03 May 2014

Təqva dəyərlərin mehvəridir

Quran-kərimin bir çox ayələrində “təqva” kəlməsi ilə qarşılaşırıq. İslami dəyərlər kompleksində ən böyük dəyərlərdən biri, demək olar ki, bütün dəyərlərin mehvəri təqvadır. Allah-təala buyurur: “Həqiqətən, sizin təqvalınız Allah yanında ən hörmətlidir.” (“Hucurat”, ayə 13). Allah qarşısında kəramət ölçüsü olan təqvanın heç bir əvəzi yoxdur. Ona görə də bütün öyüdlərin mehvəri olan təqva diqqəti daha çox cəlb etməlidir.
Təqva haqqında müxtəlif baxımlardan danışmışıq. Ona görə də indi sadəcə bu mövzuya işarə edirik. Həzrət Əli (ə) buyurur: “Sizi təqva və Allah göstərişlərinə diqqəti tövsiyyə edirəm.” “Təqva” müxtəlif mənalara malikdir. Bu söz bəzən “günahdan çəkinmək”, bəzən “bütün şəri göstərişlərə riayət etmək” mənalarını ifadə edir. Əgər “təqva” kəlməsi yalnız günahlardan çəkinmək mənasını daşıyarsa, “lüzumu əmrihi” (“Allahın əmrinə diqqət, bağlılıq”) ifadəsi “təqvəllah” (“Allah qarşısında pəhriz, təqva”) ifadəsinə bağlı olar. Ayrı-ayrılıqda “təqvəllah” günahdan çəkinmək, “lüzumi əmrihi” vacib əmrlərə itaət etməkdir. Amma “təqva”nın ümumi mənası həm əmrin icrası, həm günahın tərki kimi qəbul olunsa, “lüzumi əmrihi” “təqvəllah” kəlməsinə bağlı olacaq. Yəni əvvəlcə təqva tövsiyyə olunur, sonra Allahın əmrinə itaət xüsusi qeyd edilir.
Amma zəif ehtimala əsasən, “əmrillah” “Allah işi” mənasında da işlənə bilər. Yəni ilahi işlərə diqqət, qeyri-ilahi işlərin tərki. Hər halda, Həzrət (ə) ilkin olaraq təqvalı olmağı tapşırır. Bütün dəyərlərə şamil edilən bu kəlmə isə İslam və bütün digər ilahi dinlərdə mötəbərdir.
Həzrət Əli (ə) bizə hər şeydən öncə bütün dəyərlərin mehvəri olan təqvanı tövsiyyə edir. Amma insanın daxilində təqva ruhu, Allah qorxusu olmazsa, yəni o, vacib əmrlərə, haramlara fərq qoymazsa, bu yolun axırı yoxdur. Prinsipsiz, biganə adam başını itirmiş kimidir. Təkamül yolunun ilk şərti nəfsə nəzarətdir. Tərəqqi etmək istəyən şəxs başıpozuqluqdan çəkinməlidir. Ürəyindən keçənin ardınca qaçan insan heç bir mənəvi dəyərə nail ola bilməz. Demək, ilk addım nəfsə, ürəkdən keçən həvəslərə nəzarətdir. Bəli, məhz bu baxımdan, Həzrət (ə) hər şeydən əvvəl təqvaya çağırır.

Nur-az.com


4841 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP