Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2018

HƏZRƏT ƏLİNİN (Ə) ŞƏXSİYYƏTİ VƏ ƏXLAQİ FƏZİLƏTLƏRİ

Həzrət Əli (ə) insan idi. Amma onun xüsusiyyətləri kimsədə görünməmişdi.
Fəlsəfi baxımdan hər bir insanın şəxsiyyətini onun ruhani xüsusiyyətlər məcmusu təşkil edir. Xalq arasında isə insanın şəxsiyyəti onun hansısa səciyyəvi xüsusiyyətləri ilə təyin olunur. Məsələn, siyasi bacarığa malik olan adama siyasi şəxsiyyət, həyatını elmə sərf edən insana elmi şəxsiyyət deyirlər. Psixologiyada sübut olunmuşdur ki, insanın ruhani və fiziki keyfiyyətləri arasında əlaqə mövcuddur. Hər hansı bir fərdin şəxsiyyətini kamil şəkildə tanımaq üçün onun ruhani və cismani xüsusiyyətlərini araşdırmaq zəruridir.
Digər bir tərəfdən hər bir insanın ruhunun keyfiyyətləri onun varlıq tamında bir hissədir. Psixologiyada bu tamlıq vəhdət adlandırılır. İnsan şəxsiyyətini göstərən bu anlayış bəşər tarixi boyu hifz olunmuşdur.
Deyilənləri nəzərə alsaq, həzrət Əlinin (ə) cismani və ruhani keyfiyyətləri ilə tanışlıqda mühüm bir çətinliklə rastlaşırıq. Çünki həzrətin böyük ruhunda olan bir çox xüsusiyyətlər bizim üçün məchuldur.
Həzrət Əli (ə) insan idi. Amma onun xüsusiyyətləri kimsədə görünməmişdi. Həzrət başqalarına oxşamadığından ətrafdakıların onu düzgün dəyərləndirməsi də problemə çevrilir. Həzrətin ecazla dolu varlığı bütün keçmişdəkiləri heyran qoymuş və gələcəkdəkiləri də heyran qoyasıdır.
Onun bütün əməlləri qeyri-adi olmuşdur. Güclü adam, adətən başqalarının müxalifətinə dözmür. Çünki səbir qüdrətlilikdən çox, acizliyə yaxın olan haldır. Amma həzrət Əli (ə) qeyri-adi gücə malik olmaqla yanaşı, qeyri-adi səbrə də malik idi. Bunu möcüzədən başqa bir şey adlandırmaq olmaz.
Adətən, xoş rəftarlı insanlar savaş meydanında kara gəlmirlər. Amma həzrət Əli (ə) istisna təşkil edirdi. Ərəb qəhrəmanlarına diz çökdürən bu cəngavər həm də bir uşaq kimi həlim idi.
Seyyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində deyir: «Həzrəti tanımadan onun kəlamlarını oxuyub düşünən insan elə təsəvvür edər ki, bu sözləri xanənişin bir adam demişdir. Axı mənəviyyat dolu bu kəlamların sahibinin qılıncından qan damdığını kim təsəvvür edə bilər?! Bəli, həzrət təzadlı xüsusiyyətlərin toplandığı ecazkar bir insan idi.
İbn Əbil-Hədid Nəhcül-bəlağənin şərhində yazır: «Biz şücaətli, eyni zamanda bağışlayan insan görməmişik. Təlhə və Zübeyr, Abdullah ibn Zübeyr və Əbdül-Məlik ibn Mərvan şücaətli insanlar idilər. Amma onların şücaəti paxıllıqlarının və hərisliklərinin kölgəsində qalırdı».
Həzrət Əli (ə) bütün kamal sifətlərinə malik olmaqla yanaşı, istənilən bir kamal sifətinin ən üstün dərəcəsinə sahib idi. Hər hansı bir fəzilətdə onunla müqayisəyə gələcək insan yox idi.
Adətən, insan kolorili qidalar yedikdə güclü olur. Əgər insanın qidadan aldığı enerji onun işə sərf etdiyi enerjidən az olarsa, orqanizm zəifləməyə başlayar. Həzrət Əlinin (ə) yediyi arpa çörəyi idi və hər süfrəyə oturanda üç tikədən artıq yeməzdi. Amma həzrətin güclü biləkləri Xeybər qapısını yerindən oynatdı. Mərhəb onun bir zərbəsi ilə canını tapşırdı. Bu barədə həzrət özü belə buyurur: «Kim mənim süfrəmdə arpa çörəyini gördüsə, təəccüb etdi ki, bu qida ilə düşmən qoşununa necə hücum edib onun sıralarını yarıram».
Savaş adamları, adətən, bir o qədər də mərhəmətli olmurlar. Onların qəlbi qan tökdükcə bərkiyir. Amma ərəb cəngavərlərini diz üstə çökürən həzrət Əli (ə) yoxsulları və ehtiyaclıları gördükdə mum tək yumşalır, yetim körpələrlə rastlaşdıqda ağlayırdı. Bir şerdə həzrətin bu halı belə vəsf olunur:

Savaşa girəndə aslandı, şirdi,
Bir yetim görəndə ona əsirdi.


Əmirəlmöminin Əlinin (ə) şəxsiyyətini vəsf etməkdə dil və qələm acizdir.
Həzrət Peyğəmbər (s) Əliyə (ə) belə buyurur: «Məndən və səndən başqa kimsə Allahı layiq olduğu kimi tanımadı. Səni də məndən və Allahdan savay lazımınca tanıyan olmadı». («Mənaqib» 2-ci cild, səh. 51.)
Nizam adlı məşhur filosof uyğun mövzu ilə bağlı deyir: «Əmirəlmöminin haqqında danışmaq çətindir. Əgər onun haqq və məqamına uyğun tərif demək istəsək, həddi aşarıq. Əgər naqis danışsaq, kafir olarıq. Amma lətif və dəqiq bir orta hal var. Bu halın idrakı Allahın tövfiqindən asılıdır».


5673 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP