25 Aprel 2018
Peyğəmbərin (s) sevimli səhabəsi Əbuzər nə üçün sürgün edildi?
Əbuzərdən düzgün bir kəsə səma kölgə salmadı...

Osmanla müxalifətçilikdə heç bir şəxs təmənnası olmayan Əbuzər, xəlifənin dövlət xəzinəsini öz yaxın adamlarına israfçılıqla paylaşdırmasından narazı idi. Beytül-maldan ibarət olan dövlət xəzinəsinin xərclənməsində həzrət Peyğəmbərin (s) üsullarını müdafiə edən Əbuzər, kimsəyə güzəştə getmək fikirində deyildi. Əbuzərin etirazlarından qeyzlənən xəlifə, əvvəlcə onu Şama sürgün etdi. Şamda Müaviyənin özbaşınalıqlarına qarşı çıxan Əbuzər haqqında xəlifə məktub aldı. Müaviyə yazırdı: «Əgər Şama ehtiyacın varsa, Əbuzəri geri qaytar. O burada qalsa, Şam əlindən çıxacaq».
Osmanın göstərişi ilə qəddar məmurların nəzarəti altında nəfəs dərmədən, gecə-gündüz yol gələn Əbuzər, Mədinəyə çatanda artıq xəstələnmişdi. Xəlifənin son qərarı bu oldu ki, Əbuzər Rəbəzə çölünə sürgün edilsin. Peyğəmbərin (s) susuz səhraya sürgün edilən sevimli səhabəsi, oradaca dünyasını dəyişdi.