimiyyətə gəldikdən sonra isə düşmənlərini əfv etmiş dünya şöhrətli siyasi məhbus, 1918-2013.
Ayətullah Xamenei müxtəlif çıxışlarında Mandela haqda belə deyib:
"Cənubi Afrikada xalq irqi ayrıseçkilikdən əziyyət çəkirdi. Həmin günlərdə, hələ aparteid rejimi iş başında olanda CAR ziyalıları İmam Xomeyniyə və buranın mübarizlərinə hörmət ifadə edirdilər. Sonradan prezident olan Nelson Mandela o zaman həbsdə idi. Mən bir görüş üçün Zimbabveyə getmişdim. O, həbsxanadan mənə xəbər göndərdi ki, salamımı imama çatdırın. Sonra onlar İmam Xomeynidən öyrəndikləri üsulla hərəkətə keçib aparteid rejimini devirdilər. Onların qonşu ölkəsində və dünyanın bir çox başqa yerlərində də belə etdilər". (İslam İnqilabının Mühafizəçiləri Korpusunun üzvləri ilə görüşdə çıxışından: 2002)
"Prezident olduğum zaman Cənubi Afrika ölkələrinə səfər etmişdim. Orada öyrəndim ki, Mandelanın dost və yaxınları İran inqilabı haqda həbsxanaya, ona məlumat ötürüblər. O bundan təsirlənmiş və həbsxanadan imama sevgisini bildirmişdi.
Onlar 30-40 il mübarizə aparmışdılar. Lakin Cənubi Afrikada olan kor bir düyün bütün bu mübarizələri nəticəsiz qoyurdu". (Bəsic üzvü olan tələbələrlə görüşdə çıxışından: 2000)
"Nelson Mandela həbsxanadan çıxandan bir az sonra, hələ Cənubi Afrikada qələbə çalmazdan öncə İrana gəlib mənimlə görüşdü. Biz onunla Cənubi Afrikanın vəziyyəti haqda danışdıq. Mən ona dedim ki, bizim belə bir təcrübəmiz var, düşünürəm ki, sizin ölkədə də həyata keçə bilər. O təcrübə budur ki, qadın və kişilərdən ibarət könüllü insanlar - bunlar bizim ölkəmizin əksəriyyətini təşkil edirdilər - küçələrə çıxsınlar. Bizdə xalq yumruq, silah, top-tüfəng və silahlı dəstələrlə yox, boş əllə küçələrə çıxdılar, üzlərini də bağlamadılar. Bununla rejimə təzyiq göstərdilər və rejim artıq dayana bilmədiyini gördü. Daha nəyi idarə edəcəkdi?! Dedim ki, mənim fikrimcə bu örnək Cənubi Afrikada həyata keçə bilər. O, başını tərpətdi. Gedəndən bir-iki ay sonra qəzetlərdə Cənubi Afrikada izdihamlı xalq nümayişlərinə dair xəbərlər oxuduq. Bildim ki, bu toxum cücərəcək; eynilə İranda olduğu kimi. Cənubi Afrikanın böyük şəhərlərinin bütün küçələri qaralarla doldu. Bəzi ağdərililər də onlarla birgə nümayişə çıxdılar və dedilər ki, biz də irqi ayrıseçkiliyə müxalifik. Nəticədə ölkənin başçısı bir iş görə bilmədiyini anladı. Əvvəlcə getdi və yerinə başqa birisini qoydu. O da gördü ki, mümkün deyil. Odur ki, sakit bir ötürmə ilə hakimiyyəti qaradərililərə verdilər və Mandelanın özü prezident oldu". (Gənclərlə görüşdə çıxışından: 2001)
"İran dövləti və xalqı cənab Mandelaya hörmət bəsləyir". (Mandela ilə görüşdə çıxışından: 1999)
Nelson Mandelanın Ayətullah Xameneiyə xüsusi rəğbəti vardı, onunla bir görüşü zamanı belə demişdi: "Salam, mənim rəhbərim!" Görüşün bu hissəsini Youtube portalında tapmaq çətin deyil.
Qeyd etmək lazımdır ki, İslam inqilabının qələbəsindən sonra İran irqi ayrıseçkiliyin hakim olduğuna görə CAR-la bütün əlaqələrini kəsmişdi. Yalnız aparteid rejimi devriləndən və qaradərililərin hüquqları tanınandan sonra əlaqələr bərpa edildi. Sonralar Mandela bununla bağlı deyirdi: "Biz özümüzü İslam inqilabına borclu sayır, inqilab rəhbərinə, İran xalqına və dövlətinə təşəkkürümüzü bildiririk".

Nur-az.com


5275 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP