09 Mart 2018
VAR-DÖVLƏT FAYDALI OLA BİLƏRMİ?
Bəli, halal yolla qazanıb Allah yolunda sərf etmək yaxşı işdir.

Allah-təala Qurani-Kərimdə zalım varlıların aqibətini işıqlandırır. «Qəsəs» surəsinin 76-cı ayəsində buyurulur: «Həqiqətən Qarun Musa qövmündən idi. O, İsrail oğullarına qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik». Həmin surənin 79-82-ci ayələrində oxuyuruq: «Qarun öz zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: Kaş Qaruna verilən bizə də veriləydi…». Elm verilmiş kəslər isə belə dedilər: «…İman gətirib yaxşı əməl edənlər üçün Allahın mükafatı daha yaxşıdır…». Nəhayət, Qarunu sarayı ilə birlikdə yerə batırdıq… Dünən Qarunun yerində olmaq istəyənlər səhəri gün belə deyirdilər: «...Sən demə, kafirlər nicat tapmayacaqlarmış».
Allah-təala bu hədisləri buyurmaqla var-dövlətə vurulmağın mənfi nəticələrini biz insanların nəzərinə çatdırır. Bəli, halal yolla qazanıb Allah yolunda sərf etmək yaxşı işdir. Amma dünya malına könül verməyə heç bir əsas yoxdur. Dünya malı imtahan səhnəsindəki imtahan vərəqindən başqa heç bir şey deyildir. Əsas məsələ bu vərəqin necəliyi yox, bu vərəqdəki suallara necə cavab verilməkdir.