30 Aprel 2014
Şübhə doğuran suallar

Cavab: Əvvəla, məsələnin belə qoyuluşu müşahidələrimizə uyğun deyil. İkincisi, istənilən bir dində allahşünaslıq bəhsinə müraciət olunsa, uyğun yanaşma rədd edilər. Üçüncüsü, məgər bəşəriyyətə Allah kəlamını gətirmiş peyğəmbərlər bu məsələni sübuta yetirməmişlərmi?! Dördüncüsü, heç bir ilahiyyat məktəbində Allahın varlığını sübuta yetirmək üçün əvvəlcə ehtimal etməmişlər. Sadəcə, belə deyilmişdir: “Əgər Allah olmasa, kainatın obyektiv nizamlı quruluşu necə izah olunar?!
Hər halda, Allahın varlığını ehtimal edənlər zəngin İslam kitabxanasının allahşünaslıq bölməsinə müraciət edə bilərlər.
Sual 2: Allahı tanımaq üçün bir yol varmı?
Cavab : Allahı tanımaq üçün üç yol var:
1. Qəlb və ya fitrət yolu. Yəni hər bir insan öz yaranışına və ruhuna rəğmən Allahı tanıyır. Məsələn, ariflər fitri imanın gücünə inandıqlarından bu qüvvəni artırmaq üçün çalışmışlar. İnsanda belə bir qüvvənin varlığına əmin olmaq üçün iki yol var: öz vücudunu təcrübədən keçirməli; uzun illər insan psixologiyası ilə məşğul olmuş alimlərin mövqeyi ilə tanış olmalı.
2. Hiss və elm yolu. Bu yol öz növbəsində üç qola ayrılır:
−Kainatın quruluşundakı nizam;
−Mövcudları həyat yolunda təlimatlandırma;
−Dünyanın yaranışı.
3. Əql və ya fəlsəfə yolu. Bu yol çətin olsa da, Allahı tanımaq üçün ən yaxşı yoldur.
Sual 3: Deyirlər, Allahı tanımaq üçün insan əvvəlcə özünü tanımalıdır. İnsan özünü necə tanıya bilər?
Cavab: Həzrət Əli (ə) buyurur: “Özünü tanıyan Allahını tanımışdır” (“Qurərul-hikəm”.)
Əvvəlcə qeyd edək ki, insan Allahı ya təfəkkür, ya da “hüzuri” yolla tanıya bilir. Hüzuri tanışlıq iki növdür. Birinci növ hüzuri tanışlıq əvvəlcədən insanın daxilində qoyulmuş fitri tanışlıqdır. “Rum” surəsinin 30-cu ayəsində buyurulur:”Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.”
Hüzuri tanışlığın ikinci növü elə bir elmdir ki, Allah bu elmi yalnız layiq bəndələrinə əta edir. Quranda oxuyuruq: “Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, əminliklə inananlardan olsun.” (“Ənam”,75.)
Bəli, insan özünü tanımaq üçün fitrətin nə olduğunu anlamalıdır. Fitrət isə müxtəlif üsullarla dərk olunur. Cəmiyyəti və tarixi öyrənmək, daxili meyllərlə tanış olmaq, vicdanın səsini dinləmək, səmavi kitaba və buyuruqlara müraciət etmək fitrətlə tanışlıq üsullarındandır. İnsan elmi şəkildə öz vücudunu öyrənməli, bu vücudda fəaliyyət göstərən qüvvələrlə tanış olmalı, nəfsini paklaşdırmalı, ayələr və rəvayətlər vasitəsi ilə suallarına cavab tapmalıdır.
Sual 4: Nə üçün öz fitrətimi tanımağa maraqsızam?
Cavab: Əsasən, dörd səbəb göstərə bilərik:
1. Unutqanlıq, qəflət (nisyan). Quran buyurur: “Allahı unutduqları üçün Allah tərəfindən özləri unutdurulmuşlara oxşamayın.” (“Həşr”,19.)
Bu və ya digər ayələrdən aydın olur ki, kafirlər də ilk əvvəl Allahı tanımışlar. Amma küfrə düşdükdən sonra Onu yaddan çıxarmışlar.
2. Dünyaya vurğunluq. “Ənkəbut” surəsinin 65-ci ayəsində oxuyuruq: “Onlar gəmiyə mindikdə səmimiyyətlə Allaha üz tutar, quruya çıxdıqdan sonra ona şərik qoşarlar.” Demək, başqa şeylərdən ümidini üzən insan öz fitrətinin səsini dinləyib Allaha üz tutur. Amma ətrafındakı dünya nemətləri onu yuxuya verir.
3. Rifah və asayiş. Allah-təala buyurur: “Sizə Allahın əzabı gəlsə və ya qiyamət qopsa, Allahdan başqasınımı çağıracaqsınız? Əgər doğru danışsanız, yalnız Allaha yalvaracaqsınız.” (“Ənam”, 40-41”.) Ayədən məlum olur ki, bəlaya düşmüş insanın fitrəti oyanır. Kübar həyat, ifrat rahatlıq insan fitrətini yuxuya verən əsas amillərdir.
4. Şeytanla dostluq. “Nisa” surəsinin 119-cu ayəsində oxuyuruq: “Şeytan dedi: “Onları hökmən azdıracaq, puç xülyalara düçar edəcək, heyvanlarının qulaqlarını kəsməyə və Allahın yaratdıqlarını dəyişməyə vadar edəcəyəm.” Allahın yerinə şeytanı özünə dost tutan şəxs aşkar ziyankardır”
Sual 5: Bir olan Allahı (tövhid) və ölümdən sonrakı həyatı (məad) anlamaq mümkündürmü?
Cavab: Bundan ötrü bir neçə yol var və bu yolların ən mühümü insanın özü haqqında düşünməsidir.
Quran buyurur: “Biz öz qürət nişanələrimizi həm ətraf aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik.” (“Fussilət”, 53.)
Bəs insan özü haqqında nə düşünə bilər? Bu düşüncələri iki qismə bölmək olar. İnsan ilk əvvəl öz vücudunun xüsusiyyətlərini düşünməlidir.
Biz kimik? − ilk sual bu olmalıdır. Azca araşdırmadan sonra görəcəyik ki, insan təkcə maddi cismdən ibarət deyil. İnsanı başqa yaranmışlardan fərqləndirən onun cismi yox, ruhudur.
Düşüncələrin ikinci qismini insanın “öz” aləminə, ruhunun dönəcəyi Allaha doğru səfər təşkil edir.
Bu düşüncələri səfərə çıxan dənizçinin düşüncələri ilə müqayisə etmək olar. O, əvvəlcə gəmi ilə, sonra isə gedəcəyi yol ilə tanış olur.
Demək, tövhid və məadla tanışlıq yolu insanın “mən”-indən keçir.
Sual 6: Allah insanın ibadətinə möhtacdırmı? Belə olmasaydı, nə üçün Allah elçilər göndərməli idi?
Cavab: Əgər imkanlı bir şəxs möhtac bir insana kömək etmək istəyirsə və bu köməyi çatdırmaq üçün vasitə seçirsə, onu möhtac hesab etmək olmaz.
Biz insanlar Allahın hidayətinə, yəni bizi doğru yola yönəltməsinə möhtacıq. Bu hidayət peyğəmbərlər vasitəsi ilə həyata keçirilir. İnsanı dəyərli edən onun təkamülüdür. Təkamül isə ibadət vasitəsi ilə gerçəkləşir.
Nur-az.com