19 May 2017
ALLAHIN RƏHMƏTİ
Ah-naləmə yetməz Səndən özgəsi,
Bir Sənsən bu ağlar könlümün bəsi.

İlahi rəhmətə çatmaq üçün nəzərdə tutulmuş göstərişlərə əməl etmədən bu rəhmətə nail olmaq mümkün deyildir. Həzrət Baqir (ə) buyurur: «Gözəl qayıdışla ilahi rəhmət və bəxşişə can at və gözəl qayıdışın gerçəkləşməsi üçün gecənin zülmətində xalis duadan kömək istə». («Biharul-ənvar», 75-ci cild, səh-162.)
Bir şəxs Həzrət Peyğəmbərə (s) ərz etdi: «Allahın rəhmətinə çatmaq istəyirəm». Həzrət (s) buyurdu: «Özünə və Allahın xalqına rəhm et, Allah sənə rəhm edəcək».
Ah-naləmə yetməz Səndən özgəsi,
Bir Sənsən bu ağlar könlümün bəsi.
Unutmayıb daim yada salan kim,
Deyilməyən dərdi duya bilən kim?!
Kimdir Səndən başqa bu işə qadir,
Ümidim, pənahım rəhmətindədir.
Bu rəhmət çeşməsi sevgilə dolu,
Nuş edənin eşqdən dəyişir halı.
Bu badədən içmək olsa qismətim,
İbadətin, zikrin olar adətim.