20 İyul 2017
GÜNAHIN AXIRI KÜFÜRDÜR
Günah insanı tədricən küfrə aparır

Qeyd etdik ki, insanı imandan uzaqlaşdırıb küfrə sürükləyən səbəb günahdır. Bu günahla küfr arasında hansı əlaqə var? Əxlaq alimləri belə hesab edirlər ki, insanı günaha sövq edən şəhvət və qəzəbdir. İnsan bu hisslərin təsiri altında ilk dəfə günah etdikdə bir müddət sonra şəhvət və qəzəb sönür və insan adi halına qayıdır. Adi hala qayıtmış insan peşman olur və gördüyü işə görə özünü danlayır. Belə insanlar, adətən, tövbə edir, Allah da onları bağışlayır. Rəvayətlərdə buyurulur ki, mömin günah etdikdə Allah bu günahı qeyd edən mələkləri yeddi saat yubatmaqla mömindən tövbə gözləyir. Allah-təala istəmir ki, möminin əməl dəftərinə günah yazılsın. Bu müddət ərzində peşman olub səmimi qəlbdən tövbə edən insan günah etməmiş kimidir. (“Biharul-ənvar” 6-cı cild.)
Amma birinci günahdan sonra tövbə edilməsə şeytan insanı təkrar-təkrar bu günaha qaytarır. Günah təkrarlandıqca adət şəklini alır və peşmanlıq hissi ləzzət hissinə çevrilir. Bu zaman nəfsdə ziddiyyət yaranır və insanın daxilində çarpışma gedir. Yol verdiyi günahın haramlığını bilən insan Allaha qarşı çıxdığını anlasa da adət səbəbindən günahdan uzaqlaşa bilmir. Özünü inam və əməlin mübarizə meydanında görən insan “doğrudanmı, mən pis insanam?” deyə düşünür. Sonra anlayır ki, inandığı həqiqətlərə əməl etməyib. Özünə belə cavab verir: “Bəli, mən pis insanam ki, bu qədər günaha yol vermişəm”. Amma insan xaraktercə özünüsevən olduğundan pis insan olmasını asanlıqla qəbul etmir. Əksər günahkarlar pis iş gördüklərini anlasalar da bunu etiraf etməkdən çəkinirlər. Hər halda imanlı insanın günah etməsi ziddiyyətli məsələ olsa da, həqiqətdir. Belə insan ruhi narahatlığını aradan qaldırmaq üçün çalışır. Bu zaman şeytan üçün fürsət yaranır və o, meydana girib insanın qulağına pıçıldayır: “Haradan bilirsən ki, gördüyün işlər günahdır?” Şeytanın vəsvəsəsinə əql və fitrət cavab verir ki, Quran bu əməlləri günah sayır. Şeytan şübhə toxumu səpməkdə davam edir: “Əvvəla, Quran Allah sözü yox, peyğəmbər sözüdür. Peyğəmbər isə adi bəşərdir və səhv edə bilər. Lap elə tutaq ki, Quran Allah sözüdür. Məgər Allah səhv edə bilməz?!” Bəli, şeytan bu sözləri deməyə qadirdir. Bu gün insanlar arasında özünü ziyalı adlandıran, əslində zülmətə bələnmiş adamlar var ki, şeytanın bu sözlərini təkrarlayırlar. Belə şeytansifət hiyləgərlərdən Allah pənah aparaq!
Bəli, günah insanı tədricən küfrə aparır. İnsanın daxilində yaranmış mübarizəni öz xeyrinə həll etmək üçün şeytan min bir üsula əl atır. İnsanı bu vəziyyətə gətirən isə təkrar-təkrar günaha yol verməsidir. Əbədi əzabdan qorxan insan günahdan qaçır. Günaha getmək küfrə getməkdir. Günaha tələsən insan küfrə tez çatar. Əlbəttə, ola bilər ki, günahkar insan Allahın lütfü ilə hansısa bir nəsihətdən ayılıb tövbə edərək imana qayıtsın.