21 Mart 2018
İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilin zindanında
Ağlama, bu çətinlikdən mənə bir zərər dəyməz

Zərrafi camaatın işini həll edib oradakıları yola saldı. Ara sakitləşdikdən sonra məndən soruşdu ki, nə üçün gəlmisən, işin nədir?
Dedim: Xeyir iş üçün gəlmişəm.
— Yoxsa öz ağandan xəbər tutmağa gəlmisən?
— Ağam kimdir? Mənim ağam xəlifədir.
— Sus, həqiqət sənin ağanladır. Qorxma, mən də səninlə həmfikirəm və onu İmam bilirəm.
(Bunu eşitcək) Allaha şükr etdim. Sonra o mənə dedi: “Onu görmək istəyirsən?” Dedim ki, bəli. Dedi ki, bir az otur, qoy qasid getsin. Qasid getdikdən sonra məni xadiminə göstərərək dedi: “Bunu Əliyyən-Nəqi əleyhissəlamın saxlanıldığı otağa apar, özün isə qayıt.”
İmamın hüzuruna yetişdikdə, gördüm ki, o Həzrət bir həsirin üstündə oturub, qarşısında isə bir qəbir qazılmışdır. Salam verdim. Buyurdu ki, əyləş. Oturduqdan sonra məndən soruşdu ki, nə üçün gəlmisən? Dedim ki, gəlmişəm sizdən bir xəbər tutam. Sonra qəbrə baxıb ağladım. İmam buyurdu: “Ağlama, bu çətinlikdən mənə bir zərər dəyməz.” Allaha şükr etdim. Sonra o Həzrətdən bir hədisin mə’nası barədə soruşdum. İmam cavabımı verdikdən sonra buyurdu: “Bəsdir, dur get, qorxuram sənə bir zərər dəyə!” (Biharül-ənvar, c.50, səh.194)
Bu hadisə bir tərəfdən Mütəvəkkilin İmam Əliyyən-Nəqi əleyhissəlama qarşı təzyiqlərinin nə qədər ciddi və ağır olduğunu, digər tərəfdən isə İmamın hətta xəlifənin xüsusi və ən yaxın adamlarının da yanında nüfuz tapmasını çatdırır. Mütəvəkkil ömrünün son günlərində öz xadimi Səid ibn Hacibə əmr edir ki, İmamı öldürsün, ancaq İmam Əliyyən-Nəqi (əleyhissəlam) buyurur ki, iki gün keçməz Mütəvəkkili öldürərlər. Həqiqətən də, elə bu cür oldu. (Kəşfül-ğümmə, c.3, səh.184.)