Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2018

Vüsal bəy, səni yaradan yoxdursa sən niyə varsan (3-cü hissə)

Vüsalın içində əslində bir səs var ki, ona deyir ki, sən əməllərinin əvəzini alacaqsan
6. Müsahib deyir: "Elə bir yerə gəlib çıxdım, ətrafımdakı dindarlardan elə zərbələr aldım ki... Mən sünni idim, onlar şiə. Onda məndə sual yarandı ki, əgər din Allah yoludursa, Allah kəlamıdırsa, - olsun, fərqli yozumlar, təfsirlər ola bilər, - amma bunu göndərən elə göndərə bilərdi ki, bu, doğmalar arasında təfriqəyə səbəb olmasın, ailəni parçalamasın, doğma insanları düşmən etməsin." Bəli, 30 il elmlə sevə-sevə, böyük rəğbətlə məşğul olan insan elə bir yerə gəlib çatıb ki, ətrafdakı insanlardan zərbələr alıb və qərara gəlib ki, Allahdan küssün. Allahdan küsməsindən ötrü isə tutarlı dəlili yoxdur, sadəcə düşünüb ki, bu qədər ixtilaf nə üçündür? Amma dini savadı olmadığı üçün, tarix kitbları oxumadığı üçün anlaya bilməyib ki, bu ixtilafın kökü haradandır. Axı ixtilaf varsa bu ixtilafı aradan qaldırmaq üçün vasitələr göndərilib. İnsan yaradılışından tutmuş, dinlərə, məzhəblərə qədər hər sahədə ixtilaflar mövcuddur. Müsəlmanlardan başqa xristianlar, yəhudilər də müxtəlif firqələrə bölünüb. Ən təəccüblüsü isə odur ki, müsahib deyir "bu kələfin ucundan tutub çözməyə başladım və gəlib ateizmdə dayandım." Yəni bu qədər ixtilafları görüb ateizmin üstündə dayanan insan anlamayıb ki, ateizmdə də ixtilaflar mövcuddur? Məgər ateizm insanlar arasında olan ixtilafları həll edə bilirmi? Ateizmin özündə kim Allahın "yoxluğunu" necə başa düşürsə o cür də öz əqidəsini müdafiyə edir. Tarix boyu min illər ərzində müxtəlif fikir məktəbləri, cərəyanlar ortaya çıxıb. Biri deyib günəşin özü Allahı var, ayın öz sahibi. O biri deyib aləm öz-özünə yaranıb. Biri deyib aləm əvvəldən var idi. Digəri deyir insan meymundan əmələ gəlib. Bircə ilahi dinlərdir ki, hər birisi öz növbəsində insanları təkallahlığa dəvət edib. Tarix boyu dindizlikdə ixtilaflar olduğu halda Adəmdən (ə) Xatəmə (s) qədər bütün dinlər Allaha ibadətə çağırıb.

7. Daha sonra müsahib özünün azad fikirli ateist olduğunu və ateizmi müstəqil fikirli əqidə hesab edir. Deyir buna görə cəza almamalıyam. Baxın, Vüsalın doğulduğu, ata-anasının yaşadığı sovet höküməti zamanında bir dəstə ateist K. Marksın, daha sonra Leninin düşüncələrini öz dövlətlərinin təməl prinsiplərinə çevirdilər. Bu əsasla bütün xalqları öz dinlərindən ayırmağa çalışdılar. Amma olmadı. Həmin 15 respublika Rusiya da başda olmaqla yenə müsəlman müsəlmandır, xristian xristianlığında, yəhudi də yəhudiliyində qalıb. O vaxt da gizli də olsa bu cür idi. Budurmu azad düşüncə? Onlar Allahı və onun hökmlərini qəbul etmədikləri üçün belə edirdilər. Öz ağıllarınca ateizmi xalqların nicat yolu hesab edirdilər.

8. Müsahib daha sonra ateist SSRİ –nın dindarlara olan repressiyalarını unudub "düşünürsünüz ki, din təhlükədir?" sualına belə cavab verir: "Tutaq ki, sizin kimi düşünmədiyinə görə bir kəndin əhalisini qılıncdan keçirirsinizsə, bunun adı genosiddir. Siz bunu müasir düşüncəli insana qəbul etdirə bilməzsiniz. İslamın ilkin dövrlərinə baxanda, nə qədər qəbilənin “kafir” adıyla qılıncdan keçirildiyini görərsiniz. Hamı da deyir ki, bu düzdür. Sənin dininə inanmayan günahslz insanları gedib qılıncdan keçirmisən, onun səninlə heç bir işi yox idi.Bu baxımdan din təhlükədir, əlbəttə" Bəli, buradan görünür ki, Vüsalın dindən, xüsusən (müsəlmanları nəzərdə tutduğu üçün) İslam tarixindən zərrə qədər xəbəri yoxdur. Özü də 30 ildir güya araşdırır, yaxşı dindarlıq edib. 30 il araşdırmaq bir yana, elə bir dənə əlinə İslam tarixi kitabı alıb oxusaydı bilərdi ki, İslam dini 23 il müddətindən nazil edilib. Bu 23 ilin 13 ilini (yarısından çoxunu) müsəlmanlar Məkkədə keçirtdikdən sonra Mədinəyə köç etdilər. Qarşıya belə bir sual çıxır? Niyə köç etdilər? Çünki 13 il müddətindən öz yurd-yuvalarında əziyyət gördülər. Müşriklər onları dinlərinə görə incidirdilər. Dükanlarını dağıdır, özlərini daşlayır, bəzisini öldürür, onlarla alış-veriş etmir, onları blokadada saxlayırdılar. 13 ildən sonra müsəlmanlar Mədinəyə köçüb orada dövlət, ordu qurub qüdrət əldə etdilər. O vaxta qədər Vüsalın dediyinin əksinə olaraq dinsizlər onlara əziyyət edib. Müsəlmanlar dövlət qurandan sonra da müşriklər dinc durmadı, onları və dövlətlərini məhv etmək niyyəti ilə müharibələrə başladılar. Bütün müharibələrdə (Ühuddən başqa) müsəlmanlar həm zahiri həm də batini qələbə əldə etdilər. Vüsal isə Ağalar Məmmədovun sapıq fikirlərini dinləməkdən bir dini kitab alıb oxumağa vaxtı olmadığı üçün bu gün özünü rəzil günə qoyub deyir ki, "İslamın ilkin dövrlərinə baxanda nə qədər qəbilənin "kafir" adıyla qılıncdan keçirildiyini görərsiniz" Budurmu azad düşüncəli ateist olmaq. Açıq-aşkar İslama və müsəlmanlara iftira və böhtan atır.

9. Daha sonra deyir: "İnanın, mən çox istəyərdim ki, Allah olsun və mənim əməllərimə görə layiq olduğumu versin." Deməli, fitrətən bilir ki, insanın əməlləri qarşılıqsız qalmaz. Üstəlik deyir ki, mən əməllərimin qarşılığında yaxşı şey qazanardım. Deməli ağlı ona deyir ki, bu dünyada hansısa dünyəvi məhkəmə günahkardan hesab sorursa, bu məhkəmə hakimini yaradan bunu düşünməyibmi? Düşünüb və Vüsalın içində əslində bir səs var ki, ona deyir ki, sən əməllərinin əvəzini alacaqsan. Sadəcə inadkarlıq edib qəbul etmək istəmir.

Son olaraq Vüsalın ateizmi seçmə səbəblərini aşağıdakı kimi sıralaya bilərik:

1. Əvvəllər dini kitablar mütaliə etməyib, özünün dediyi kimi Ağalar Məmmədova qulaq asması

2. Ətrafdakı insanlardan – yenə özünün dediyi kimi çox ixtilaflar görməsi və zərbələr alması

3. 30 il araşdırıb İslamın əleyhinə bir şey tapa bilməyib, bununla da ateizmi seçməsi

4. İslamın mahiyyətini düzgün anlamaması

5. Güclü iman əhli olmaması

Birinci və ikinci hissəni oxumaq üçün:

http://www.nur-az.com/az/articles/view/4624/4/
http://www.nur-az.com/az/articles/view/4633/4/


4988 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP