30 Aprel 2014

İsam əl-İmad: “Hazırkı əsr İmam Əli əsridir!” (1)

Yəmənli alim Doktor İsam əl-İmad bir vaxtlar vəhhabi kimi Səudiyyə Ərəbistanında təhsil almış, sonradan isə Əhli-beyt yoluna dönərək şiə olmuşdur. Bu yazıda onun Tehranda tələbələrlə görüşü zamanı etdiyi söhbətlərdən maraqlı məqamları təqdim edirik:

Bu gün vəhhabi alimləri tərəfindən Şeyx Məhəmməd ibn Əbdülvəhhabın fikirlərinə qarşı çoxlu kitab və məqalələr yazılır. Mən “Vəhhabiliyin daxildən tənqidi” kitabımda bu haqda geniş söhbət açmışam. Bu metod çox mühüm və faydalıdır. Özlərindən olan bir alim vəhhabizmə qarşı kitab yazanda yüzlərlə, minlərlə vəhhabi hidayət olur.
Vəhhabizm öz sonuna yaxınlaşmaqdadır. Bu cərəyanın böyükləri də etiraf edirlər ki, hazırkı əsr vəhhabizmin son əsridir. İyirminci əsr materializmin vüsət tapdığı, qeybi, mistik və fövqəltəbii məsələlərin inkar edildiyi əsr idi. Vəhhabi təfəkkürü də materializm üzərində qurulduğundan həmin əsrdə çox inkişaf etdi. Vəhhabilikdə qəti qadağan olunan təvəssül, şəfaət, ziyarət – bunların hamısı qeyri-maddi və ruhani aləmlə bağlı məsələlərdir. Mənim bir dostum əvvəlcə ateist idi, sonra vəhhabi, daha sonra isə şiə oldu. Mən ondan soruşdum ki, siz nə üçün ateizmdən vəhhabizmə keçdiniz. Cavab verdi ki, ateizmlə vəhhabizm bir-birinə çox yaxındır. Baxın, vəhhabizmdə Allah fiziki əzaları olan bir cisimdir. Elə buna görə vəhhabilər yaşayan bölgələrdə çoxları dinsizliyə, həmçinin çoxlu dinsizlər vəhhabizmə üz tuturlar. Odur ki, iyirminci əsrdə vəhhabizmin yayılmasının səbəbi o dövr insanının Allahdan uzaqlaşması, qaçması idi. Bu gün isə bəşəriyyət Allaha qayıtdığından vəhhabizm də süquta doğru gedir.
Əməvilərdən üzübəri İmam Əlinin düşmənləri onun əleyhinə fəaliyyət göstərir, insanların şiə olacağından qorxub onun tanınmasına imkan vermirdilər. Müxtəlif ölkələrin universitetlərində bu günə qədər İmam Əliyə qarşı çoxlu dissertasiyalar yazılıb. İndi isə vəziyyət onun xeyrinə dəyişməkdədir. Əgər azad şərait yaradılsa, heç şübhəsiz, məsələ birdəfəlik həll olunar. Bu gün yaranmış nisbi azadlıq sayəsində əvvəllər çapı yasaqlanmış bir çox kitablar işıq üzü görür. Bunlar İmam Əlini müdafiə edən kkitablardır. Bu gün Əhli-sünnə dünyasında yeni aydınlıq meydana çıxmışdır. Qeyd etdiyim kitablardan biri İbn Əqilin kitabıdır. O, şiə olmasa da, İmam Əli haqda fərqli fikirlər ortaya qoymuş və onun əleyhinə yazılmış kitablara cavab vermişdir. Belə alimlərdən başqa birisi Abbas Mahmud Əqqad adlı böyük mütəfəkkirdir. 300-dən artıq əsəri olan bu alim “İmam Əli” adlı kitabı ilə dünyada bir inqilab yaratdı. O deyir ki, mən hamının İmam Əlini qınadığı bir cəmiyyətdə yaşamışam; Bəni-Üməyyə dövründə açıq-aşkar lənətlədikləri kimi. Mənim özüm də Ərəbistanda universitetdə bunun şahidi olmuşam.
Bir müddətdən sonra bu kitabın nəşri qadağan olundu. Lakin Əbdürrəhman Şərqavi adlı başqa bir şəxs eyni mövzuda kitab yazıb yenidən cəmiyyəti silkələdi. Bu kitab da qadağan olundu, müəllif həbs edildi və bəzi alimlər kitabı oxumağı haram etdilər. Bundan sonra Xalid Məhəmməd Xalid adlı bir nəfər “Peyğəmbər övladları Kərbəlada” kitabını yazdı və o da qadağan olundu. İndi elmi arenada İmam Əlinin tərəfdar və əleyhdarlarından ibarət iki qrup formalaşmışdır. Bu, vəhhabizm daxilində də mövcuddur. Ərəbistan universitetində Fərhan Maliki adlı müəllim və Ümm Malik adlı müəllimə İmam Əlini müdafiə edən kitablar yazmışlar. İmam Əli fenomeni son illərdə vəhhabizmin içinə nüfuz edərək minlərlə vəhhabini Əhli-beyt məzhəbinə yönəltmişdir. Bu baxımdan, hazırkı əsr İmam Əli əsridir.
Vəhhabilikdə Yezid möminlərin əmiri adlandırılır, Hind İslamın böyük qadını sayılır, Müaviyəyə həsr olunan kitabların isə sayı-hesabı yoxdur. Mən bu gün Ərəbistan universitetlərində iki saat danışıb Yezidi, Müaviyəni, Əbu Süfyanı, Vəlidi tərifləyə bilərəm, amma İmam Əli haqda bir kəlmə danışsam, Fatimeyi-Zəhraya dair bir hədis söyləsəm, o saat ixrac edilərəm. Orada bütün səhabələr ədalətli qəbul olunduğu halda İmam Əli asanlıqla tənqid edilir. Bu, ciddi ziddiyyətdir və onların buna cavabları yoxdur.

www.hawzah.net
(Ardı var)


6458 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP