Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2018

AŞKARDA GÜNAH ETMƏK

Üç dəstənin səadətə çatmasına ümidim yoxdur
«Nur» surəsinin 19-cu ayəsində oxuyuruq: «O kəslər ki, istəyirlər möminlər arasında əxlaqsızlıq yayıla, onları dünyada və axirətdə ağrılı bir əzab gözləyir».

Maraqlısı budur ki, əxlaqsızlığın yayılmasını istəyən şəxs də əzaba düçar olacaqdır. Bu isə məsələnin ciddi olmağını göstərir. Hər halda sağlam bir cəmiyyət qurmağın yollarından biri də, həmin cəmiyyətdə günahın qarşısını almaqdır. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin:

İslam Peyğəmbəri (s) buyurur: «Pis işlərin yaranmasına şərait yaradan şəxs o işləri görən şəxs kimidir». (Üsuli-kafi, 2-ci cild, 356-cı səh.)

Yenə o həzrət buyurur: «Yaxşı işləri gizlində görən şəxsin savabı yetmiş bərabərdir». (Üsuli-kafi, 2-ci cild, 160-cı səh.)

İmam Sadiq (ə) buyurur:
«Biz Əhli-beytin haqqını tanıyan şəxslərin nicat tapmasına ümidim var. Lakin bunların arasında üç dəstənin səadətə çatmasına ümidim yoxdur. Bu üç dəstə bunlardan ibarətdir:

1- Zalım padşah (prezident).
2- Öz nəfsinin istəklərinə qulluq edən şəxs.
3- Aşkarda günah edən şəxs.

O həzrət başqa bir hədisdə buyurur: «Aşkarda günah edən şəxsin heç bir hörməti yoxdur. Onun qeybətini etmək də haram deyil». (Səfinətül-bihar, 1-ci cild, 361-ci səh.)
(Yəni həmin şəxsin aşkarda etdiyi günah barədə edilən qeybət haram deyil.)

İslam Peyğəmbəri (s) buyurur:
«İlahi! Hiyləgər dostdan Sənə pənah aparıram. Çünki belə dost mənim yaxşı işlərimi gizlədər, pis işlərimi isə yayar». (Nəhcül-fəsahə, 101-ci səh.)

İmam Əli (ə) buyurur: «Günahkar adamlar öz günahlarına bəhanə gətirmək üçün başqalarının eyblərini faş edirlər». (Fehresti-ğürər, 288-ci səh.)

Fiqh elmində də aşkarda günah edən şəxslə gizlində günah edən şəxsin arasında fərq qoyulur.

İslam dinində cəza təyin olunan günahları edən şəxs müsəlman olmasa da, cəzalanmalıdır.

Bu bəhsin sonunda İmam Əlidən (ə) bir hədisə diqqət yetirin:
İmam (ə) buyurur:
«Camaatın ən pisi o adamdır ki, başqasının səhvinə qarşı güzəşti olmaya və eybləri örtməyə». (Qürərül-hikəm, 1-ci cild, 446 səh.)


5126 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP