28 May 2014

Allah-Taalanın zatını dərk etmək mümkündürmü?

Sual: Varlıq aləminin yaradıcısının zatı məhduddur, yoxsa qeyri-məhdud? Bundan əlavə, öz vəzifələrimizə münasibətdə ağıl və düşüncəmiz məhduddur, yoxsa yox? Görən məhdud bir vücud qeyri-məhdud vücudun necəliyini dərk edə bilərmi?
Cavab: Uyğun sual və şübhələrin cavabında əziz oxucuların diqqətini bir neçə məsələyə yönəldirik.
Allahşünaslıq və Allahın sifətləri bəhslərində sübut olunmuşdur ki, Allah-təala “nəhayətsizlikdə nəhayətsiz” bir vücuddur. Yə’ni O bütün baxımlardan sonsuz və qeyri-məhduddur. Həm vücud, həm elm və qüdrət, həm zaman və məkan baxımından məhdud deyil. Allahın olmadığı zaman və məkan mövcud deyildir. Allahın bilmədiyi həqiqət, görə bilmədiyi iş yoxdur.
Beləcə, Allah-təala varlıq aləmində mütləq, qeyri-məhdud və sonsuz bir varlıqdır. Bu məsələ Allahın sifətləri ilə bağlı bütün bəhslərin əsası sayılır. Alimlər Allah-təalanın bir çox sifətlərini həmin bu əsasa istinad etməklə sübuta yetirmişlər.
Allahın vücudundan savay varlıq aləmindəki bütün şeylər məhduddur. Bu məhdudluq həm zaman və məkan, həm də digər cəhətlərdən ola bilər.
Aydın məsələdir ki, məhdud bir vücud qeyri-məhdud bir vücudu heç zaman dərk edə bilməz. Ona görə də qeyd olunur ki, Allah-təalanın müqəddəs zatının dərki bəşəriyyət üçün qeyri-mümkündür. Biz həmin varlıq haqqında müəyyən mə’lumatlara malikik. Bilirik ki, O var, elm və qüdrət sahibidir və bütün kamal sifətlərinə malikdir. Amma Onun varlığının elm və qüdrət xüsusiyyətlərindən xəbərsizik. Bizim üçün təkcə Onun zatı yox, həm də ətrafımızdakı bir çox həqiqətlər məchuldur. Hələ ki, bəşəriyyət həyat və yaşayışın mahiyyətini dərk etməmişdir. Bir çox mövcudların mahiyyəti bizim üçün qaranlıqdır. Biz bu varlıqları yalnız onların xüsusiyyətlərinə görə tanıyırıq. Varlıq aləmindəki bütün mövcudların mahiyyətinin dərk olunmasını məhdud bəşəriyyətdən gözləmək yersizdir.
Əslində bizim düşüncə səviyyəmiz bir cam, Allahın qeyri-məhdud zatı isə bir okean kimidir. Məgər okeanı cama yerləşdirmək olarmı?!
Heç bir vücud öz mühitini dərk edə bilməz. Məgər bətndəki körpə öz anası haqqında düzgün təsəvvürə malik ola bilərmi?! Əlbəttə ki, yox! Onların hər ikisi məhdud da olsa, biri “muhat” (mühitdə olan), o birisi isə mühitdir. Təbii ki, qeyri-məhdud Allahın zatının dərk olunmasını məhdud insandan gözləməyə dəyməz.

Nur-az.com


5390 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP