30 İyun 2017
TƏQVA AZADLIĞA ZİDD DEYİL
Yer kürəsi günəşə yaxınlaşarsa, od tutar, uzaqlaşarsa, buzlaşar.

Bu günkü dünyanın ən aktual mövzusu olan demokratiya mütləq azadlıq mənasında başa düşülməməlidir. İnsan xoşbəxt olmaq istəyir. Demək, onun məqsədi vardır. Məqsəd varsa, məqsədə aparan yol da var. Bu yoldan çıxmaq azadlıq yox, nəfsin əsarətinə düşməkdir. Bu gün hicabı, örtüyü qadın azadlığı üçün buxov bilənlərlə çiyin-çiyinə qadınlıq haqqı tələb edən «mavi kişilər» dayanır. Kişinin qadınlıq etməsi azadlıqdırmı?! Qadının fahişəlik haqqı varmı?!
Həzrət Əli (ə) buyurur: «İslamdan üstün şərafət, təqvadan üstün izzət yoxdur». Bəli, İslam, eləcə də təqva insanın səadətini təmin edir, onu kamilliyə aparır. İslam dini «Allahın səni azad yaradıb, başqasına qul olma» şüarı ilə çıxış edib, əsarətə qarşı çıxır. Şəxsiyyəti, insanlığı, əxlaqı, müqəddəsliyi qorumaq azadlığa zidd deyildir. Əksinə, dünyanın nəhəng əxlaqsızlıq təbliğatına qul olub Allahı unutmaq, günahdan çəkinməmək əsl əsarətdir!