25 May 2014

Qəlbin daşlığında uzun-uzadı arzuların rolu

Qəlbin daşlığında və qaralığında uzun-uzadı arzuların rolu

Bütün peyğəmbərlər Allahın xüsusi diqqətindən bəhrələnmiş, ən ali ilahi kamilliyə çatdıqlarından Allah bəndələrinin üstünü sayılmışlar. Amma hər bir peyğəmbərin o biriləri ilə müqayisədə müəyyən imtiyazları var. Onlar bu imtiyazları ilə tanınırlar. Məsələn, həzrət Musa “Kəlimullah” məqamına çatmışdır. O Tur dağında Allahın danışığını eşidirdi. Bu səbəbdən də onu “Kəlimullah”, yəni Allahın həmsöhbəti adlandırmışlar. Quranda oxuyuruq: “Allah Musa ilə aşkara danışdı.” (“Nisa”, 164)
Bu uca mərtəbəli peyğəmbər elə bir məqama yüksəlmişdi ki, Tur dağında öz məbudu ilə xəlvəti söhbətləşirdi. Xüsusi və ilahi söhbətlərdən birində Allah Musadan uzun-uzadı arzulara yer verməməsini istəyir. Musanın nəzərinə çatdırılır ki, uzun-uzadı arzular qəlbi daşlaşdırır, nəticədə insan ilahi mərhəmətdən mərhum olur.
Bu qəbil rəvayətlərin aydınlaşması üçün “qəlb və qəlbin daşlaşması nədir” sualına cavab verməliyik. Bu təbirlər anlaşıldıqdan sonra uzun-uzadı arzuların qəlbə təsirindən danışmaq olar.

Qəlb və dini təlimlərdə onun rolu

«Qəlb» sözü ayə və rəvayətlərdə tez-tez işlədilən sözlərdəndir. Bu söz gündəlik dilə də həmin mənbələrdən keçmişdir. Əlbəttə ki, hazırkı rəvayətlərdə “qəlb” dedikdə insanın köksündəki sənubər şəkilli maddi üz nəzərdə tutulmur. Dini təlimlərdə düşüncə və hisslərin mərkəzi kimi fəaliyyət göstərən həqiqət qəlb adlanır. Quran qəlbin iki xüsusiyyətini qeyd edir. Birinci xüsusiyyət onun qazanılma və verilmə (hüsuli və hüzuri) elmlərdən xəbərdarlığıdır. İkinci xüsusiyyət meyllər və hisslərdir. Quran birinci xüsusiyyətlə bağlı buyurur: “Yer üzündə gəzmədilərmi ki, həqiqəti dərk edəcək qəlbləri olsun?!” (“Həcc”, 46) İkinci xüsusiyyətlə bağlı buyurulur: “Möminlər Allah yada salındıqda qəlbləri qorxan kəslərdir.” (“Ənfal”, 2)
Quranda rastlaşdığımız “fuad” sözü də qəlb mənasında işlədilir. Buna görə də qazanılma və verilmə elmlər, meyllər və hisslər ona aid edilir. Allah-təala qəlbin müxtəlif biliklər üçün mənşə olduğunu qeyd edir: “Qəlb gördüyünü inkar etmədi.” (“Nəcm”, 11)
Şübhəsiz, ayədə hisslərlə görmək mənası nəzərdə tutulur. Qəlb mənəvi bir məfhum olduğundan onun görməsi də mənəvidir.

Quranda qəlbin çaşqınlığı və daşlaşması mövzuları

Quran baxımından qəlb insan ruhundan ibarətdir. O da ruh kimi qavrayışlara, hisslərə, meyllərə malikdir. O fitrətlə eyni yol tutduqda Allaha iman mərkəzi olur, həqiqətə yönəlir, qaranlıq və pasdan təmizlənir. Quranda buyurulur: “Kim Allaha iman gətirsə, Allah onun qəlbini hidayət edər.” (“Təğabun”, 11) Amma Allaha imandan xali qəlb istər qavrayış, istər meyl baxımından bəlaya düçar olur. Quran bir çox ayələrdə yuxarıda qeyd olunan istiqamətlərdə qəlbin çaşqınlığını yada salır. Qavrayışlarla bağlı qəlbin azğınlığı haqqında buyurulur: “Öz nəfs istəyini məbud seçən, Allahın elmi üstündən azdırdığı, qulağına və qəlbinə möhür vurduğu, gözünə pərdə çəkdiyi şəxsi gördünmü? Kimdir Allahdan sonra yol göstərən? Öyüd götürmürsünüz?” (“Casiyə”, 23) Başqa bir ayədə oxuyuruq: “Allah onların qəlblərinə və qulaqlarına möhür vurub, gözlərinə pərdə çəkib. Onlar üçün böyük əzab var.” (“Bəqərə”, 7)
Ayələrdən birində inadkarlıq və itaətsizlik nəticəsində hidayətdən məhrum olmuş xəstə qəlb həqiqət qapıları üzünə bağlanmış, bəsirətdən məhrum, cəhalətə üz tutmuş kora bənzədilir: “Onların gözü yox, sinələrindəki qəlbləri kordur.” (“Həcc”, 46) Başqa bir ayədə oxuyuruq: “Elə ki, əyri yola düşdülər, Allah da onların qəlblərini döndərdi.” (“Səff”, 5)
Ayələrdə müxtəlif meyllərlə bağlı qəlbin azğınlıqları haqqında deyilir: “Allah birliyi ilə yada salındıqda axirətə inanmayanların qəlbləri pərişan olur, Allahdan qeyrisi yada salındıqda dərhal sevinirlər.” (“Zumər”, 45) Bəni-İsrail məzəmmət olunarkən deyilir: “Bundan sonra qəlbləriniz daş kimi, ya daha bərk daşlaşdı. Həqiqətən, bəzi daşlardan çeşmə çıxar, onlardan bəziləri parçalanar və su axar, bəziləri isə Allah qorxusundan yuvarlanar.” (“Bəqərə”, 74)
Bu ayədə qəlbin bərkliyi onun azğınlıq nəticəsi kimi zikr olunur. “Qəsavət” sözü bərklik, nüfuzedilməzlik mənasını bildirir. Bəzən deyirlər ki, qəlb mərhəmətli, yumşaq və kövrəkdir. “Qəsavət” sözü isə sadalanan mənalara zidd məna bildirir. Mərhəmətdən, Allah qorxusundan xali qəlb qəsavətli sayılır. Belə bir qəlb daş kimi nüfuzedilməzdir. Qəsavət qəlbi daşdan da bərk edir. Qəlbi qəsavətli insanı başqalarının dərdi narahat etmir, belə biri kimsənin halına yanmır. Qəsavət səbəbindən moizə-nəsihət qəlbə təsir göstərə bilmir, insanın gözünün yaşı quruyur.

Nur-az.com


5291 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP